RU

NATO dövləti nüvə silahına malik yeni hərbi alyans yaradır: İslam ölkələri böyük savaşın hazırlığına niyə başladılar

ain.az, Turkstan.az saytına istinadən bildirir.

Yaxın Şərqdə artan hərbi gərginlik və daha genişmiqyaslı qarşıdurma təhlükəsi yeni alyans ilə bağlı təşəbbüsləri daha da aktuallaşdırır... Bu isə bəzi İslam dünyası dövlətlərinin ilk dəfə olaraq, daha sistemli və strukturlaşmış təhlükəsizlik platforması qurmağa çalışdığını göstərir...

Yaxın Şərqdə hərbi əməliyyatların nəzarətdən çıxma ehtimalı qlobal savaş təhlükəsini də ciddi şəkildə artırır. Ona görə də, İslam dünyasının bəzi avanqard dövlətləri NATO modelinə yaxın yeni təhlükəsizlik arxitekturasına ehtiyac duyduqlarını artıq qətiyyən gizlətmirlər. Və bu baxımdan, yaxın gələcəkdə İslam dünyasının NATO prinsiplərinə uyğun hərbi-siyasi alyansının yarana biləcəyi istisna deyil.

Məsələ ondadır ki, müasir dünya nizamı sürətlə dəyişir və bu, getdikcə daha təhlükəli xarakter almağa başlayır. Böyük güclər arasında dərinləşən hərbi-siysasi qarşıdurmalar, xüsusilə də ABŞ, İsrail və İran arasında artan silahlı toqquşmalar qlobal miqyasda genişmiqyaslı münaqişə ehtimalını artırır. Belə bir şəraitdə regional güclərin də öz təhlükəsizlik mexanizmlərini formalaşdırmaq cəhdləri artıq siyasi seçim deyil, məhz strateji zərurət kimi ön plana çıxır.

Onu da qeyd etmək lazımdır ki, son vaxtlar Türkiyə, Səudiyyə Ərəbistanı, Misir və Pakistan xarici işlər nazirlərinin əvvəlcə Ər-Riyadda, daha sonra isə İslamabadda görüşləri bu baxımdan, xüsusi önəm daşıyır. Çünki bu danışıqların gündəliyinə formal siyasi-diplomatik müzakirələrdən daha geniş məna daşıyan taleyüklü mövzular daxildir. Belə ki, bu görüşlərdə İslam dünyasında NATO tipli, ancaq daha elastik və regional maraqlara uyğun təhlükəsizlik platformasının yaradılması istiqamətində ilk ciddi addımların atılması ətrafında fikir mübadiləsi aparılır.

NATO uzun illərdən bəridir ki, kollektiv müdafiə prinsipi əsasında fəaliyyət göstərən ən güclü hərbi-siyasi ittifaqlardan biri hesab olunur. Bununla belə, bu alyansın birmənalı şəkildə əsasən Qərb dünyasının geopolitik maraqları çərçivəsində hərəkət etməsi inkaredilməz reallıqdır. Və NATO-nun regiondankənar müdaxilələrdə aktiv rol alması bir çox dövlətlərdə alternativ təhlükəsizlik modellərinə marağı artırıb.

Ancaq İslam ölkələrinin müzakirə etdiyi yeni hərbi alyans formatı isə klassik hərbi bloklardan fərqli olaraq, daha çevik və çoxşaxəli əməkdaşlıq mexanizmi kimi formalaşa bilər. Bu mümkün hərbi ittifaqın əsas iştirakçıları ola biləcək Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misir müxtəlif sahələr üzrə bir-birini tamamlayan strateji üstünlüklərə malikdir.

Belə ki, Türkiyə inkişaf etmiş hərbi müdafiə sənayesi və hərbi texnoloji imkanları ilə seçilir. Pakistan nüvə silahına malik yeganə müsəlman dövləti olaraq, hərbi balansda xüsusi yer tutur. Səudiyyə Ərəbistanı böyük maliyyə və enerji resursları ilə bu yeni hərbi strukturu maliyyələşdirə biləcək gücdədir. Misir isə regionun ən böyük ordularından birinə sahib olmaqla, öz önəmli hərbi potensialı ilə diqqəti çəkir.

Təbii ki, bütün bu önəmli strateji faktorların vahid hərbi alyansda birləşməsi isə yeni bir güc mərkəzinin formalaşması üçün olduqca ciddi zəmin yaradır. Üstəlik, mövcud geopolitik reallıqda diqqət çəkən əsas tendensiyalardan biri də məhz “strateji avtonomiya” anlayışının güclənməsidir. Yəni, dünya dövlətləri getdikcə artıq daha çox müstəqil təhlükəsizlik siyasəti yürütməyə və yalnız bir güc mərkəzindən asılı qalmamağa çalışırlar.

Ona görə də, indi bu baxımdan, Türkiyənin yeni hərbi-siyasi alyansın yaradılmasındakı rolu xüsusilə önəmlidir. Çünki rəsmi Ankara hazırda bir tərəfdən NATO üzvü olaraq qalır. Digər tərəfdən isə Türkiyə alternativ təhlükəsizlik platformalarının qurulmasına birbaşa təşəbbüs göstərir. Və bu, yaxın gələcəkdə qlobal təhlükəsizlik sisteminin daha çox regional hərbi bloklar üzərində qurula biləcəyinin ilkin əlaməti kimi də qiymətləndirilə bilər.

Məsələ ondadır ki, məhz Yaxın Şərqdə artan hərbi gərginlik, yeni alyans ilə bağlı bu təşəbbüsləri daha da aktuallaşdırır. Belə ki, əgər regionda genişmiqyaslı qarşıdurma baş verərsə, bu dördtərəfli hərbi mexanizm yalnız siyasi koordinasiya ilə kifayətlənməyərək, həm də təhlükəsizlik və sabitlik baxımından da müəyyən qədər bloklayıcı rol oynaya bilər. Bu isə İslam dünyasının ilk dəfə olaraq, daha sistemli və strukturlaşmış təhlükəsizlik konsepsiyası formalaşdırmağa çalışdığını göstərir.

Göründüyü kimi, qlobal sistemin çoxqütblü və qeyri-sabit xarakter aldığı bir dövrdə Türkiyə, Səudiyyə Ərəbistanı, Misir və Pakistan arasında müzakirə olunan təhlükəsizlik təşəbbüsü yalnız regional əməkdaşlıq layihəsi deyil. Yəni, bu eyni zamanda həm də məhz yeni dünya düzəninin formalaşmasının tərkib hissəsidir.

Əgər bu yaxınlaşma prosesi növbəti mərhələdə daha davamlı və strukturlaşdırılmış xarakter alarsa, onda yaxın gələcəkdə yeni İslam dünyasında da NATO-ya bənzər hərbi-siyasi alyansın yaradılması reallığa çevrilə bilər. Ancaq bu yeni hərbi alyansın daha müstəqil və çevik bir müdafiə sisteminə çevrilə biləcəyi ilə bağlı ehtimal olduqca real görünür. Bu isə qlobal təhlükəsizlik arxitekturasında yeni və həlledici mərhələnin artıq başlanmaq üzrə olduğunu təxmin etməyə tamamilə əsas verir.

Elçin XALİDBƏYLİ,

Siyasi ekspert,

"Yeni Müsavat" Media Qrupu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
5
45
icma.az

10Источники