RU

SSRİ böyük İİR idi, İİR kiçik SSRİ dir biri Qərblə toqquşdu, çökdü, o biri indi toqquşur

ain.az, Hurriyyet portalına istinadən məlumat yayır.

İranın (İran İslam Respublikası - İİR) indiki durumu bir baxımdan SSRİ adlanan rus dövlətinin dağılmağa başladığı zamanlardakı vəziyyətini xatırladır: ətalət, yıpranma, mənasız inadkarlıq, uğursuz diplomatiya, irrasional qərarlar və s.

Bunlardan başqa da bu iki dövlətin yaranışı, ömrü, aqibəti arasında xeyli oxşarlıqlar var.

Həm SSRİ, həm də İİR inqilab əsəri idi. Ona görə də inqilabdan sonra hər ikisində inqilabçıların bir xeyli hissəsi güdaza getdi. Adamlar öz əlləri ilə öz cəlladlarının əlinə balta verdilər. (Ümumiyyətlə, bu, yakobinçi Robespyerin dönəmindən qalma “adət”dir).

SSRİ kommunizm-sosializm-bərabərlik ideologiyasının əsasında qurulmuşdu, İİR ümmətçilik-bərabərlik əsasında bərqərardır. 

SSRİ öz ideologiyası ilə imperiyaya daxil olan başqa xalqları tovlayırdı, alt qatda gizli şəkildə rus millətçiliyinin təməli üzərindədydi. Düşüncə beləydi: “Biz rusca danışan sovet xalqıyıq”. Rus ədəbiyyatı, rus mədəniyyəti, rus düşüncə tərzi dominant idi.

İran isə fars millətçiliyinə dayanır və başqa xalqların milli dəyərlrini buxavlayır. “Hamımız müsəlmanq, şiəyik, amma hamımız fars dilində danışmalıyıq, fars mədəniyyətini yaşatmalıyıq”. Farsçılıq dominantdır.

Ona görə də bu iki dövlətin ikisini də “xalqlar həbsxanası” adlandıranlar səhv etmirlər. SSRİ irili-xırdalı 100-dən artıq xalqın, etnik qrupun türməsiydi və onları yaxın, uzaq perspektivdə tədricən assimilyasiya edərək rus millətinə qatmaq istəyirdi. (Moskva buna böyük ölçüdə nail olub – federasiyada öz dilini bolməyən onlarla xalq var artıq).

İran 10-dan artıq xalqın zindanıdır və onlara öz dillərində yazmaq-oxumaq izni verməməklə, milli bayramlarını, dəyərlərini yasaqlamaqla tədrici assimilyasiyaya məruz qoyur. Tarixi təcrübə göstərir ki, bir millət öz dilini unudursa, milli kimliyini də itirir və dilini danışdığı xalqın bir qrupuna çevrilir.

SSRİ totalitarizm yuvasıydı, yadfikirlilik qadağan idi, hamı ya kompartiya üzvü, ya da kompartiya tərəfdarı olmalıydı, sovet quruluşunu tərənnüm etməliydi, hamı iməcliyə, 7 Noyabr, 1 May paradlarına çıxmalıydı.

İran dini totalitarizm yuvasıdır, hamı mömin olmalıdır, hamı namaz qılmalı, oruc tutmalıdır, ölkə tarixinin əlamətdar günlərində hamı meydanalara toplanmalıdır, hamı “qədim İran dövlətçiliyi”ni öyməlidir.

SSRİ-də dövlətin ali rəhbərliyi vəzifə başında ölənə qədər qalmalıydılar. İİR də də ali rəhbəri ömürlük seçirlər.

Repressiya, kütləvi cəzalandırma, xroniki edamlar məsələsində də bu iki dövlət bir-birinin tayıdır. SSRİ-dəki repressiyalar dillər əzbəridir, geniş danışmağa ehtiyac yoxdur. İİR də inqilabın ilk illərində qaça bilməyən şah məmurlarına, dövlət qulluqçularına qarşı kütləvi şəkildə bənzər aktlar həyata keçirib.

Sovet dövründə dövlətə, hökumətə qarşı bir söz deyən, hərəkət edənlərin cəzası ölüm idi. İranda hələ də elədir. Kütləvi aksiyalar SSRİ dövründə amansızlıqla gülləboran ediliirdi, İİR həmin “ənənə”yə indi də sadiqdir.

SSRİ öz xarici siyasətinə necə aqressiv idisə, İİR də elədir. SSRİ öz “inqilab”ını yaxln və uzaq dövlətlərə ixrac etmək işinə böyük vaxt, enerji, maliyyə sərf edirdi, dünənə qədər İran da qonşu dövlətlərə “yaşıl inqilab” ixrac etmək, oralarda “şəriət rejimi” bərqərar etmək niyyətindəydi.

Moskva bu məqsədlə qonşu və qeyri-qonşu ölkələrdə geniş casus şəbəkəsi yaradır, silahlı üsyana qalxmış qruplara hərbi dəstək verir, onları hakimiyyətə gətirməyə çalışırdı. Şimali Koreya, Kuba, Vyetnam, Kamboca, Nikaraqua, Əfqanıstan, Laos və digər ölkələr SSRİ-nin pulu və silahı ilə yaşayırdılar.

İran eyni şeyi İraq, Suriya, Yəməndə etmək istəyirdi və bu yolda milyardlar xərcləyirdi. Fəqət ona mane olan əsas faktor şiə məzhəbçiliyi siyasəti yeritməsi idi. Sünniliyə etiqad edən ölkələr İran şiəçiliyini yaxın buraxmırdılar.

SSRİ yaranışının ilk günündən Qərbi öz düşməni elan etmişdi, Qərb dəyərlərini kökündən inkar edirdi, hətta Qərbdə dəbdə olan geyimin, musiqinin, saç düzümünün təqlid edilməsini yasaqlayırdı.

İİR də eyni şeyi edir, Qərbdəki “haram şeylər”in ölkəyə gəlməməsinin, gətirilməməsinin qayğısına qalır, ancaq işlərinə gələndə (məsələn, texnoloji yeniliklər) silsilə istisnalar edir.

SSRİ-nin süqutuna səbəb olan ən ciddi amilin ABŞ ilə qarşıdurması və amansız rəqabətə girişməsinin olduğu sirr deyil. İİR də öz nəsibini məhz həmin rəqabət və qarşıdurmaya görə almaqdadır. SSRİ-yə yanaşmasından fərqli olaraq ABŞ İİR-i birbaşa zərbələrlə vurub çökdürmək əzmindədir.

SSRİ-nin ən qüdrətli vaxtında onun Qərbdə “terrorçu dövlət” elan edilməsi boşuna deyildi. Çünki SSRİ rəhbərliyi xarici dövlətlərdə terror aktları həyata keçirmək, arzuedilməz şəxsləri aradan götürmək xüsusunda yüzlərlə göstəriş vermişdi. Məsələn, Lev Trotski, Stepan Bandera, Lev Rebet, Valter Krivitski, Georgi Markov və başqaları bu qəbildəndir.

İran isə şah dövrünün sonuncu baş naziri Şapur Bəxtiyardan tutmuş ta günümüzə qədər xarici dövlətlərdə yaşayan “arzuedilməz şəxsləri” aradan götürtdürüb. Onların sırasında azərbaycanlı akademik Ziya Bünyadov, yazıçı Rafiq Tağı da var. İki il öncə isə azərbaycanlı deputat Fazil Mustafa İran hakimiyyəti tərəfindən sanksiyalaşdırılmış terror aktında ağır yaralanaraq sağ qurtuldu.

Bir sözlə, SSRİ böyük İİR idi, İİR isə kiçik SSRİ-dir.

SSRİ və onun varisi Rusiyanın totemi ayıdır, İranın totemi isə şirdir. Bu iki dövlətin hər ikisinin toteminin amansız yırtıcı olması təsadüfi deyil, onların ətrafa hansı obrazda görünmək istəmələrinin ifadəsidir.

Musavat.com

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
5
1
hurriyyet.az

10Источники