Yaxın Şərqdə geosiyasi gərginliyin artması və Hörmüz boğazı üzərindən daşımaların pozulması qlobal gübrə tədarük zəncirində texniki və logistik dəyişikliklərə səbəb olur. ABŞ və İsrailin İrana qarşı hücumları, Tehranın cavab addımları ilə müşayiət olunan eskalasiya dünyanın ən strateji enerji və ticarət keçidlərindən biri olan Hörmüz boğazının faktiki olaraq daşımalar üçün bağlanmasına gətirib çıxarıb. Bu vəziyyət qlobal kənd təsərrüfatının ən kritik istehsal resurslarından biri olan gübrə tədarükünü ciddi şəkildə məhdudlaşdırıb.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bölgədə tanker trafikinə təxminən 90 faiz azalma qeydə alındığını bildirərək, bunun qlobal ərzaq təhlükəsizliyi üçün “sistematik şok” yaratdığı barədə xəbərdarlıq edib. Enerji təchizatındakı daralma və logistik blokada gübrə zavodlarını bir-bir istehsalı dayandırmağa məcbur edir, sürətlə artan xərclər isə dünya üzrə yeni və daha sərt ərzaq inflyasiyası dalğasını gücləndirir.
Gübrə qiymətləri istehsal xərclərinin 80–90 faizini təşkil edən təbii qaz qiymətlərindən birbaşa asılıdır. Münaqişə dövrlərində enerji qiymətlərinin artması kənd təsərrüfatı məhsuldarlığı və qlobal ərzaq təchizatı üçün ciddi risklər yaradır. Hörmüz boğazındakı problemlər və Qətərdə enerji infrastrukturuna hücumlar istehsal prosesində intensiv təbii qaz istifadə edən gübrə sənayesini birbaşa təsirləndirib. Körfəz regionunda qaz tədarük zəncirində yaranan pozulma xammal çıxışını məhdudlaşdıraraq zavodları əməliyyat dəyişikliklərinə məcbur edib.
Qətərin dövlət enerji şirkəti QatarEnergy LNG obyektlərindəki vəziyyətlə əlaqədar qaz istehsalını dayandırdığını, qlobal tələbatın təxminən 14 faizini təmin edən karbamid zavodunda da istehsalın müvəqqəti dayandırıldığını açıqlayıb. Bu fasilə domino effekti yaradaraq Hindistanda 3, Banqladeşdə isə 4 strateji gübrə zavodunun fəaliyyətini dayandırmasına səbəb olub.
Əmtəə bazarları pozulan təklif-tələb balansına qiymət artımı ilə reaksiya verib. Fevralın 27-də ton başına 482 dollar olan Yaxın Şərq mənşəli karbamid qiymətləri martın sonuna doğru təxminən 56 faiz artaraq 750 dollara yüksəlib. Analitiklər böhranın davam edəcəyi təqdirdə azotlu gübrələrin qiymətinin mövcud səviyyədən iki dəfə artacağını, fosfat gübrələrinin isə 50 faizdən çox bahalaşa biləcəyini bildirir. Bu vəziyyət artıq yüksək istehsal xərcləri ilə üzləşən qlobal kənd təsərrüfatı sektoru üçün idarəolunmaz maliyyə yükü yaradır.
Kpler, CRU və Argus məlumatlarına əsasən, qlobal gübrə tədarük zəncirinin mərkəzi sayılan Yaxın Şərqdə böhran dərinləşir. Hörmüz boğazında daşımaların məhdudlaşdırılması qlobal gübrə tədarükündə təxminən 33 faizlik daralma yaradır. Regiondan illik 22 milyon ton karbamid ixracı demək olar ki, dayanma nöqtəsinə gəlib. Qlobal karbamid təklifinin təxminən 46 faizinin Körfəz regionundan təmin olunması riskləri daha da artırır.
Ümumi gübrə tədarükünün 20 faizinin Körfəz mənşəli olması və bu axının Hörmüz boğazından keçməsi bu dar boğazda yaranan tıxanmanın qlobal ticarətin üçdə birini iflic etmək potensialını ortaya qoyur. Yalnız məhdud sayda bayraq altında üzən gəmilərin keçidinə icazə verilməsi logistik xərcləri və daşınma müddətlərini birbaşa artırır.
Şimal yarımkürəsində fevral ortasından mayın əvvəlinə qədər davam edən və kənd təsərrüfatı istehsalını müəyyən edən yaz əkin mövsümü məhz bu böhranla üst-üstə düşür. ABŞ-da gübrə ehtiyatlarının mövsümi ortalamadan 25 faiz aşağı düşməsi fermerləri çətin maliyyə qərarı qarşısında qoyur. İstehsalçılar ya yüksək qiymətlərlə riskli tədarükə razılaşmalı, ya da gübrə istifadəsini azaltmaqla məhsuldarlıq itkisini qəbul etməlidir. Hər iki ssenari qlobal ərzaq qiymətlərinə yuxarı yönlü təzyiq yaradır və ərzaq təklifinin daralmasına səbəb olur.
2022-ci ildə başlayan Rusiya–Ukrayna müharibəsi ilə zəifləyən qlobal tədarük zənciri Hörmüz boğazındakı məhdudiyyətlərlə yeni kritik mərhələyə çatır. Düyü, buğda, qarğıdalı və soya kimi əsas məhsullarda mümkün məhsuldarlıq azalması idxaldan asılı ölkələrdə yerli ərzaq böhranlarını gücləndirir və qlobal ərzaq təhlükəsizliyini uzunmüddətli qeyri-sabitliyə sürükləyə bilər.
Böhrandan ən çox təsirlənən aktorların qlobal ərzaq istehsalının əsas mərkəzləri olması diqqət çəkir. Hindistan gübrə ehtiyacının 40 faizdən çoxunu bu regiondan qarşılayır. Dünya soya təklifinin 60 faizini təmin edən Braziliya isə gübrə tədarükünün yarısı üçün logistik olaraq Hörmüz marşrutundan asılıdır.
Banqladeşdə dövlətə məxsus böyük gübrə zavodlarının enerji ehtiyatlarının qorunması məqsədilə dayandırılması ölkənin ərzaq təhlükəsizliyinə ciddi təhdid yaradır. Təxminən 170 milyon əhalisi olan ölkədə əsas “boro” düyü mövsümü gübrə çatışmazlığı səbəbindən risk altına düşür. Enerji rasionallaşdırmasının kənd təsərrüfatı məhsuldarlığına mənfi təsir göstərəcəyi ehtimal edilir.
Afrika qitəsində, xüsusilə Somali, Keniya və Sudan kimi idxaldan asılı ölkələrdə ərzaq təhlükəsizliyi riskinin daha da dərinləşəcəyi gözlənilir. Qlobal gübrə tədarük zəncirindəki pozuntular regionda kənd təsərrüfatı məhsuldarlığını azaldaraq mövcud humanitar böhranları gücləndirə bilər.
FAO-nun baş iqtisadçısı Maksimo Torero Hörmüz boğazındakı problemlərin qlobal ərzaq təhlükəsizliyi üçün “sistematik şok” yaratdığını bildirib. Onun sözlərinə görə, bölgədə tanker trafikinə 90 faiz azalma yalnız enerji bazarını deyil, qlobal kənd təsərrüfatı istehsal zəncirini də iflic edir. Torero qeyd edib ki, münaqişə bu gün başa çatsa belə, bazarın sabitləşməsi üçün 2–3 ay vaxt tələb oluna bilər.
FAO proqnozlarına görə, böhran davam edərsə, 2026-cı ilin ilk yarısında gübrə xərcləri orta hesabla 20 faiz daha yüksək olacaq. Yüksək gübrə və yanacaq qiymətləri fermerlər üçün “ikiqat şok” yaradır və gübrə istifadəsinin azalması buğda, düyü və qarğıdalı məhsuldarlığında ciddi enişə səbəb ola bilər.
Mineral gübrələrin müasir kənd təsərrüfatında oynadığı rol böhranın miqyasını daha da artırır. Araşdırmalara görə, dünya əhalisinin təxminən 48 faizi qida ehtiyacını mineral gübrələr hesabına artan məhsuldarlıq sayəsində təmin edir. Bu isə tədarük zəncirindəki hər hansı pozuntunun birbaşa qlobal ərzaq böhranına çevrilə biləcəyini göstərir.
Qlobal bazarda daralma Rusiya və Çinin ixrac məhdudiyyətləri ilə daha da güclənir. Rusiya ammonium nitrat ixracını müvəqqəti dayandırıb və azotlu gübrələr üzrə əlavə məhdudiyyətlərin mümkünlüyünü açıqlayıb. Qlobal təklifin 28 faizini təmin edən Çin isə azot-kalium qarışıqları və bəzi fosfat gübrələrinin ixracını dayandırıb.
Bu addımlar böyük istehsalçıların daxili bazarı qoruma strategiyasına keçdiyini göstərir. Gübrə qiymətlərinin böhran öncəsi dövrlə müqayisədə 56 faiz artması qlobal ərzaq sistemini yeni qırılma nöqtəsinə gətirir. Enerji, logistika və gübrə bazarlarının paralel şəkildə sarsılması qlobal ərzaq təhlükəsizliyi üçün uzunmüddətli strateji risk formalaşdırır.
Hazırladı:
S.ELAY
XQ