RU

İrandan Yaxın Şərq ölkələrinə yeni ittifaq çağırışı Reallaşa bilərmi?

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran Yaxın Şərq ölkələrinə yeni bir regional ittifaq qurmaq çağırışı edib və bu prosesə qoşulmağa hazır olduğunu açıqlayıb. Tehran bəyan edib ki, artıq bölgədə təhlükəsizlik və hərbi əməkdaşlıq ABŞ və İsrail olmadan formalaşdırılmalıdır.

Mövcud gərginlik və qarşıdurmalar belə bir ittifaqın formalaşmasına nə dərəcədə imkan verir? Belə bir ittifaqın formalaşması Azərbaycanın regional siyasətinə və təhlükəsizlik balansına necə təsir göstərə bilər?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, İran Yaxın Şərqdə bu təşəbbüsü irəli sürür, lakin hansı ideya ətrafında birləşməyi təklif etdiyi sual doğurur. Məsələn, ABŞ vaxtilə müsəlman ölkələrini İrandan gözlənilən təhlükəyə qarşı birləşməyə çağırır və onların təhlükəsizlik sistemini də məhz bu ideya əsasında qururdu. Yəni bu sistem İrandan gələn təhdidlərə qarşı formalaşdırılmışdı.

“Bəs İran Yaxın Şərq ölkələri ilə kimə qarşı ittifaq qurmağı təklif edir? İsrailə, yoxsa ABŞ-a qarşı? İranın irəli sürdüyü bu təklif reallıqdan uzaq görünür. Çünki İran regionda müttəfiqlik və ya blok yarada biləcəyi ölkələrin demək olar ki, hamısının ərazisinə raket zərbələri endirib. Təkcə ABŞ-ın hərbi bazalarını deyil, eyni zamanda mülki obyektləri də hədəfə alıb. Bu isə Tehran hakimiyyətinin həmin ölkələrin ərazi bütövlüyünü və suverenliyini pozduğunu göstərir. Bununla belə, həmin ölkələr tərəfindən, ABŞ istisna olmaqla - İrana qarşı hərbi əməliyyatlar həyata keçirilməyib. Bu baxımdan Tehran hakimiyyəti ilə region ölkələri arasında ciddi anlaşılmazlıqlar mövcuddur”, - deyə, o, bildirir. 

Politoloq qeyd edib ki, digər tərəfdən, məsələn, İraq və Suriyada İran yönlü qüvvələr hər iki ölkənin təhlükəsizliyinə təhdid yaradır: “Bu şəraitdə İraq və Suriyanın İranla eyni strateji müttəfiqlikdə olması real görünmür. Türkiyə ilə İran arasında da müttəfiqlik ehtimalı çox zəifdir. Çünki Türkiyənin strateji tərəfdaşlığı NATO ölkələri ilədir və NATO ilə İran arasında ciddi ziddiyyətlər mövcuddur. Pakistan və Əfqanıstanla münasibətlərdə də oxşar problemlər var. Əfqanıstan açıq şəkildə olmasa da, dolayı yollarla ABŞ və Qərbin regiondakı potensial tərəfdaşlarından biri hesab olunur. Pakistan isə Qərbin Asiyada ənənəvi müttəfiqlərindən sayılır”.

S.Soltan hesab edir ki, Azərbaycanla İran arasında strateji müttəfiqlik mövcud şəraitdə mümkün görünmür: “Çünki iki ölkənin siyasi, hərbi və strateji maraqları üst-üstə düşmür. İran Zəngəzur dəhlizi məsələsində, həmçinin Ermənistanla müharibə dövründə və sonrakı mərhələdə Azərbaycana qarşı mənfi mövqe sərgiləyib. Azərbaycan səfirliyinə qarşı terror hücumu baş verib, son hadisələr zamanı isə Azərbaycan ərazisinə PUA-larla hücumlar edilib. Bütün bunlar göstərir ki, Azərbaycanla İran arasında strateji blokun yaradılması real deyil. Yəni bu iki ölkəni birləşdirəcək ortaq ideya mövcud deyil”.

Oğuz Ayvaz 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
29
azpolitika.info

1Источники