Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda yaranan təhlükə artıq yol-nəqliyyat hadisələrinin intensiv baş vermə səbəbinə çevrilib.
Problem yolun hərəkət hissələrinə çıxan mal-qara və digər heyvanlardır.
Magistralın, demək olar ki, əksər hissələrinin xüsusi mühafizə çəpərləri ilə hasarlanmasına baxmayaraq, yolun bəzi hissələrində bu yol qoruyucu sədlər pərakəndə formada açılıb.
Məqsəd isə heyvanların yolun digər tərəfinə keçirilməsidir. Belə olan halda isə yolun həmin hissələrində yol-nəqliyyat hadisələrinin baş vermə riski yaranır.
Artıq qeyd etdiyimiz hal üzrə baş verən qəzaların sayı gündən-günə artır. Həmin yol qoruyucu çəpərlərin ətrafdakı maldarlıq təsərrüfatlarının çobanları tərəfindən sıradan çıxarıldığı güman edilir.
Bu mühafizə sədləri sıradan çıxdığı üçün digər canlıların da yolun hərəkət hissəsinə çıxaraq qəzalara səbəb olmasına şərait yaradır. Ümid varıq ki, AAYDA-nın bu yolun mühafizəsinə cavabdeh olan müvafiq strukturları məsələni nəzarətə götürüb zəruri tədbirləri həyata keçirər.