BAKI, TurkicWorld
ABŞ Prezidenti Donald Tramp İrandakı hərbi əməliyyatların gedişatı və Tehranla aparılan gizli danışıqların son vəziyyəti barədə silsilə bəyanatlarla çıxış edib. Prezident həm danışıqlardakı irəliləyişdən danışıb, həm də razılıq əldə olunmayacağı təqdirdə İranın infrastrukturuna sarsıdıcı zərbələr endirəcəyi ilə hədələyib.
TurkicWorld xəbər verir ki, Donald Trampın rəsmi açıqlamasında aşağıdakı strateji məqamlar vurğulanıb.
"Biz İrandakı hərbi əməliyyatları dayandırmaq üçün daha rasional (ağıllı) bir rejimlə ciddi danışıqlar aparırıq. Bu əməliyyatların yekunlaşdırılmasına yönəlmiş müzakirələrdə böyük irəliləyiş əldə olunub."-deyə o bildirb.
Trampın sözlərinə görə, əgər yekun razılaşma əldə olunmasa, o İrandakı bütün elektrik stansiyalarını, neft quyularını və Xark adasını tamamilə məhv edəcək.
Trampın xüsusi vurğuladığı Xark adası İranın neft ixracatının 90%-dən çoxunun həyata keçirildiyi ən kritik terminaldır. Trampın bu çıxışı Tehran üzərindəki iqtisadi və hərbi təzyiqi maksimum həddə çatdırmaq və danışıqlarda ABŞ-ın şərtlərini qəbul etdirmək məqsədi daşıyır.
Trampın "rasional rejim" ifadəsi isə Tehrandakı mümkün siyasi dəyişikliklərə və ya yeni müzakirə qrupuna işarə kimi qiymətləndirilir.