Ekoogiya.az bildirir ki, görüşdə Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının tələbələri və ekokönüllülər iştirak ediblər. Nazirliyin sektor müdiri Mehman Nəbiyev çıxış edərək sıfır tullantı konsepsiyasının əhəmiyyəti, gündəlik həyatda tətbiq oluna biləcək ekoloji vərdişlər və təkrar emalın rolu barədə ətraflı məlumat verib. O bildirib ki, tullantıların azaldılması yalnız dövlət səviyyəsində deyil, hər bir fərdin məsuliyyətli yanaşması ilə mümkündür.
Tədbir çərçivəsində tələbələrlə interaktiv müzakirələr aparılıb, onların sualları cavablandırılıb və ekoloji təşəbbüslərdə fəal iştirakın vacibliyi vurğulanıb. Eyni zamanda iştirakçılara sıfır tullantı həyat tərzini təşviq edən maarifləndirici materiallar təqdim olunub.
Görüş qrup işləri ilə davam etdirilib. Tələbələr verilən mövzular üzrə hazırladıqları layihələri təqdim edərək öz baxışlarını bölüşüblər.
Tədbirin əsas məqsədi gənclər arasında ətraf mühitin qorunması, tullantıların azaldılması və düzgün idarə olunması sahəsində bilik və məlumatlılığın artırılması olub.
Qeyd edək ki, bu kimi təşəbbüslər gənclərdə ekoloji düşüncənin formalaşmasına və davamlı inkişaf məqsədlərinə töhfə vermək baxımından mühüm əhəmiyyət daşıyır.