RU

Yaxın Şərqdə müharibə turizmə təsir edir

Yaxın Şərqdə davam edən müharibə və siyasi gərginliklər regionun turizm potensialına ciddi təsir göstərir. Bununla belə, bəzi ölkələr turizmi inkişaf etdirmək və turist axınını artırmaq üçün müxtəlif təşəbbüslər irəli sürür. Mövcud şəraitdə bu səylərin nə dərəcədə real nəticə verə biləcəyi və hansı addımların atılmasının daha məqsədəuyğun olduğu müzakirə mövzusudur.

Yaxın Şərqdə davam edən müharibə və artan geosiyasi gərginlik fonunda regionda turizmin genişləndirilməsi qısa müddətdə çətin görünsə də, uzunmüddətli perspektivdə bunun mümkün olduğu bildirilir. Bu sözləri “Davamlı Turizmi İnkişafına Dəstək” İctimai Birliyinin sədri Nərminə Qəribova QHT.az-a olan açıqlamasında vurğulayıb. O qeyd edib ki, mövcud vəziyyətin real qiymətləndirilməsi üçün həm cari təsirlərin, həm də regionun gələcək potensialının nəzərə alınmasının vacibdir.

Nərminə Qəribova bildirib ki, hazırda Yaxın Şərqdə turizm sektoru kifayət qədər mürəkkəb mərhələdən keçir. Onun sözlərinə görə, sektor gündə təxminən 600 milyon dollar itki ilə üzləşir, ümumilikdə isə 23–38 milyon turist azalması və 34–56 milyard dollar həcmində iqtisadi itki proqnozlaşdırılır.

Sədr vurğulayıb ki, uçuşların ləğvi, təhlükəsizliklə bağlı narahatlıqlar və müxtəlif ölkələrin səyahət xəbərdarlıqları turizm axınına ciddi mənfi təsir göstərir. N.Qəribovanın sözlərinə görə, son xəbərlər də bunu təsdiqləyir: turistlər regionu tərk edir, planlaşdırılmış səfərlər isə kütləvi şəkildə ləğv olunur. O əlavə edib ki, bəzi istiqamətlərdə otel rezervasiyaları 40 faizə qədər azalıb, tibbi turizm isə 30–40 faiz geriləyib.

“Yəni qısa müddətdə turist axınının artırılması real deyil” – deyə Nərminə Qəribova qeyd edib.

Bununla belə, N.Qəribova uzunmüddətli perspektivdə vəziyyətin tam ümidsiz olmadığını bildirib. O xatırladıb ki, tarix boyu Yaxın Şərqdə turizm sektoru böhranlardan sonra ən sürətli bərpa olunan sahələrdən biri kimi seçilib.

Sədrin sözlərinə görə, 2023–2024-cü illərdə region dünyada turizmin ən sürətlə bərpa olunduğu zonalardan biri olub. O bildirib ki, xüsusilə Körfəz ölkələri turizmi iqtisadiyyatın əsas istiqamətlərindən birinə çevirmək üçün ardıcıl addımlar atır və sabitlik bərpa olunacağı təqdirdə sektor yenidən sürətlə inkişaf edə bilər.

“Yaxın Şərqdə müharibə Azərbaycan üçün həm risk, həm də fürsətdir” – deyə sədr diqqətə çatdırıb.

Nərminə Qəribova hesab edir ki, mövcud geosiyasi vəziyyət Azərbaycan turizmini nə məhv edir, nə də tam zəiflədir, sadəcə onun strukturunda dəyişiklik yaradır. O qeyd edib ki, Azərbaycan üçün ən doğru strateji yanaşma təhlükəsiz ölkə imicinin gücləndirilməsi, alternativ turizm istiqaməti kimi mövqelənmə, yeni bazarlara yönəlmə və qısa, rahat səyahət modelinin formalaşdırılmasıdır.

Sonda sədr vurğulayıb ki, yaranmış vəziyyəti düzgün idarə edən tərəf uduzan deyil, qazanan olacaq.

Fatimə Nəbiyeva

Избранный
55
11
qht.az

10Источники