RU

Ekspert: Metro şəbəkəsinin genişlənməsi nəqliyyat infrastrukturunu gücləndirəcək

Bakı, 31 mart, AZƏRTAC

Yeni metro xətlərinin çəkilməsinə baxmayaraq, şəhərdə hərəkətlilik artmaqda davam edir. Bu proses xüsusilə şəhərətrafı qəsəbələrdən paytaxtın mərkəzinə doğru insanların və nəqliyyat vasitələrinin axınının artması ilə müşayiət olunur. Bu məsələlərin dərindən araşdırılması müəyyən vaxt tələb etsə də, nəticədə metro tikintisinin sürətləndirilməsi üçün mühüm əsas yarada bilər.

Bu barədə AZƏRTAC-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirib.

Onun sözlərinə görə, artıq 9 yeni metrostansiyanın yerləşəcəyi ərazilər müəyyən edilib.

“Bu stansiyalar əsasən 8 Noyabr prospektinə paralel istiqamətdə yerləşəcək. Həmin metrostansiyalar gələcəkdə bu ərazidən keçən nəqliyyat vasitələrinin və sərnişin axınının daha səmərəli istiqamətləndirilməsinə imkan yaradacaq. Bu stansiyaların tikintisi mərhələli şəkildə həyata keçiriləcək. Metro xətlərinin Xırdalan və Masazır istiqamətində uzadılması da olduqca vacibdir. Çünki bu bölgələrdə yaşayan əhalinin paytaxta axını çox yüksəkdir və bu addım Sumqayıt istiqamətindən gələn nəqliyyat axınının idarə olunmasında mühüm rol oynaya bilər”, - deyə Aslan Əsədov vurğulayıb.

Ekspert əlavə edib ki, bu layihə həm Bakı–Sumqayıt yolundakı nəqliyyat yükünün azalmasına, həm də alternativ nəqliyyat imkanlarının formalaşmasına kömək edəcək: “Ümumilikdə isə nəqliyyat axınının səmərəli tənzimlənməsi üçün əsas meyarlardan biri məhz müasir və güclü infrastrukturun qurulmasıdır. Metro infrastrukturunun inkişafı nəqliyyat sisteminin digər sahələri ilə bağlı proseslərin daha səmərəli təşkilinə və mövcud məhdudiyyətlərin aradan qaldırılmasına şərait yaradacaq”.

Избранный
15
1
azertag.az

2Источники