RU

Şahin Rəcəbov: Tarixi yaddaş gələcək hadisələrdə xalqın sığortasıdır

31 Mart — Azərbaycanlıların Soyqırımı Günü xalqımızın yaddaşında dərin iz buraxmış faciəli bir tarixdir. Tarixi unutmaq gələcəyi itirmək deməkdir. Buna görə də 31 Mart faciəsinin unudulmaması, daim xatırlanması və gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur.

"Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru Şahin Rəcəbov 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı QHT.az-a olan açıqlamasında tarixi yaddaşın xalqın gələcək inkişafında mühüm rol oynadığını bildirib.

Şahin Rəcəbov bildirib ki, tarix və tarixi yaddaş gələcək inkişafın əsas xəritəsidir. Onun sözlərinə görə, hər bir xalqın keçmişi onun gələcək yolunu müəyyənləşdirməyə, tarixi hadisələrdən nəticə çıxarmağa, milli birlik və səfərbərliyi gücləndirməyə xidmət edir.

Ş.Rəcəbovun sözlərinə görə, Azərbaycan xalqının tarixi olduqca keşməkeşli və ağrılı mərhələlərdən keçib. O qeyd edib ki, xalqımız müxtəlif dövrlərdə ərazi işğalları, soyqırımları və faciələrlə üz-üzə qalıb. Xüsusilə 1918-ci ilin 30 mart–3 aprel tarixlərində baş verən hadisələr və 1992-ci ilin 25–26 fevral faciəsi xalqımızın yaddaşına soyqırımı kimi həkk olunub.

O, aparılan araşdırmaların bu faciələrin miqyasını daha aydın ortaya qoyduğunu vurğulayıb. Direktor vurğulayıb ki, müxtəlif dövrlərdə on minlərlə soydaşımızın qətlə yetirildiyi müəyyənləşdirilib və yeni arxeoloji qazıntılar, kütləvi məzarlıqların aşkarlanması bu statistikanın hələ də tam yekunlaşmadığını göstərir.

Şahin Rəcəbov bildirib ki, Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsi hər zaman böyük müqavimətlə qarşılaşıb və bu yolda çoxsaylı şəhidlər verilib. O qeyd edib: “Şəhidlərimizin qanı bahasına müstəqilliyimizə nail olmuşuq".

Ş.Rəcəbovun sözlərinə görə, zaman keçdikcə tarixi yaddaşın yenilənməsinə daim ehtiyac yaranır. Xüsusilə gənc nəslin vətənpərvərlik ruhunda formalaşması baxımından milli faciələrin unudulmaması böyük əhəmiyyət daşıyır.

Direktor xatırladıb ki, Ümummilli Lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamına əsasən 31 Mart hər il Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur və bu tarixdə xalqımızın yaşadığı faciələr anılır.

Şahin Rəcəbov bildirib ki, məktəblərdə və digər təhsil müəssisələrində bu hadisələrin mütəmadi şəkildə xatırladılması, müxtəlif tədbirlərin təşkili xüsusi önəm daşıyır. Onun fikrincə, gənclərə və uşaqlara baş vermiş hadisələr əyani və bədii vasitələrlə daha dolğun çatdırılmalıdır.

O əlavə edib ki, bu istiqamətdə müxtəlif ədəbiyyatlar nəşr olunub və maarifləndirmə işi bundan sonra da sistemli şəkildə davam etdirilməlidir.

Direktorun sözlərinə görə, milli faciələrin unudulması gələcək təhlükələrə qarşı ayıq-sayıqlığın zəifləməsinə səbəb ola bilər. O bildirib ki, şəhidlərin xatirəsini yaşatmaq və gənc nəslə bu həqiqətləri çatdırmaq hər bir vətəndaşın mənəvi borcudur.

Ş.Rəcəbov bəzi dairələrdə səslənən “qələbə qazanmışıq, artıq faciələri qeyd etməyə ehtiyac yoxdur” fikrinə də münasibət bildirib. O vurğulayıb: “Tarixi yaddaş, gələcək hadisələrdə sığortamızdır".

Fatimə Nəbiyeva

Избранный
56
qht.az

1Источники