RU

Subasmadan sonra bu evlərin qiyməti BAHALAŞACAQ

Bakıda və Abşeron yarımadasında baş verən son subasmalar daşınmaz əmlak bazarında qiymət balansını tamamilə dəyişmək üzrədir. Artıq mənzil bazarında “hündürlük” və “infrastruktur” anlayışları lüks deyil, əsas iqtisadi dəyər meyarı kimi çıxış edir.

Rekord həddə çatan yağıntılar paytaxtın daşınmaz əmlak xəritəsində “təhlükəsiz” və “riskli” zonaları dəqiq cizgilərlə ayırdı ki, bu da yaxın gələcəkdə bir tərəfdə qiymətlərin kəskin artmasına, digər tərəfdə isə ciddi ucuzlaşmaya və ya bazar durğunluğuna səbəb olacaq. Alıcıların seçimlərində vizual görünüşdən daha çox mühəndis-kommunikasiya sistemlərinin etibarlılığına üstünlük verməsi, əmlakın likvidliyini birbaşa həmin ərazinin relyefindən asılı hala salıb.

Tikinti sahəsi üzrə ekspert Camal Abışov NOCOMMENT.az-a bildirib ki, subasmalardan sonra bazarın reaksiyası ərazinin dəniz səviyyəsindən hündürlüyü ilə düz mütənasib olacaq:

“Hazırda paytaxtda relyef baxımından əlverişli olan Yasamal, Badamdar, Günəşli və Əhmədli kimi hündür ərazilərdə yerləşən evlərin qiymətində artım gözlənilir. Çünki bu zonalarda suyun təbii axarı var və ciddi subasma riski minimaldır. Alıcılar artıq fəsadlarla üzləşməmək üçün bu tip ‘quru’ ərazilərə daha çox vəsait ödəməyə meyllidirlər”.

Onun sözlərinə görə, əks proses isə relyefcə alçaqda yerləşən və infrastruktur problemi olan zonalarda müşahidə ediləcək:

“Xüsusilə Binəqədi, Sabunçu və Xırdalanın bəzi çökək massivlərində, eləcə də kanalizasiya sistemi zəif olan yeni yaşayış sahələrində qiymətlərin enməsi və ya ən azı artımın dayanması qaçılmazdır. Hər güclü yağışdan sonra gölə çevrilən küçələrdə yerləşən həyət evləri və bina mənzilləri öz cəlbediciliyini itirir, bu isə tələbatın azalması ilə nəticələnir. İnsanlar artıq başa düşürlər ki, ucuz qiymətə alınan ‘riskli’ ev gələcəkdə təmiri və fəsadları üçün daha böyük xərclər tələb edir”.

O, qeyd edib ki, infrastruktur layihələri tamamlanmayan ərazilərdə daşınmaz əmlakın qiymət dinamikası mənfi istiqamətə yönələ bilər:

“Kollektor sistemləri olmayan və ya köhnəlmiş zonalar artıq investorlar tərəfindən ‘qara siyahı’ya salınır. Əgər bir ərazidə subasma riski yüksəkdirsə, orada nəinki qiymət artımı, hətta əmlakın satılması prosesi də xeyli çətinləşəcək. Yaxın bir il ərzində biz Bakıda ‘hündür və təhlükəsiz’ əmlakın qiymətində 10-15% civarında artım, ‘çökək və riskli’ zonalarda isə real satış qiymətlərində eyni dərəcədə geriləmə müşahidə edə bilərik”.

Tunar
NOCOMMENT.az

Избранный
29
nocomment.az

1Источники