RU

Milli Qəhrəmanın şəhid olmazdan öncə dediyi o sirli sözlər: “Siz hər şeyi eşidəcəksiniz...“

Moderator.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu gün aprel döyüşlərində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı, Milli Qəhrəman Murad Mirzəyevin doğum günüdür.

Murad Mirzəyev 1976-cı ildə Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. 1998-ci ildə Türkiyədə Ali Hərbi Məktəbi bitirib, ABŞ, Ruminya, İordaniya kimi ölkələrdə təlimlər keçib. O, 2016-cı ildə aprel döyüşlərində şəhid olub. Şəhid zabitin nəşi aprelin 10-da Beynəlxalq Qırmızı Xaçın vasitəçiliyi ilə döyüş meydanından götürülərək Azərbaycana təhvil verilib. M.Mirzəyev aprelin 11-də II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2016-cı il 19 aprel tarixli sərəncamı ilə ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə polkovnik-leytenant Mirzəyev Murad Telman oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Şəhidin həyat yoldaşı Fizzə Mirzəyeva Musavat.com-a açıqlamasında bildirib ki, həyat yoldaşı heç vaxt doğum günlərini qeyd etməzmiş:

-31 Mart Azərbaycanlıların Soyqırımı günüdür. Ona görə Murad heç vaxt 31 martda ad gününü qeyd etməzdi. Ailəsi olaraq onun ad günlərini ya bir gün əvvəl, ya da bir gün sonra keçirərdik. Ümumiyyətlə, doğum günlərini qeyd etməyə meylli insan deyildi. Bu, onun işindən irəli gəlirdi. Sonuncu ad günündə artıq Qarabağda idi. Martın 28-i bizimlə sağollaşıb getmişdi. Martın 31-i ona mesaj yazdım. Danışa bilmirdik, çünki onun buna vaxtı yox idi.

-Aradan 10 il keçib, Murad Mirzəyev şəhid olanda övladları azyaşlı idilər. Atalarının yoxluğunu necə qəbul etdilər?

-Çox kiçik idilər və atalarının olmadığını belə dərk etmirdilər. İndi isə böyüyüblər və onunla fəxr, qürur hissləri keçirirlər. Uşaqları elə böyütdüm ki, sanki Murad bizimlədir və yaşayır.

-Həyat yoldaşınızın qoyduğu hansı qaydanı sonralar da davam etdirdiniz?

-Murad çox məsuliyyətli və qayda-qanunu sevən insan idi. Bu, mənim özümə də sirayət edib. Ailə quranda 24 yaşım var idi. Mən çox şeyi Muraddan öyrəndim. O, hər şeyi vaxtında etməyi xoşlayırdı və gecikməklə arası yox idi. Çox prinsipial insan idi və kimdənsə söz eşitməyi, töhməti sevməzdi. Hazırda ailədə onu tətbiq edirəm. Uşaqlarımı da bu qayda ilə böyüdürəm.

-Necə ata və həyat yoldaşı idi?

-Çox qayğıkeş yoldaş və ata idi. O qapıdan içəri girəndə demək olmazdı ki, Murad hərbçidir. Uşaqlarına qarşı o qədər mülayim davranırdı ki. Evə girirdi və tamam başqa bir adam olurdu. Çöldə əsəbi ola bilərdi, ancaq onu evdə biruzə verməzdi. Onun bir saat boş vaxtı olsaydı, həmin zamanı ailəsi ilə keçirməyə üstünlük verərdi.

-Övladları ilə bağlı ən çox xoşladığı nə idi ?

-Nurlanla Dəniz rəqsə gedirdilər. Hər gecə evə gələndə milli rəqs qoyardı, uşaqlarımız oynayardı, Murad da baxıb əl çalardı və gülürdü. Bu, onun çox xoşuna gəlirdi.

-Övladları ilə bağlı arzuları var idimi?

-Murad bir dəfə Nurlandan nə olmaq istədiyini soruşdu. Oğlum cavabında ”adam olmaq istəyirəm” dedi. Onda oğlum birinci sinifdə oxuyurdu. Güldü, dedi, hə, sən düzgün yoldasan. Amma heç bir zaman övladları hansısa peşəni mütləq seçməlidir fikrini aşılamırdı.

-Hərbçi xanımı olmaq çətindir. Onlar da hərbçi həyatı yaşayırlar...

-2006-cı ildən mən hərbçi yoldaşı olmuşam və qayda, qanun, nigaran olmaq kimi şeyləri öyrənmişəm.

-Bir çox hərbçinin xanımı deyir ki, həyat yoldaşı sanki əvvəlcədən şəhid olacağını bilirmiş və vəsiyyət edirmiş. Murad evdən ayrılanda sizə nəsə vəsiyyət etdimi?

-Murad həmişə təlimə gedəndə heç bir zaman bunu bildirməzdi. Çünki istəmirdi ki, ondan nigaran qalaq. Sonuncu dəfə gedəndə hiss edirdim ki, çox məsuliyyətli bir işə hazırlaşır. Evə həddindən artıq gec gəlirdi, bəzən isə gəlmirdi. Ona dedim ki, nigaran qalmaqdan yorulmuşam, çox narahatam, bu nigarançılığın bir sonu olmayacaq? Mənə belə cavab verdi: ”Siz hər şeyi eşidəcək və biləcəksiniz”.

Martın 31-i onu təbrik etdik. Ardınca Bakıda bir təşviş yarandı, xəbər gəldi ki, müharibə gedir, atəşkəs pozulub. Aprelin 2-si ona yazdım ki, narahatam. Cavab verdi ki, narahatlığa səbəb yoxdur, hər şey qaydasındadır. Ona dedim: ”Murad, mən səni bazar günü gözləyirəm”. Cavab verdi ki, hələ gözləmə, tələsmə.

Murad Sabirabadda böyüsə də, onun ailəsi İrəvandan köçüb. O torpağa çox bağlı idi. Həmişə Qarabağ tərəfə gedib gələndən sonra deyirdi, siz bilmirsiniz necə gözəl torpaqlarımız işğal olunub. O, torpağını fanat dərəcədə sevən hərbçi idi. Arzusu ancaq Qarabağı azad görmək idi. Onlar başlanğıcını qoydu, 44 günlük müharibədə digər hərbçilərimiz missiyanı tamamladı.

-Şəhid olduğu yerə getmisinizmi?

-Yox, gedə bilmirəm, ona hazır deyiləm. Bir dəfə Şuşaya gedib gəldim, çox ağır hisslər keçirdim. Sanki gedib axtarıb tapdım, amma onu orada qoyub gəldim. Elə bildim ki, bir doğma paramı orada qoymuşam.

-Övladlarınız yəqin ki, indi ali məktəbə hazırlaşırlar. Atanın yolu ilə gedən var?

-Ataları şəhid olanda birinin 6, digərinin isə 7 yaşı var idi. İndi böyüyüblər. Oğlum 11-ci, qızım isə 10-cu sinifdə oxuyur. Nurlan hüquqşünas olmaq istəyir. Qızım da hüquqa meyllidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
7
2
moderator.az

3Источники