RU

Abutalıb Səmədov: "İranın Azərbaycana münasibətində, xüsusilə KİV-in ölkəmizə qarşı apardığı təbliğatda qeyri-adi nəsə yoxdur"

Son günlərdə İran mediasında Azərbaycana qarşı yenidən tənqidi müzakirələrin güclənməsi diqqət çəkir. Xüsusilə rəsmi və qeyri-rəsmi kanallarda Azərbaycanın müstəqil siyasət yürütmək qabiliyyətinin, digər dövlətlərlə əməkdaşlığının fərqli kontekstdə təqdim edilməsi ziddiyyətli mənzərə yaradır. Azərbaycan tərəfindən humanitar yardımların həyata keçirilməsinə baxmayaraq, bəzi İran media qurumları Azərbaycanı dəstək göstərməməkdə ittiham edirlər.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən siyasi şərhçi Abutalib Səmədovun sözlərinə görə, İranın Azərbaycana münasibətində, xüsusilə KİV-in Azərbaycana qarşı apardığı təbliğatda qeyri-adi nəsə yoxdur.

 

Onun sözlərinə görə, İran kifayət qədər çətin durumdadır və baxmayaraq ki, Azərbaycan İrana humanitar yardım da göndərib, amma əksər ölkələrə olan münasibəti ilə Azərbaycana münasibəti fərqlənmir: “Görünür, hesab edirlər ki, biz daha çox kömək etməliyik və İranın arzuladığı addımları atmalıyıq. Amma Azərbaycan neytral mövqe tutub. Bu qarşıdurmaya daxil olmaq istəmir. Özünün müstəqil siyasəti var ki, bu uzun müddət İranı qıcıqlandırıb, razı salmayıb. Bundan sonra da Azərbaycanın mövcud mövqeyi dəyişməyəcək. Ümid edək ki, İran-ABŞ arasındakı aparıldığı iddia olunan danışıqlar nəticə verəcək və hərbi əməliyyatlara son qoymaq mümkün olacaq. Bu cür media təbliğatı ilə İran nəyə nail olmaq istəyir?! İran özü də bilir ki, bu növ təbliğatla heç nəyə nail olmaq mümkün deyil. Sadəcə, müəyyən qonşu dövlətlərə öz nifrət, kin, narazılıqlarını ifadə edə bilərlər ki, bu da İranın maraqlarına qətiyyən cavab vermir. Əgər əvvəllər İrana qarşı münasibətdə müəyyən şübhələr vardısa indi bölgə dövlətləri açıq şəkildə gördülər ki, böhran vəziyyətlərində İran qəbuledilməz addımlar ata bilər. Bundan sonra da bölgə dövlətlərinin gündəliyində duran birinci məsələ özünü İrandan qorumaq məsələsi olacaq ki, bu da təbii olaraq qonşular arasında münasibətlərin yaxınlaşmasına xidmət etməyəcək”.

 

Şəhanə Quliyeva

Tarix: 31 Mart 2026, 15:47   
Избранный
57
pravda.az

1Источники