"ABŞ-nin əsas məqsədi ilk növbədə İranın hərbi potensialını zəiflətmək, daha sonra isə sülh danışıqlarına nail olmaqdır. Vaşinqton üçün Hörmüz boğazının açıq qalması əsas prioritetlərdən biridir və bu, tamamilə məntiqlidir. Çünki hazırkı vəziyyətdə boğazın bağlı qalması ABŞ-nin müttəfiqi olan Körfəz ərəb ölkələrində vəziyyəti daha da gərginləşdirir. Bu səbəbdən ABŞ çalışacaq ki, boğaz açıq saxlanılsın. Ehtimal olunur ki, hərbi əməliyyatlar bir müddət davam edəcək. Lakin Vaşinqton vəziyyətin qismən nəzarətdən çıxdığını gördüyü anda İrana təzyiqləri artıraraq sülh danışıqlarına başlamağa çalışacaq".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, hazırkı mərhələdə isə açıq şəkildə görünür ki, İran tərəfi sülh danışıqlarına o qədər də hazır deyil. Son açıqlamalar da göstərir ki, rəsmi Tehran danışıqlara getməkdə maraqlı görünmür. Bununla belə, dünya mediasında ABŞ və İran arasında gizli danışıqların aparıldığı ilə bağlı iddialar da səslənir. Xüsusilə son günlərdə İslamabad şəhərində Misir, Səudiyyə Ərəbistanı və Türkiyənin xarici işlər nazirlərinin görüşü, paralel olaraq isə Pakistanın vasitəçiliyi ilə ABŞ və İran rəsmiləri arasında yüksək səviyyəli təmasların mümkünlüyü müzakirə olunur. İddialara görə, belə bir görüşdə ABŞ prezidenti Donald Tramp və İran parlamentinin sədri Mohammad Bagher Ghalibaf iştirak edə bilər. Lakin İran tərəfi bu ehtimalları təsdiqləmir.
"Ümumilikdə isə ehtimal edilir ki, hərbi mərhələ başa çatdıqdan və ABŞ İrana qarşı mühüm zərbələr endirdikdən sonra Vaşinqton maksimum dərəcədə Tehranla razılaşma əldə etməyə çalışacaq", - deyə ekspert əlavə edib.
Səidə Ramazanova