RU

Hörmüz boğazının nəzarəti çoxmillətli konsorsiuma təhvil verilə bilər? -ŞƏRH

Tramp administrasiyası Hörmüz boğazının nəzarətini çoxmillətli konsorsiuma təhvil verməyi təklif edib. ABŞ dövlət katibi Marko Rubio təşəbbüsü G7 xarici işlər nazirlərinin görüşündə bildirib.

Bəs verilən təklif qəbul edilə bilərmi?

Siyasi şərhçi Çingiz Şahbazi Redaktor.az-a açıqlamasında bildirdi ki, təklif siyasi mesaj xarakterli daşıyır:

"Onun çıxışını təzyiq aləti mexanizmi kimi də qiymətləndirmək olar. Bunun yaxın perspektivdə həyata keçirilməsi reallığı əsla əks etdirmir. Belə bir addımın beynəlxalq hüquq bazasında da təsdiqi yoxdur və yaxud da hüquqi baxımdan zəifdir. Belə olan halda təşəbbüsün praktik təcrübədə öz təsdiqini tapmadığını da nəzərə alsaq, siyasi baxımdan əlbəttə ki, müzakirə kartı olaraq ABŞ administrasiyası bundan diqqəti Hörmüz boğazına yönəltmək məqsədilə istifadə edə bilər. İrəli sürülən ideya və yaxud da təşəbbüs həm hüquqi, həm geosiyasi, həm də praktik baxımdan kifayət qədər mürəkkəb və mübahisələrə səbəb ola biləcək məsələdir".

Politoloq qeyd etdi ki, Hörmüz boğazı beynəlxalq su yoludur və burada əsas prinsip azad tranzit keçiddir:

"Bu prinsip BMT çərçivəsində qəbul edilmiş beynəlxalq qanunla qorunur. Boğazın sahil dövlətləri İran və Omandır. Bu ölkələrin razılığı olmadan nəzarətin “konsorsiuma” verilməsi beynəlxalq hüquqa ziddir və xüsusilə də İranın bu addımın atılması nəticəsində suverenliyinə qarşı müdaxilə olaraq qiymətləndirməsi şübhə doğurmur. Yəni konkret olaraq bu təşəbbüsün hüquqi bazası yoxdur və praktik təcrübədə öz təsdiqini tapmayıb. ABŞ rəsmisinin indiki vaxtda belə bir təşəbbüslə çıxış etməsi də əslində dünya üçün aydındır. Onlar bu kimi məsələləri müzakirə obyektinə çevirməklə İranın boğaz üzərində təsirini azaltmaq, enerji tədarükünün təhlükəsizliyi üzərində nəzarəti kollektiv nəzarətə vermək, ABŞ və müttəfiqlərinin bölgədə hərbi və siyasi mövcudluğunu legitimləşdirmək istəyirlər. İran bunu rədd edəcək və bu, gərginliyin artmasına səbəb ola bilər. Çünki İranın arxasında Çin və Rusiyanın rolu böyükdür və onların buna qarşı olacaqları şübhəsizdir. Körfəz ölkələrinin də bu təşəbbüsü dəstəkləməsi aşağı ehtimallar arasındadır. Çünki bu təşəbbüsün arxasında yeni xərclərin meydana gəlməsi və digər məhdudiyyətlərin olması qaçılmazdır. Bu baxımdan hesab edirəm ki, Hörmüz boğazında hansısa ölkələrin nəzarət mexanizmi yox, sadəcə müşahidə funksiyasının tətbiqi üçün razılıq əldə edilə bilər".

Aytəkin TOFİQQIZI

Избранный
27
1
redaktor.az

2Источники