"Hal-hazırda avtomobil yolundan istifadə olunur, heç bir problem yoxdur. Amma yağışdan sonra orada müəyyən çatlar, sürüşmələr yaranır, dayanıqlıq itir, müqavimət azalır, çökmələr baş verir, süxurlar arası təmas artır və bu halda yol keçilməz vəziyyətə düşür, bərbad olur".
Bu fikirləri yağış yağandan sonra yollarda yaranan problemlərdən Redaktor.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirdi.
Müsahibimiz həmçinin əlavə etdi ki, bu məsələnin həlli zaman tələb edən və tez başa gələn bir prosedur deyil:
"Cari təmirə əsaslanan, cari təmirin xüsusiyyətlərini özündə ehtiva edən bir infrastruktur olmalıdır. Avtomobillərin quru yol səthində normal hərəkəti digər şəraitlərdə eyni şəkildə təmin edilə bilməz. Quru şəraitdə olan yol yağış və qar zamanı daha da keçilməz və çətin vəziyyətə düşür. Bu məsələdə birinci növbədə yağış sularının və atmosfer çöküntülərinin yüksək səviyyədə yoldan kənarlaşdırılması təmin olunmalıdır. Qrunt suları və yağış suları yol üçün əsas təhlükə mənbəyidir. Bu sular yoldan uzaqlaşdırılmalı, yol səthi quru saxlanmalıdır. Nəqliyyat infrastrukturunda əsas məsələlərdən biri də yolların daha rentabelli və səmərəli olmasıdır. Yol daha təmiz və səliqəli saxlanmalıdır, yolda yolun xüsusiyyətlərinə uyğun nəqliyyat vasitələri hərəkət etməlidir. Məsələn, ağır tonnajlı yük avtomobillərinin hərəkəti və ya icazə verilən sürət həddinin aşılması kimi hallar nəzarətdə saxlanmalıdır. Bu hallar adətən körpülərdə və tunellərdə daha çox müşahidə olunur. Bütün bu amillər bir-biri ilə zəncirvari bağlıdır və problemlərin yaranmasına səbəb olan əsas faktorlar sırasına daxildir".

A.Əsədov vurğuladı ki, digər mühüm məsələ nəqliyyat vasitələrinin mövcud relyefə uyğun hərəkətinin düzgün təşkil olunmamasıdır:
"Məsələn, hər hansı bir tunelə və ya yol ötürücüsünə su dolarsa, həmin ərazi üçün alternativ marşrut təmin edilməlidir. İnsanlar yalnız bir yoldan asılı vəziyyətdə qalmamalı, ərazi üzrə alternativ yolları bilməlidirlər. Bu proses operativ şəkildə həyata keçirilməlidir. Əgər kanalizasiya sistemi suyu kənarlaşdıra bilmirsə və yol səthi suyu xaric edə bilmirsə, əlavə texniki vasitələr tətbiq olunmalıdır. Həmin ərazi nəzarətdə saxlanmalı, su yalnız borular vasitəsilə deyil, eyni zamanda çəmənlik, otluq və ya yaşıllıq sahələrinə yönləndirilməlidir. Beləliklə, suyun paylanması təmin edilməli, həmin ərazidən uzaqlaşdırılmalı və əlavə fəsadların qarşısı alınmalıdır".
Nuriyyə NATİQQIZI