Bayram tətilindən sonra paytaxt bazarlarında həyat tədricən əvvəlki ritminə qayıdır. Novruz və Ramazan bayramı ərəfəsində kəskin bahalaşan məhsullar isə hələ də müzakirə mövzusudur. Həmin günlərdə qiymət artımı alıcıların narazılığına səbəb olmuşdu. Bəziləri bunu süni bahalaşma kimi qiymətləndirir, digərləri isə regionda baş verən proseslərlə, xüsusilə İran müharibəsi ilə bağlı gərginliklə izah edirdi.
Son günlər müşahidə olunan intensiv yağışların kənd təsərrüfatı sektoruna ciddi ziyan vurması barədə xəbərlər də yayılıb. Bunun da bazarlarda ciddi qiymət artımına səbəb olunacağı qeyd edilir.
Mütəxəssislərə görə, intensiv yağışlar torpaqda suyun həddindən artıq yığılmasına, bitki köklərinin çürüməsinə və müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Bu da birbaşa məhsuldarlığın aşağı düşməsi deməkdir. Xüsusilə pomidor, xiyar, bibər və göyərti növlərində qıtlıq riski olduqca yüksəkdir.
Musavat.com əməkdaşı mövcud vəziyyəti yerində öyrənmək üçün paytaxtda, Qara Qarayev metrosu yaxınlığında yerləşən bazara üz tutub. Qeyd edək ki, bu ərazi qiymətlərinə görə adətən 8-ci kilometr bazarı ilə müqayisədə bir qədər baha hesab olunur.
Bazarda bayram günlərində olduğu qədər alıcı sıxlığı gözə dəymir. Əvvəlki izdihamdan əsər-əlamət yoxdur. Satıcıların biri bunu belə izah edir: “Bayramda alver yaxşı idi, amma qiymətlər də uçmuşdu. İndi camaat əvvəlki kimi almır, bir az sakitlikdir”.

Meyvə-tərəvəz isə boldur. Qıtlıq hiss olunmur. Qiymətlərdə də müəyyən eniş hiss olunur. Xüsusilə tərəvəzlərdə fərq açıq görünür. Satıcı xiyarları göstərərək deyir: “Bayramda 4 manat idi, indi 2-2.5 manata veririk”. Badımcanın da qiyməti düşüb, bəzi yerlərdə 1 manata qədər təklif olunur. Kartof isə əvvəlki kimi sabit deyil. Gədəbəy kartofu 1.60, Şəmkir kartofu 1.70, Cəlilabad kartofu isə 1.30 manata satılır.
Amma diqqət çəkən bir detal var — bazarda adətən ucuzluğu ilə seçilən İran kartofu ümumiyyətlə yoxdur. Səbəbini soruşanda satıcı çiyinlərini çəkib deyir: “İrandan mal gəlmir. Müharibə başlayandan kəsilib. Kartof da ona görə bahalaşıb, ən azı 40-50 qəpik fərq var”.

Pomidor hələ də bahalı məhsullar sırasındadır. Satıcı deyir ki, “4.5-5 manatdan aşağı verən yoxdur”. Lobya isə 7 manata təklif olunur. Bu məhsullarda ciddi ucuzlaşma hiss edilmir.
Balıq satılan hissədə isə başqa mənzərə ilə qarşılaşırıq. Bir satıcı balıqların üstünü tənziflə örtüb, dayanmadan milçəkləri qovur. Yaxınlaşıb soruşuruq: “Niyə belə iy gəlir, əvvəl belə deyildi, köhnə deyil ki?” Satıcı dərhal cavab verir: “Yox, ay qızım, bu günün balığıdır. Hava isinib, ona görə belə olur”.

Qiymətlərə baxanda isə burada ciddi eniş diqqət çəkir. Bayramda 30 manata satılan kütüm indi 16 manata düşüb. Sazan 10 manata, çay sazanı 8 manata, forel isə 15 manata təklif olunur. Mərmər balığı 26 manatdır. Xəşəm isə bu dəfə də satışda yox idi.
Meyvə piştaxtalarında qiymətlər nisbətən sabitləşib. Üzüm və banan 3.50 manat civarındadır. Portağal və alma 2.20 manata, nar və naringi isə 4 manata satılır. Çiyələk 5.50 manatdır. Satıcıların sözlərinə görə, bu sahədə də bayramdan sonra müəyyən eniş var, amma böyük fərq hiss olunmur.

Ən çox ucuzlaşma isə çərəzlərdə müşahidə edilir. Satıcı qozu göstərərək deyir: “Bayramda 10 manata qədər qalxmışdı, indi 6-7 manata veririk”. Fındıq 7-8 manatdır. Şabalıd da əvvəlki kimi deyil, 10-12 manatdan 8-10 manata düşüb. Qoz ləpəsi 16 manatdan 13 manata, fındıq ləpəsi isə 22 manatdan 20 manata enib. İydə də ucuzlaşıb, indi 8-9 manat aralığındadır.
Bazarda dolaşarkən alıcıların seçimində də dəyişiklik hiss olunur. Bir qadın torbasında yalnız göyərti olduğunu göstərib deyir: “Ət bahadır, balıq da ucuz deyil. Nə edək, göyərti alırıq”. Satıcı da bunu təsdiqləyir: “Camaat indi əsas göyərtiyə üstünlük verir. Əlçatan bircə o qalıb”.

Ümumilikdə, müşahidələr onu göstərir ki, bayram öncəsi artan qiymətlərin bir hissəsi artıq enib. Xüsusilə tərəvəz və çərəzlərdə ucuzlaşma aydın hiss olunur. Amma idxaldan asılı olan məhsullarda və bəzi kateqoriyalarda qiymətlər hələ də yüksək qalır.
Bazarda həyat öz axarı ilə davam edir. Satıcı alver dərdindədir, alıcı isə hər zamankı kimi daha münasib qiymət axtarışında. Bayramın təsiri yavaş-yavaş çəkilsə də, qiymətlərdə tam sabitlik hələ ki, müşahidə olunmur. Aramsız yağışlar da hələ ki, bazarda dəyişikliyə səbəb olmayıb.
Afaq Mirayiq,
Fotolar müəllifindir,
Musavat.com