RU

Abbasqulu ağa Bakıxanovun evinin bir hissəsi uçdu: Dəhşətli görüntülər - VİDEO

Tarixçi alim, şair və tərcüməçi Abbasqulu ağa Bakıxanovun doğulduğu evin bir hissəsi uçub.

Musavat.com xəbər verir ki, tarixçinin Bakının Əmircan kəndində yerləşən evi yağış sularının təsirindən yararsız vəziyyətə düşüb və hazırda hər an dağılmaq təhlükəsi ilə üz-üzə qalıb.

Kənd sakinləri bildirir ki, evin alt qatının daşları artıq çökərək küçəyə tökülüb. Onlar evin növbəti günlərdə tamamilə uçacağından və böyük tarixi mənzilin yox olacağından qorxurlar.

Qeyd edək ki, bundan öncə də Xalq şairi Sabir Rüstəmxanlı A. Bakıxanovun Amsar kəndində yerləşən ev-muzeyinin yararsız vəziyyətdə olması ilə bağlı narahatlığını dilə gətirmişdi.

Onun sözlərinə görə, muzeydə isitmə sistemi belə yoxdur: “Mikayıl Müşfiqin Xızı yolundakı muzeyi kimi, Bakıxanovun da dağılmaqda olan, adına layiq olmayan ev-muzeyi ürəyimi kədər və təəssüflə doldurdu. Doğrudanmı Quba rayonunda Bakıxanovun adına layiq bir muzey tikmək imkanı yoxdur?”.

Xatırladaq ki, Abbasqulu ağa Bakıxanov 1794-cü il 21 iyun tarixində Bakı şəhərinin Əmircan kəndində anadan olub. Onun atası II Mirzə Məhəmməd xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü qızı idi. Bakıxanov 8 yaşına qədər Bakıda yaşamış, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa və Balaxanı kəndlərində keçirmişdir.

Şahanə Rəhimli,
Musavat.com

Избранный
66
16
musavat.com

10Источники