RU

Müharibə bitir, yoxsa?...

Yaxın Şərqin gələcəyi üçün “planlar” və “şərtlər”...

Yaxın Şərqdə gedən döyüşlərin bir ayı geridə qaldı. Qarşılıqlı hava hücumları nəticəsində bölgədə olduqca ağır və çətin vəziyyət yaşanır. Siyasi şərhçilər isə sülhün əldə edilməsini hazırda mümkünsüz sayır - buna səbəb tərəflərin hansısa ortaq məxrəcdə razılığa gələ bilməməsi səbəbidir. Bir neçə gün öncə “Bloomberg” mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ İrana müharibəni bitirmək üçün 15 maddəlik plan təqdim edib. Bunlardan 12-si Amerikanın tələbləri, üçü isə Tehranın bu tələbləri yerinə yetirəcəyi halda əldə edəcəkləri idi.

15 şərtlik plan...

Sözügedən planın təqdim olunmasında Pakistan vasitəçi kimi çıxış edib. Verilən xəbərlərə görə, plan İran rəhbərliyinə təqdim olunub. Müddəalara gəldikdə isə:

1. İrana qarşı bütün sanksiyaların ləğvi.

2. ABŞ-ın mülki nüvə layihəsinin (elektrik enerjisi istehsalı) inkişafına yardım göstərməsi.

3. Sanksiyaların yenidən tətbiqi təhlükəsinin aradan qaldırılması.

4. İranın nüvə proqramının müəyyən çərçivədə dondurulması.

5. Zənginləşdirilmiş uranın saxlanması, lakin nəzarət və razılaşdırılmış limitlər daxilində.

6. Raket proqramının daha sonrakı mərhələdə say və mənzil məhdudiyyətləri ilə müzakirəsi.

7. Nüvə proqramının yalnız mülki və müdafiə məqsədləri ilə məhdudlaşdırılması.

8. Mövcud nüvə imkanlarının inkişafının dayandırılması.

9. Uranın zənginləşdirilməsi imkanlarının genişləndirilməsinə qadağa.

10. İran ərazisində silah səviyyəli nüvə materialının istehsalına qadağa.

11. Bütün zənginləşdirilmiş materialın razılaşdırılmış qrafiklə MAQATE-yə təhvil verilməsi.

12. Natanz, İsfahan və Fordo obyek?lərinin fəaliyyətinin dayandırılması (sıradan çıxarılması).

13. Beynəlxalq monitorinq və yoxlama mexanizmlərinin tətbiqi.

14. Planın mərhələli icrası və öhdəliklərə uyğun şəkildə həyata keçirilməsi.

15. Tərəflər arasında əlavə regional və təhlükəsizlik razılaşmalarının əldə olunması.

Göründüyü kimi, planın ana xətti ABŞ-ın hələ müharibə başlamamışdan öncə Tehrana qarşı irəli sürdüyü 5-li şərti özündə əks etdirməkdədir. Aylar öncə Omanda və Cenevrədə baş tutan görüşlərdə də bildirilirdi ki, əsas müzakirə predmetləri məhz bu kimi şərtləri özündə əhatə edir - düzdür. Şərtlərin sayı 15 olmasa da, mahiyyət eyni idi. İndiki halda isə açıq kontekstdə yalnız uranın zənginləşdirilməsi. Nüvə proqramı və raketlərlə bağlı məsələyə işarə olunur. Ötən dövrdə daha açıq dillə ifadə olunan “proksi qüvvələr”ə yardım məsələsi isə 15-ci maddədə “Tərəflər arasında əlavə regional və təhlükəsizlik razılaşmalarının əldə olunması” kimi tövsif olunur. Bir sözlə, irəli sürülən şərtlərdə dəyişən mahiyyət yoxdur. Bu mənada, hələ müharibədən öncəki daha az şərtləri qəbul etməyən Tehranın indiki halda bu şərtlər daxilində sülhə gəlməsi inandırıcı sayılmır. Bunu Qərb politoloqları da təsdiqləyir. Qərb mediası ABŞ-ın şərtlərinin müharibənin ikinci fazaya qədəm qoyması üçün zəmin adlandırır. 

İranın 5 şərti...

Beləliklə, İranın 15 maddəlik plana “yox” deməsi gözlənildiyi kimi uzun çəkmədi - Tehran münaqişəni bitirməyin yalnız özünün müəyyən etdiyi şərtlər daxilində və müddət ərzində mümkün olduğunu bildirir. KİV-in İranın yüksək vəzifəli siyasi və təhlükəsizlik rəsmisinə istinadən verdiyi xəbərə görə, İran ABŞ Prezidenti Donald Trampa müharibənin bitmə vaxtını diktə etməsinə icazə verməyəcəyini vurğulayıb:

“İran müharibəni zəruri hesab etdiyi və şərtləri yerinə yetirildiyi zaman bitirəcək”. Onun sözlərinə görə, Vaşinqton müxtəlif diplomatik kanallar vasitəsilə danışıqlar aparmağa çalışsa da, Tehran bu addımlara inanmır: “Belə ki, 2025-ci ilin yaz və qış aylarında keçirilən əvvəlki iki danışıqlarda ABŞ-ın konstruktiv dialoq aparmaq üçün heç bir niyyəti olmayıb və sonradan İrana qarşı hərbi müdaxilə edib. Buna görə də Tehran dost regional vasitəçilərlə təqdim edilən son təklifi gərginliyi artırmaq cəhdi kimi qiymətləndirib və mənfi cavab verib”.

Eyni zamanda, adı açıqlanmayan rəsmi şəxs İranın hərbi əməliyyatları dayandırmağa razı olacağı 5 konkret şərti açıqlayıb:

1. ABŞ və İsrail tərəfindən təcavüz və qətlin tamamilə dayandırılması;

2. İrana yenidən hərbi təcavüz edilməməsini təmin etmək üçün konkret mexanizmlərin yaradılması;

3. Müharibə zərərlərinin və təzminatlarının ödənilməsinin təmin edilməsi və aydın şəkildə müəyyən edilməsi;

4. Bölgədəki bütün cəbhələrdə və bütün müqavimət qrupları üçün müharibənin dayandırılması;

5. İranın Hörmüz boğazı üzərində nəzarəti həyata keçirməklə bağlı suveren hüququnun beynəlxalq səviyyədə tanınması və təminatları.

“İran vasitəçilərə atəşkəsin yalnız bütün şərtlər qəbul edildikdə mümkün olduğunu bildirib. O vaxta qədər heç bir danışıq aparılmayacaq”, - deyə rəsmi şəxs vurğulayıb. O əlavə edib ki, İranın müdafiə hərəkətləri bütün göstərilən şərtlər yerinə yetirilənə qədər davam edəcək: “Müharibə Tramp deyil, İran qərar verəndə bitəcək”.

Cəmisi 1 həftə sonra...

Ağ Evin mətbuat katibi Kerolin Levitt isə jurnalistlər üçün keçirilən müntəzəm brifinqdə bildirib ki, ABŞ administrasiyası İranla 6 aprel tarixinədək razılaşma əldə etməyi planlaşdırır və bu məqsədlə İranın enerji infrastrukturuna zərbələri müvəqqəti dayandırıb. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp daha əvvəl “Truth Social” platformasında paylaşım edərək İranın enerji infrastrukturuna zərbələrin 10 gün müddətinə, 6 aprelədək dayandırıldığını bildirib. Livittdən ABŞ-nin bu müddət ərzində nəyə nail olmaq istədiyi soruşulduqda o qeyd edib ki, Tramp razılaşma əldə etmək istəyir.

“Vaxt getdikcə azalır, cəmi bir neçə gün qalıb. Bu 10 günlük müddət başa çatdıqdan sonra nə baş verəcəyini görəcəyik”, - deyə Ağ Evin sözçüsü əlavə edib.

Bloomberg agentliyinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp müxbirlərlə söhbətində Tehran ABŞ-ın müharibəyə son qoymaq üçün irəli sürdüyü 15 tələbin əksəriyyətini yerinə yetirdiyini bildirib. “Onlar bizimlə əksər məsələlərdə razılaşırlar. Biz daha bir neçə şey istəyəcəyik”, - deyə bildirib. Tramp İranın hansı əlavə güzəştlərə getməyə hazır olduğunu isə açıqlamayıb.

Donald Tramp “New York Post” qəzetinə müsahibəsində Tehrandakı proseslərin yaxın günlərdə daha da aydınlaşacağını bildirib. Trampın sözlərinə görə, İran parlamentinin spikeri Qalibafın ABŞ-la əməkdaşlığa hazır olub-olmadığı tezliklə bəlli olacaq. ABŞ lideri bu barədə “təxminən bir həftəyə məlumat verəcəyəm” deyərək, Vaşinqtonun İran daxilində baş verənləri yaxından izlədiyini vurğulayıb.

Müharibənin yeni “maliyyə mənbəyi”...

Körfəz ölkələri isə hərbi əməliyyatların davamına çağırış edib.  Belə ki, Səudiyyə Ərəbistanı və BƏƏ başda olmaqla bir neçə Fars körfəzi ölkəsi ABŞ-ı İrana qarşı hərbi əməliyyatları davam etdirməyə çağırır. Associated Press bu iddianı ABŞ, İsrail və Fars körfəzindən olan adları açıqlanmayan rəsmilərə istinadən irəli sürür. Agentliyin məlumatına görə, BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyn nümayəndələri İran rəhbərliyində və ya İranın əhval-ruhiyyəsində köklü dəyişiklik olana qədər ABŞ-İsrail hərbi əməliyyatını davam etdirmək istədiklərini gizli şəkildə bildiriblər. Bildirilir ki, Körfəz dövlətlərinin münaqişəyə fərqli münasibəti var: Səudiyyə Ərəbistanı və BƏƏ ən sərt mövqe tutur, Oman və Qətər isə diplomatik həlli dəstəkləyir.

Prezident Donald Tramp isə Yaxın Şərqdə artan gərginlik fonunda diqqətçəkən maliyyə təşəbbüsü ilə çıxış edib. Ağ Evin mətbuat katibi Karolayn Livitt Trampın ərəb ölkələrini İranla bağlı mümkün hərbi əməliyyatların xərclərinin ödənilməsinə cəlb etmək istədiyini açıqlayıb. Onun sözlərinə görə, bu yanaşma Vaşinqtonun bölgədə yükü təkbaşına daşımaq istəmədiyini göstərir.

Ağ Ev sözçüsü, eyni zamanda, bildirib ki, ABŞ İranın Hörmüz boğazı üzərindən gəmi keçidinə məhdudiyyət qoymaq planlarını dəstəkləmir. Vaşinqton yaxın günlərdə onlarla neft tankerinin bu strateji marşrutdan keçəcəyini gözləyir və vəziyyəti yaxından izləyir.

Silah arsenalı azalır?

Bu arada Yaxın Şərqdə gərginliyin artması fonunda Fars körfəzi ölkələrinin hava hücumundan müdafiə imkanları ciddi sınaq qarşısındadır. Bloomberg agentliyinin yaydığı məlumata görə, ABŞ və İsrailin İranla davam edən müharibəsi ərzində cəmi bir ayda ən azı 2400 ədəd HHM raketi istifadə olunub.

Məlumata əsasən, müharibədən əvvəl ABŞ və müttəfiqlərinin arsenalında təxminən 2800 ədəd Patriot PAC-3 və GEM-T tipli raket mövcud idi. Hazırda isə bu ehtiyatların böyük hissəsinin tükəndiyi və sistemlərin kritik həddə çatdığı bildirilir.

Ekspertlər vurğulayır ki, əsas problem yalnız sürətli sərfiyyat deyil, həm də istehsalın məhdud olmasıdır. ABŞ-nin müdafiə sənayesi nəhəngi Lockheed Martin ildə təxminən 650 ədəd PAC-3 raketi istehsal edir ki, bu da mövcud döyüş tempini kompensasiya etmək üçün yetərli deyil.

Digər tərəfdən, ABŞ-nin silah prioritetləri də diqqət çəkir. Dövlət katibi Marko Rubio daha əvvəl açıqlamasında bildirib ki, hərbi zərurət yaranarsa, Ukrayna üçün nəzərdə tutulan silahlar Yaxın Şərqə yönləndirilə bilər. Lakin hələlik belə bir qərar verilməyib.

P.İSMAYILOV

Избранный
32
50
yeniazerbaycan.com

10Источники