RU

Zabit dədədən İsrafil dayıya: Qaxın gülüş yaddaşı 1 Aprel reportajı

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qax, 1 aprel, AZƏRTAC

Yumor və satira Azərbaycanda, eləcə də Şərq ölkələrində hələ orta əsrlərdən etibarən müstəqil folklor janrı — lətifə formasında geniş vüsət alıb. Azərbaycanda baməzə insanlardan söz düşəndə ilk ağla gələn Şəki və şəkililər olur. Çünki bu şəhərimiz baməzə əhvalatları və lətifələri ilə dünyada tanınır. Lakin digər bölgələrimizin də maraqlı ləhcə və lətifələri az deyil. Bu sırada Qax da özünəməxsus yer tutur, rayonun kəndləri arasındakı maraqlı əhvalatların lətifəyə çevrilərək söylənilməsi geniş yayılıb.

AZƏRTAC-ın bölgə müxbiri 1 Aprel - Beynəlxalq Gülüş Günü münasibətilə Qaxda olub, rayonda yumor hissi güclü olan, baməzə insanların lətifələrini dinləyib.

Qaxın təbiəti kimi insanları da saf və zəhmətsevərdir. Bu zəhmətsevərliyin mayasında həm də mehribanlıq, bir-birinə qarşı səmimi münasibət, ünsiyyət dayanır. Uzun illər apardığımız müşahidələr, insanlarla etdiyimiz söhbətlərdən belə qənaətə gəlmək olur ki, Qaxda da baməzə insanlar yetərincə olub və var. Onların maraqlı söhbətləri, bəzən ibrətamiz hərəkətləri bu gün lətifələrdə yaşadılır.

“Rayonda baməzə insanları və lətifə sevərləri harada tapmaq olar” - deyə, sual etdikdə ilk ağlımıza gələn ünvan Qax Dövlət Kukla Teatrı olur. Araşdırmaçı jurnalist Nadir Ziyadlı deyir ki, teatrın gənc kollektivi vaxtaşırı olaraq rayonun kənd və qəsəbələrində tamaşalarla çıxış edir. Eyni zamanda insanlarla canlı ünsiyyət yaradırlar. Digər tərəfdən kollektivin üzvlərinin hərəsi bir kənddən olduğundan elə onların ləhcələri ilə etdikləri söhbətlərin özü belə lətifələrdir. “Qax rayonu öz ləhcəsi, dialekti ilə fərqlənən, çoxlu lətifələri olan rayondur. Burada bəlkə də hər kəndin özünün ləhcəsi var. Hər kənddə baməzə insanlar olub və onların söhbətləri həmişə dildən-dilə yayılıb, gülüş mənbəyinə çevrilib. Fərəhləndirici haldır ki, bizim Sarıbaşda Zabit dədə, İlisuda Sadəddin dayı və Abdukərim baba, Almalıda İsrafil dayı, eləcə də Dəymədağlıda, Qıpçaqda da da tanınmış baməzə insanlarımız olub”, - deyən Nadir müəlim təəssüflə bildirir ki, onları üzə çıxara, maraqlı əhvalatlarını, lətifələrini yazı halına sala, kitab şəklində çap edə bilməyiblər. Lakin onların obrazları yaşadılır və lətifələrindən, deyimlərindən bu gün də istifadə olunur.

Qax Dövlət Kukla Teatrının əməkdaşı Əhməd Əhmədlinin nəsli, ata-baba şəcərəsi Sarıbaş kəndindəndir. Yarı zarafat, yarı ciddi deyir ki, Qaxın hansı kəndində qarpız kəssən onun içindən bir sarıbaşlı çıxacaq. Bu da o anlama gəlir ki, sarıbaşlılar rayonun əksər kəndlərində məskunlaşıb, ya qız verib, ya da qız alaraq qaynayıb qarşıblar. Bu arada Əhməd qonşu İlisu kəndi ilə bağlı sualımıza cavab vermir, öz ləhcəsində “Gəlin onların bostanına daş atmayaq. Onsuz da sürhüllü məsələsində ulduzlarımız barışmır” - deyə, gülümsəyir.

O deyir: “Bax, bizim Sarıbaşda Zabit dayı vardı, Allah ona qəni-qəni rəhmət eləsin. Kişi ömrü boyu ağır kran maşını sürüb, zəhmətkeş adam idi. Bir gün Zabit dayı yaman azarlayır, yatağa düşür. Kəndimizin tibb bacısı da hər gün gəlib buna iynə vururmuş ki, tez ayağa qalxsın.

Deməli, növbəti gün tibb bacısı gəlir Zabit dayıgilin qapısına, boylanır görür ki, hər gün burada dayanan o yekə kran maşını yoxdur. Qız da elə bilir ki, ağsaqqal sağalıb, maşını da sürüb gedib iş dalınca. Daha qapını döymür, elə ordan da geri qayıdır.

Səhəri gün qız yenə gəlir, Zabit dayı bunu görən kimi soruşur:

- A qızım, dünən niyə gəlməmişdin, bəs mənim iynəm noldu?

Tibb bacısı da qayıdır ki:

- Zabit dayı, vallah səhər gəldim, gördüm qapıda kran yoxdur. Dedim yəqin sağalıb getmisən, ona görə geri qayıtdım.

Zabit dayı da özünü sındırmadan, o məşhur sarıbaşlı zarafatıyla deyir:

- A qızım, mənə bax... Sən o iynəni o boyda krana vurasıydın, yoxsa manaaa?..”

Teatrın digər əməkdaşı Vasif Fikrətli isə aranda yerləşən Almalı kəndindəndir. Deyir ki, baməzə insanlardan danışarkən haradan və kimdən başlayacağını bilmir. Kəndin o qədər baməzələri olub ki, saymaqla bitməz. “Bizim kənddə İsrafil dayı vardı. Çox baməzə insan idi. Uşaqla-uşaq, böyüklə-böyük idi. İstənilən söhbətinə yumor qata və insanı güldürə bilərdi. Lakin özünün dodağı belə qaşçmazdı. Hələ qonşu kəndlərdən gələn olanda onların bütün şəcərəsini, ətrafını tanıyaraq elə söhbətlər qurardı ki, onu dinləyən inanardı” - deyən, Vasif Fikrətli İsrafil dayının lətifələrindən, söhbətlərindən yorulmadıqlarını bildirir.

Müsahiblərimizin biri digərindən maraqlı, baməzə söhbətlərini dinlədikcə Kukla Teatrının qarderobundakı persenojlar da sanki bizə qoşulub gülür və düşünürdü. Nadir Ziyadlı bu günə kimi Qaxda belə baməzə insanlar haqqında dolğun məlumatlar toplayıb onu qaydaya, yazıya, kitab şəklinə sala bilmədiklərinə görə təəssüflənir. Lakin qarşıdakı illərdə teatrın kollektivi, xüsusən gənclər həm bir ssenari üzərində işləyəcəklərini, həm də Qax lətifələrini bir araya toplayıb kitab halında çap edəcəklərini planladıqlarını bildirirlər.

Müxbir - Rasim İslamoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
16
3
azertag.az

4Источники