RU

ABŞ-dan ŞOK: Cənubi Qafqaza yeni TƏHLÜKƏ

Cənubi Qafqazda yenidən siyasi və təhlükəsizlik gərginliyi yaşana bilər. Bu barədə ABŞ-ın “kölgə kəşfiyyatı” sayılan “Stratfor” analitik mərkəzinin təhlilində deyilir.

“Beyin mərkəzi”nə görə, İran üzərində müharibə regional qeyri-sabitliyi dərinləşdirdikcə və Ermənistan seçkiləri Azərbaycanla sülh danışıqlarının gələcəyini sınadıqca belə bir riskin artması istisna olunmur. “İranla müharibənin yaratdığı regional qeyri-sabitlik Azərbaycanı yüksək təhlükəsizlik sayıqlığını qorumağa məcbur edəcək. Bakı sərhəddəki mövcudluğunu gücləndirməyə və əsas enerji infrastrukturunun qorunmasını təmin etməyə davam edəcək, baxmayaraq ki, münaqişədə birbaşa iştirak ehtimalı azdır. Eyni zamanda, enerji qiymətlərinin artması ixrac gəlirlərini artıracaq, lakin ölkənin məhdud istehsal gücü səbəbindən qazanc məhdud olacaq. İrəvan isə alternativ quru təchizat yolları axtardığı üçün daha yüksək qiymətlər Ermənistanla yanacaq ticarətini də stimullaşdıracaq”, - təhlildə qeyd olunur.

Daha sonra bildirilir ki, Ermənistanın qütbləşmiş seçiciləri iyun ayında seçkilərə gedəcəklər və bu, Azərbaycanla sülh prosesinin davam edib-etmədiyini müəyyənləşdirə bilər: “Baş nazir Nikol Paşinyanın yenidən seçilməsi onun Bakı ilə əməkdaşlıq etmək və Avropa İttifaqı ilə əlaqələri dərinləşdirmək səlahiyyətini gücləndirəcək. Müxalifət uğur qazanarsa, Ermənistanın danışıqlarda mövqeyi, o cümlədən konstitusiya dəyişiklikləri və Azərbaycanla münasibətlərin normallaşdırılması məsələlərində daha da sərtləşə bilər. Öz növbəsində Rusiya Ermənistandakı seçki gərginliyindən istifadə etmək üçün hibrid vasitələrdən yararlana bilər, o cümlədən etirazları qızışdırmaq və səsvermə zamanı və dərhal sonra siyasi qeyri-sabitliyi artırmaq üçün”...

Bu risklərin gerçəkləşməsi ehtimalı necədir?

Çingiz

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bildirib ki, regionda həqiqətən də siyasi hərarət yüksəlməkdə və gərginlik artmaqdadır. Onun sözlərinə görə, hərbi eskalasiyalar və strateji qarşıdurmanın güclənməsi bu gərginliyə səbəb olmaqdadır. Ç.Qənizadə qeyd edib ki, baş verənlər ölkəmizdən kənarda baş versə də, bölgədə cərəyan edən hadisələr bu və ya digər şəkildə Azərbaycana təsir göstərir:

"Azərbaycan bölgədə dayanıqlı sabitlik və təhlükəsizliyin olmasında maraqlıdır. Biz sülh şəraitində yaşamaq üçün addımlarımızı atırıq. Ancaq Azərbaycandan asılı olmayan proseslər baş verir və regionda sülhə təhdidlər yaradır. Onlardan biri İrana hücum və müharibənin davam etməsidir. Azərbaycan ABŞ ilə İran arasında tezliklə razılaşma əldə olunmasını gözləyir. Çünki uzunmüddətli eskalasiya regionda sülhü gecikdirə bilər. Nəzərə alaq ki, Zəngəzur dəhlizi Trampın adını daşıyacaq və indiki şərait ABŞ ilə İranın bölgədə toqquşmasını genişləndirə bilər ki, bu da maraqlarımıza uyğun deyil. Bu vəziyyət dəhlizin açılması prosesini yubada bilər".

Hüquqşünas hesab edir ki, ikinci məsələ Ermənistan seçkilərində Paşinyanın qələbəni təmin etməsidir və bu da Azərbaycanın istəklərinə uyğundur:

"Digər siyasi qüvvələrin hakimiyyətə gəlişi sülh prosesini yubada, blokadada olan nəqliyyat kommunikasiyalarının açılmasını tormozlaya bilər. Bu mənada həm İrana qarşı müharibənin yekunlaşması, həm də Paşinyanın seçkilərdə qalib gəlməsi kimi bölgəni gözləyən iki kritik və taleyüklü məsələlər var. Bu baxımdan, Cənubi Qafqazla əlaqədar narahatlıq dolu proqnozlar səslənir. Lakin biz qət edilən sülh yolunun məntiqi sonuna çatacağına inanırıq".

Emil SALAMOĞLU
Musavat.com

Избранный
13
1
musavat.com

10Источники