RU

Azərbaycan son 5 ildə alma ixracını 2 dəfə artırıb

Bakı, 1 aprel, AZƏRTAC

Azərbaycanda aqrar sektorun davamlı inkişafı, istehsalın şaxələndirilməsi və rəqabətqabiliyyətli məhsul çeşidinin artırılması qeyri-neft ixracının genişləndirilməsi və diversifikasiyası baxımından strateji əhəmiyyət daşıyır. Son illər ərzində kənd təsərrüfatı sektorunda həyata keçirilən məqsədyönlü islahatlar, müasir becərmə texnologiyalarının və ağıllı kənd təsərrüfatı həllərinin tətbiqi, eləcə də dövlət tərəfindən qeyri-neft sektorunun ixrac potensialının dəstəklənməsi nəticəsində ölkəmizdə ənənəvi və perspektivli sahələrdən biri sayılan almaçılıq daha da inkişaf edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın müxtəlif torpaq-iqlim şəraitinə uyğunlaşan alma bağlarının ümumi sahəsi 2024-cü ilin əvvəlinə 24,6 min hektara çatıb. Həmin il üzrə ümumi məhsul yığımı 293,3 min ton təşkil edib. Alma istehsalında əsas pay Quba-Xaçmaz iqtisadi rayonuna məxsus olub – bu bölgədə 206,9 min ton məhsul yığımı həyata keçirilib.

Qeyd edək ki, kənd təsərrüfatı məhsulları arasında alma ən çox ixrac olunan məhsullardan biridir. 2025-ci ildə 75,1 milyon dollar dəyərində alma ixrac olunub ki, bu da əvvəlki illə müqayisədə 21,3 faiz çoxdur. Cari ildə də alma ixracında müsbət tendensiya müşahidə olunur. Belə ki, yanvar-fevral aylarında 17,6 milyon dollar dəyərində alma xaricə tədarük olunub, bu da ötən ilin müvafiq ayları ilə müqayisədə 29,8 faiz artım deməkdir. Ümumilikdə, son 5 ildə (2021-2025-ci illər ərzində) alma ixracının dəyəri 283,6 milyon dollara çatıb, 2025-ci ildə isə bu göstərici 2021-ci illə müqayisədə 2 dəfə artıb.

Ötən il Azərbaycandan 16 ölkəyə alma ixrac olunub. Hesabat ilində əsas ixrac istiqamətləri Rusiya, Türkiyə, BƏƏ, Özbəkistan, Qazaxıstan, Qətər və İraq olub.

Избранный
37
4
azertag.az

5Источники