Azərbaycanlı FİFA referisi Tural Qurbanov ötən gün ilk dəfə beynəlxalq oyunda baş hakim kimi oyun idarə edib.
Arena.az xəbər verir ki, o, 17 yaşadək futbolçular (U-17) arasında təşkil edilən Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində baş tutmuş Niderland – Belarus matçının baş hakimi olub.
Tural Qurbanov Niderlandın 2:1 hesabı ilə qalib gəldiyi görüşdə 3 futbolçuya sarı vərəqə göstərib. O, meydan sahiblərinin iki, qonaqların isə 1 oyunçusuna rəsmi xəbərdarlıq edib.
Xatırladaq ki, bu oyunda digər azərbaycanlı hakim Asiman Əzizli də Tural Qurbanovun köməkçisi funksiyasını yerinə yetirib.
Üç komandanın yer aldığı 7-ci qrupda Niderland 2 oyuna topladığı 6 xalla lider olub. Belarus 3 xalla 2-ci yeri tutubsa, hər iki matçda uduzmuş Kosovo sonuncu yerlə kifayətlənib.
