RU

"İqlim dəyişmələri icra olunan, hazırda tikilən yol, dəmir yolu və digər infrastruktur layihələrində ayrıca bənd kimi nəzərə alınmalıdır" - RƏY

Son günlər ölkə ərazisində müşahidə olunan intensiv yağıntılar bir sıra bölgələrdə yol infrastrukturunun vəziyyətini daha da ağırlaşdırıb. Yağış suları nəticəsində yolların yararsız hala düşməsi, çuxurların yaranması və bəzi ərazilərdə hərəkətin çətinləşməsi sürücülərin və piyadaların narazılığına səbəb olub. Mövcud vəziyyət bir daha yol şəbəkəsinin dayanıqlılığı və görülən tədbirlərin yetərli səviyyədə, keyfiyyətdə olmaması məsələsini gündəmə gətirib.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyevin bildirib ki, Bakıda yağış sularını idarə edən sistem təkmil deyil, bu, faktdır.

 

Ekspert:

 

Onun sözlərinə görə, adi yağışda belə suyu yönləndirmək üçün sistem istənilən səviyyədə deyil: “Mövcud şəbəkənin özü belə məişət kanalizasiyasına qoşulub və bu da əlavə problemlər yaradır. Məlum olduğu kimi, son illərdə Bakıda iqlim dəyişikliyi nəticəsində yağışlı günlərin sayı artıb. Əvvəllər səhərlər yağış yağıb günorta kəsirdisə indi intensiv, dayanmadan üç gün yağır. Deyildiyi kimi normadan artıq yağıb. Bu da əlavə problemlər yaradıb. Onsuzda şəbəkəyə bu suyu yönləndirmək üçün imkan yox idi, məhdud idi, suyun da həcmi çox olanda bu ümumi olaraq şəhər nəqliyyatı, küçə-yol şəbəkəsini, nəqliyyat vasitələrinin hərəkətini iflic hala gətirir. İstər ictimai, istərsə də fərdi nəqliyyat olsun, hər birinə təsir göstərir və bəzi sahələrdə yolların bağlanması, hərəkətin məhdudlaşdırılması kimi hallar müşahidə edilir”.

 

R.Ağamirzəyev qeyd edib ki, problemlərin həlli üçün qərar mövcuddur: “Keçən ildən başlamış şəhərin fərqli istiqamətlərində müasir kollektorlar mikrotunel üsulu ilə tikilir. Həmçinin də 2026-2035-ci illəri əhatə edən Dövlət Proqramı bu il yanvarın 12-də qəbul olunub. Ümumi həm yağış, həm qrunt suları, məişət kanalizasiyası, su sisteminin tam təkmilləşdirilməsi layihəsinə start verilib. İlkin olaraq müxtəlif hövzələr üzrə kollektor tikintisi icra olunur. Bu da həm suların idarə edilməsinə müsbət təsir göstərir, həm də Xəzərin ekologiyasına, yəni Xəzərə axıdılan suların bir mərkəzdə təmizlənilib sonradan axıdılmasını təmin edə bilər. Digər önəmli məsələ budur ki, müəyyən hissəsi də təmizlənilib yenidən məişət ehtiyacları, məsələləri üçün istifadə olunacaq. Bu məsələnin mərhələli şəkildə icrası nəzərdə tutulur. Hesab edirəm ki, ilkin nəticələr 2028-ci ildə görünəcək. Hazırda tikilən əsas kollektorların fəaliyyətə başlaması isə görülən işlərə birbaşa təsir göstərəcək".

 

Nəqliyyat mütəxəssisi onu da vurğulayıb ki, iqlim dəyişirsə, burada ciddi maarifləndirmə işləri də aparılmalıdır: “Dünyanın hər tərəfində olduğu kimi, bizdə də su basan, torpaq sürüşməsi baş verən, yanğın olan ərazilərin, çay məcraları harada çıxırsa, onların CİS bazasında xəritələşdirilib və cəmiyyətə açıq şəkildə qoyulması təmin olunmalıdır. Həmçinin iqlim dəyişməsi ilə bağlı ciddi maarifləndirmə tədbirləri, böhran kommunikasiyası ilə işlər görülməlidir. Bu baş verənlər təkcə Azərbaycanda deyil. Ətrafımızda bizdən dəfələrcə daha pis nəticələnən hallar var. Dağıstanın Dərbənd şəhərində baş verənlər, Xasavyurdda, ümumiyyətlə, dəmir yolu körpüsünün dağılmasına gətirib çıxarıb. Qafanda sel şəhəri iflic vəziyyətə gətirib. Regionlarımızda, Qusarda da selin ciddi fəsadları var. Bu məsələnin sistemli şəkildə maarifləndirilməsi və ictimaiyyətin məlumatlandırılması vacibdir. Bununla yanaşı, iqlim dəyişmələri ölkəmizdə icra olunan, hazırda tikilən yol, dəmir yolu və digər infrastruktur layihələrində ayrıca bir bənd kimi nəzərə alınmalı və yenidən qiymətləndirilməlidir. Ənənəvi yanaşmalar mövcud olsa da, iqlim dəyişmələri bütün yeni layihələrə inteqrasiya edilməli və bu istiqamətdə yaranan ciddi çağırışlara qarşı hazırlıqlı vəziyyət təmin olunmalıdır”.

 

Şəhanə Quliyeva

Tarix: 1 Aprel 2026, 13:12   
Избранный
20
42
pravda.az

10Источники