RU

ABŞ-ın İran qarşısında acizliyi: Ağ Evə xəbərdarlıq edilibmiş, amma...

ABŞ hərbçilərinin Yaxın Şərqdəki bazaların zəifliyi ilə bağlı hakimiyyətə əvvəlcədən xəbərdarlıq etdiyi, lakin Ağ Evin bu çağırışlara məhəl qoymadığı üzə çıxıb.

Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri məlumat yayıb.

Məlumata görə, hərbi komandanlıq İranla mümkün münaqişə zamanı Fars körfəzi ölkələrindəki bazaların müdafiəsiz qalacağı barədə Vaşinqtona xəbərdarlıq edib. Potensial hədəflər arasında Səudiyyə Ərəbistanındakı "Şahzadə Sultan" aviabazasının da adı çəkilib. Məhz həmin baza martın 27-də hücuma məruz qalıb. Nəticədə 12 ABŞ hərbçisi yaralanıb, bir neçə yanacaqdolduran təyyarə və "Boeing E-3 Sentry" uzaq mənzilli radiolokasiya təyyarəsi sıradan çıxıb.

Hərbçilər əsas aviasiya qüvvələrini İran sərhədlərindən uzağa - ölkənin qərbinə köçürməyi təklif etsələr də, bu tədbirlər görülməyib. Nəşrin iddiasına görə, həm eks-prezident Co Bayden, həm də hazırkı dövlət başçısı Donald Tramp administrasiyası Qırmızı dəniz sahilində yeni bazaların yaradılması ideyasını dəstəkləməyib. Bunun əvəzinə, Pentaqon əsas diqqəti Sakit okean regionunda hərbi gücü artırmağa yönəldib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlar vəziyyəti daha da gərginləşdirib. Tehran daxil olmaqla bir neçə şəhərin vurulmasına cavab olaraq, İran tərəfi İsrailə və ABŞ-ın regiondakı (Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanı) hərbi obyektlərinə genişmiqyaslı zərbələr endirməyə başlayıb.

Избранный
39
50
publika.az

10Источники