RU

Aqrar sektorda torpaq idarəçiliyi necə təkmilləşdirilməlidir? - ekspert rəyi

Bakı, 1 aprel, AZƏRTAC

Kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə və bu sahədə idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi iqtisadi siyasətin prioritetlərindən biri olmalıdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisad elmləri üzrə fəlsəfə doktoru, iqtisadçı-ekspert Günay Hüseynova bildirib. “Son illər xüsusilə Bakı və ətraf ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlarda qanunsuz tikililərin artması müşahidə olunur ki, bu da aqrar sektorun inkişafına mənfi təsir göstərir. Belə torpaqların yaşayış məqsədilə istifadəsi kənd təsərrüfatı potensialının azalmasına gətirib çıxarır. Kənd təsərrüfatı təyinatlı torpaqların alqı-satqısı zamanı daha sərt tənzimləmə mexanizmləri tətbiq olunmalıdır. Bu kateqoriyaya aid torpaq sahələrini əldə etmək istəyən şəxslər müvafiq biznes plan təqdim etməli və həmin torpaqdan təyinatına uyğun istifadə edəcəklərini əsaslandırmalıdırlar”, - deyə G.Hüseynova bildirib.

Ekspert əlavə edib ki, torpaq sahələrinin faktiki istifadəsi üzərində mütəmadi monitorinqlər aparılmalı, təyinatına uyğun istifadə edilməyən sahələr üzrə zəruri tədbirlər görülməlidir. Bununla yanaşı, bəzi hallarda torpaqların yararsızlığı nəzərə alınaraq onların təyinatının dəyişdirilməsi məsələsinə də baxıla bilər.

G.Hüseynovanın sözlərinə görə, kənd təsərrüfatı torpaqlarının istifadə olunmaması iqtisadiyyatda “ölü kapital”ın formalaşmasına səbəb olur. Lakin vətəndaşlar bu torpaqları çox zaman yaşayış sahəsi kimi dəyərləndirdikləri üçün problem daha da dərinləşir.

Ekspert vurğulayıb ki, aqrar sektorun inkişafı üçün regionlarda infrastrukturun yaxşılaşdırılması mühüm əhəmiyyət kəsb edir. “Yol, logistika və satış imkanlarının məhdudluğu kənd təsərrüfatı ilə məşğul olan əhalinin fəaliyyətini çətinləşdirir və bu sahəyə marağı azaldır. Bununla yanaşı, kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi də vacib amillərdən biridir. Müasir ferma modellərinin qurulması, avtomatlaşdırılmış sistemlərin tətbiqi və istehsal şəraitinin yaxşılaşdırılması məhsuldarlığın artmasına və sektorun rəqabət qabiliyyətinin yüksəlməsinə imkan verə bilər. Qeyd olunan problemlər kompleks şəkildə həll olunmadan kənd təsərrüfatında dayanıqlı inkişafın təmin edilməsi çətin olaraq qalır. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində həm aqrar, həm də texnoloji sahələrin paralel inkişafı vacibdir”, - deyə o bildirib.

Müxbir – Pərvanə Qafarova

 

Избранный
30
azertag.az

1Источники