RU

4 ölkədən gözlənilməz ADDIM- İsrailə QARŞI…

Məsələ ilə bağlı deputat Tural Gəncəliyev Ajans.az-a açıqlama verib.  Tural Gəncəliyev deyib ki, Misir, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan xarici işlər nazirləri arasında İslamabadda keçirilən görüş dünya gündəmini zəbt etdi. Görüşün əsas məqsədi İranın üzərinə edilən hücum kontekstində müharibənin sona çatdırılması üçün diplomatik-siyasi həll yollarının axtarılmasıdır. Görüşdə münaqişə tərəfləri olan ABŞ, İsrailİran iştirak etməyib. Bu isə avtomatik olaraq əsas müharibə iştirakçıları olmadan müharibənin dayandırılmasına necə təsir göstərə biləcəyi məsələsini sual altına qoyur. Münaqişə tərəfləri olmayan bir görüş  effektiv ola bilməz.  “Hesab edirəm ki, bu görüşün əhəmiyyəti İran ətrafında gedən müharibənin sona çatdırılmasından daha çox bu dörd ölkənin öz suverenliyinə, milli maraqlarına uyğun şəkildə təhlükəsizliklərini təmin etməsi ilə bağlı idi. Çünki artıq ABŞ-ın İsraillə birlikdə İrana qarşı başlatdığı hücumdan sonra Yaxın Şərq və Fars körfəzi ölkələrində yerləşən Amerika bazaları həmin ölkələrin təhlükəsizliyini təmin edə bilmədi. Əksinə, bu bazaların mövcudluğuna görə həmin ölkələr İran tərəfindən raket zərbələrinə məruz qaldı və bu, onlar üçün təhlükəsizlikdən çox təhlükə mənbəyinə çevrildi.”-deyə, deputat açıqlayıb.  Deputat qeyd edib ki, bu ölkələr Amerika bazalarını öz ərazilərinə təhlükəsiz olmaq üçün yerləşdirmişdilər, amma əksinə bu, onlar üçün risk yaratdı. Buna görə də ABŞ və İsrail koalisiyasının İrana qarşı ciddi uğur əldə edə bilməməsi region ölkələrini öz siyasətlərini dəyişməyə, təhlükəsizlik və hərbi-siyasi konsepsiyalarına yenidən baxmağa vadar edir. Bu səbəbdən regionun ən böyük və güclü ölkələri – Türkiyə, Pakistan, Misir və Səudiyyə Ərəbistanı bir araya gələrək regionun gələcəyini, müharibənin nəticələrinin necə olacağını, kimə necə təsir edəcəyini müzakirə edirlər. Eyni zamanda Hörmüz boğazının bağlanmasından sonra yaranan vəziyyət də çox önəmlidir. Çünki Pakistan və Türkiyə böyük neft idxalçılarıdır, Səudiyyə Ərəbistanı isə əsas neft və qaz ixracatçılarındandır. Millət vəkili əlavə edib ki, əgər Hörmüz boğazı bağlanarsa, alternativ marşrutların nə olacağı məsələsi xüsusilə Səudiyyə Ərəbistanı üçün vacibdir. Səudiyyə Ərəbistanı neft ixracını Hörmüz boğazı üzərindən deyil, quru ərazilərdən keçən boru kəmərləri vasitəsilə Qırmızı dəniz istiqamətinə yönəltməyə başlayıb. Bu vəziyyət Misir üçün də çox önəmlidir. Çünki Yəməndə husilərin müharibəyə qoşulması nəticəsində Bab əl-Məndəb boğazı bağlanarsa, bu, Misirin iqtisadiyyatına və ticarətinə ciddi zərbə vura bilər. Çünki bu boğazın bağlanması Süveyş kanalının əhəmiyyətinin azalmasına səbəb ola bilər. Nəticədə, İslamabad görüşü İrana edilən hücumdan daha çox yeni yaranmış reallıqlar fonunda bu dörd ölkənin öz milli təhlükəsizliyini və maraqlarını necə qoruyacaqları və bu istiqamətdə necə əməkdaşlıq edəcəkləri məsələsinə həsr olunmuşdur.

Deputatın sözlərinə görə, artıq Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında müəyyən çərçivə razılaşması əldə olunmuşdu. Türkiyə də bu platformaya qoşulmağa çalışırdı, lakin müəyyən diplomatik-siyasi məsələlər var idi. Bu gün isə Misirin də daxil olduğu dördlü platformanın formalaşdığını görürük. Bu isə onu göstərir ki, regionda yeni reallıqlar yaranır. Əgər ABŞ həqiqətən də Yaxın Şərqdə zəifləyərsə, region tamamilə yeni bir mərhələyə qədəm qoyacaq və ölkələr artıq indidən bu ehtimalları müzakirə edirlər.

Избранный
50
Ajans.az

1Источники