RU

"İnsan klonu patent obyekti kimi qəbul edilə bilməz" -Adil Qeybulla

İnsanın klonu patent obyekt kimi qəbul edilməyəcək. Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Patent haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, patent hər hansı bir ixtiraya verilmiş məhdud tətbiq hüququna malik olan ən yüksək hüquq qoruyucusu, insan klonu isə genetik olaraq bir insana bənzəyən tam yeni insan yaratmaqdır.

Tibb elmləri doktoru, professor Adil Qeybulla Redaktor.az-a açıqlamasında bildirdi ki, insanlar üzərində klinik eksperimentlər mənasına gələn və gələcəkdə hansısa ciddi mənəvi, etik problemlər yaradacağı proqnozlaşdırılan bütün klinik və eksperimental tədqiqatlar, o cümlədən insanın klonlaşdırılması dünyada qadağan edilib:

""Dolly" qoyunu (yetkin bir hüceyrədən klonlanan ilk məməli heyvan idi. Alimlər yetkin qoyunun süd vəzi hüceyrəsindən nüvəni "surroqat ana"nın — nüvəsi çıxarılan qoyunun yumurtasına daxil edir. Elektrik boşalması ilə işə salınır. Beləcə "Dolly" altı il yaşayır və altı quzu doğur) eksperimentindən sonra bu məsələ qadağan edildi. Ümumiyyətlə, hesab edirəm ki, insanın əzalarının, insanın genetik materialının ölkədən çıxarılması, müxtəlif məqsədlər üçün istifadə edilməsi — bütün bunlar hamısı qanunla tənzimlənməlidir".

Həkim hesab edir ki, yanaşma doğrudur və bu, beynəlxalq standarta uyğun bir qərardır:

"Amma hələlik bunun Azərbaycanda reallaşması real da deyil. Yenə də qərar şəklində qanunda olması vacibdir ki, ən azından cəhdlər də olmasın.

Elm inkişaf edir. Bu gün artıq orqan köçürülməsi məsələsi ilə bağlı donuz orqanlarının genetik modifikasiya yolu ilə insan genomuna yaxınlaşdırılması məsələləri yavaş-yavaş öz həllini tapmaqdadır və biz yaxın gələcəkdə yəqin ki, bu problemin də həllinə nail olacağıq. Hesab edirəm ki, o istiqamətdə işlər aparılır və o baxımdan da yəqin ki, insan genetik materiallarından ayrı məqsədlər üçün istifadə edilməsinə də zərurət qalmayacaq. Əlbəttə, insan klonu patent obyekti kimi qəbul edilə bilməz, bu, Helsinki Deklarasiyasının müddəalarına ziddir".

Aytəkin TOFİQQIZI

Избранный
6
redaktor.az

1Источники