RU

İrəvan Azərbaycanlıların Soyqırımını tanımalıdır – Qarabağı Azərbaycan ərazisi olaraq tanıdığı kimi!

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 5 vaqondan ibarət yük qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb. Yayılan məlumatda bildirilir ki, taxılın ümumi çəkisi 349 tondur.

İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23,5 min ton taxıl, 1000 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.

79da7c665be2dfd0a840cd5543a341a0.jpeg

Beləliklə, ötən il ölkə Prezidenti Ermənistana aid yüklərin Azərbaycandan daşınmasına icazə verdikdən sonra qatarlar bir-birinə calanıb. Rusiya ilə quru əlaqələrin Yuxarı Lars keçid məntəqəsində “havadan asılı vəziyyətə” düşməsi ermənilər üçün işgəncəyə bərabər idi. Amma artıq “gün işığı”na çıxıblar, günəşli Azərbaycan dövlətinin humanizmi sayəsində. Buraya Azərbaycandan göndərilən neft məhsullarını da əlavə etsək, ölkəmizin Ermənistana nə qədər böyük yaxşılıqlar etdiyinə kimsənin şübhəsi olmaz. Nikol Paşinyan özü dəfələrlə Azərbaycan Prezidentinə və dövlətinə təşəkkür edib, həmçinin Azərbaycan benzininin Ermənistandakı inhisarçılığa zərbə vurmasından, yanacağın ucuzlaşmasından ağız dolusu danışıb. Əslində Azərbaycanın yandırdığı “yaşıl işıq” Paşinyan komandası üçün seçkiöncəsi əlavə dividendlər vəd edir.

Amma nə olsun, nankorluq, nanəciblik hakim kəsildiyi yerdə yaddaş zəif olar, yaxşılıqlar çox tez unudular.

Ermənistan mediası martın 31-də Azərbaycan Xarici İşlər Nazirliyinin 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş dəhşətli soyqırım aktının növbəti ildönümü münasibətilə yaydığı bəyanatla bağlı material tirajlayıb.

e2a8558a-9f16-37b2-907d-679e429310d9_1200.jpg

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan “Armenpress”ə müsahibəsində Azərbaycan Xarici İşlər Nazirliyinin 31 mart 2026-cı il tarixli bəyanatına münasibət bildirib. Cavaba diqqət:

“Onilliklər ərzində davam edən qarşıdurmalarda bir sıra düşmənçilik və yalançı rəvayətlər yaranıb, təəssüflər olsun ki, Azərbaycanda dövlət səviyyəsində onlardan istifadə olunur. Ümid edirik ki, Ermənistan və Azərbaycan arasında bərqərar olan sülh iki dövlət və cəmiyyət arasında sabit, dinc yanaşı yaşama və mehriban qonşuluq münasibətlərinin qurulmasına xidmət etməklə yanaşı, həm də uzaqgörən tezislərin mövcudluğuna son qoyacaq, nifrətin qızışdırılmasını aradan qaldıracaq”.

Ani Badalyanın “məntiqi”ndən belə çıxır ki, Azərbaycan erməni daşnaklarının və ümumiyyətlə, hayların törətdiyi cinayətləri unutmalı, bir daha yada salmamalıdır, nədi-nədi, iki ölkə arasında sülh prosesinə start verilib.

Ermənistan XİN təmsilçisi daha sonra Vaşinqton razılaşmasını xatırladır və minnət qoymağa cəhd edir:

“Yada salaq ki, Ermənistan və Azərbaycan liderləri bu məsələ ilə bağlı Vaşinqtonda da razılığa gəliblər. 2025-ci il avqustun 8-də imzalanmış bəyannamənin 5-ci bəndində insanların saysız-hesabsız iztirablarına səbəb olan münaqişədən sonra iki xalq arasında düşmənçilik səhifəsinin bağlanmasının və onlar arasında mehriban qonşuluq münasibətlərinin başlanmasının mümkünlüyündən açıq-aydın danışılır”.

Yəni Vaşinqtonda razılaşma əldə olunubsa, 1918-ci ilin mart-aprel qırğınlarından, azərbaycanlıların öz dədə-baba yurdlarından deportasiya olunmasından, Qarabağın və Şərqi Zəngəzurun 30 il ərzində işğal altında saxlanmasından, üs-üstə bir milyona yaxın azərbaycanlının canına və malına tutulan divanlardan, Bağanis Ayrım, Xocalı, Quşçular, Malıbəyli, Başlıbel, Ağdaban, Kəlbəcər, Meşəli dəhşətlərindən, Kəlbəcərin Tunel müsibətindən, Azərbaycanın 20 faiz ərazisində törədilmiş vandalizm aktlarından danışmamalıyıq?! Bəlkə deyəsiniz daha Vaşinqtonda sülh razılaşması olub, itkin düşmüş 4 min azərbaycanlını da yada salmayın. Bu günlərdə növbəti mina partlayışı oldu, vətəndaşımız yaralandı, bəlkə Ermənistanın torpaqlarımızda davam edən mina terroruna da toxunmayaq, Aninin və komandadaşlarının xətrinə dəyər...

1743754429_6c1e2-1543216874.jpg

Elə bu yazını yazarkən Ağdərədə növbəti mina partlayışı və vətəndaşımızın xəsarət alması barədə xəbər gəldi.

Azərbaycan Xarici İşlər Nazirliyinin 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanatındakı faktları təkzib etməyə Badalyanın yox, bütövlükdə hay (küy) tayfasının hünəri çatmaz.

Bəyanatda öncə bildirilir ki, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü, radikal erməni qruplaşmaları tərəfindən xalqımıza qarşı törədilmiş dəhşətli qətliamlardan 108 il ötür. Azərbaycan dövləti sülh razılaşmasına nə qədər sadiq olduğunu nümayiş etdirməkdən ötrü xüsusilə vurğulayıb ki, soyqırım radikal ermənilər tərəfindən törədilib. Ötənilki bəyanatda da oxşar məzmun var idi, baxmayaraq ki, hələ Vaşinqton prosesi başlamamışdı, amma Azərbaycan dövlətinin irəli sürdüyü sülh şərtləri ortada idi və xarici siyasət idarəsi də bu siyasətə uyğun mövqe sərgiləyirdi. Əvvəlki illərdə sadəcə ermənilərin törətdiyi soyqırımlardan söhbət gedirdisə, sonrakı dönəmlərdə artıq radikal ermənilərin cinayətlərindən bəhs olunur. Soruşan gərək, bəlkə belə deyil, Ani? Olmaya Andranikin də cinayətlərini malalayasan?!

XİN

Azərbaycan XİN bəyan edib:

“1918-ci ilin martında Bakı Sovetinin 6000 və “Daşnaksütyun” partiyasının 4000 silahlı üzvü tərəfindən həyata keçirilmiş soyqırımı etnik təmizləmə siyasətinin ən qəddar nümunələrindən biri kimi tarixə həkk olunub. Həmin dövrdə Qafqazın Fövqəladə Komissarı Stepan Şaumyanın etirafları da sübut edir ki, bu qırğınlar “əksinqilabçılıqla mübarizə” pərdəsi altında məhz milli nifrət zəminində törədilib. Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan və İrəvan kimi bölgələrdə planlı şəkildə həyata keçirilmiş bu cinayətlər nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilib. Təkcə Qubada 16 mindən çox insan öldürülüb, 167 kənd yerlə-yeksan edilib. Dinc əhali ilə yanaşı, xalqımızın dini və mədəni irsi hədəf alınıb, məscidlər və tarixi abidələr dağıdılıb”.

XİN xatırladıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulmasından sonra hadisələrin tədqiqinə, habelə dünya ictimaiyyətinə çatdırılması məqsədilə xüsusi təsisatların yaradılmasına, 31 mart tarixinin ümummilli matəm günü kimi qeyd edilməsinə baxmayaraq, Cümhuriyyətin süqutu bu cinayətə siyasi-hüquqi qiymətin verilməsinə mane olub. Müstəqilliyimizin bərpasından sonra, Ümummilli Lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə bu qətliamlara dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib.

Ermənistan XİN-in mövqeyindən belə çıxır ki, Azərbaycan bütün yaxın-uzaq keçmişi unutsun və bütün nəzər-diqqətini paraflanmış sülhə yönəltsin.

Azərbaycan Prezidenti dünyanın sülhpərvər liderlərindəndir və çoxları üçün nümunəvi şəxsiyyət, dövlət başçısıdır. Ermənistanın Azərbaycana, azərbaycanlılara qarşı cinayətlərinə rəğmən, dövlətimizin başçısı bu ölkə üçün taxıl yolu açdı, ərazimizdən yükdaşımalara icazə verdi, həmçinin sülh müqaviləsinin imzalanmasından ötrü bütün maneələrin aradan qaldırılmasına dəfələrlə çağırışlar edib. Bakı hazırda İrəvanın atacağı addımları gözləyir: konstitusiyadan Azərbaycana qarşı iddiaların çıxarılmasını, Zəngəzur dəhlizinin 42 km-lik hissəsinin tikintisinə başlanılmasını. Bu məqamda Ermənistanda kimsənin haqqı yoxdur Azərbaycanda səhv tutsun! Ona görə də Ani, onun nazir Araratı, digərləri yerlərini bilməlidirlər!

Azərbaycan XİN təsadüfən xatırlatma etməyib:

“XX əsrin əvvəllərində bu qanlı soyqırımı siyasəti sonrakı dövrlərdə də davam etdirilib, əsrin sonlarına doğru azərbaycanlıların indiki Ermənistan ərazisindən kütləvi deportasiyası, Azərbaycan ərazilərinin işğalı illərində törədilmiş qətliamlar, xüsusilə Xocalı soyqırımı və digər müharibə cinayətləri ilə sistematik xarakter alıb. Azərbaycan xalqı tariximizin bu qanlı səhifələrini heç zaman unutmayacaq”.

Bəli, unutmayacağıq! Bu, bizim dövlət siyasətimizdir, Prezident İlham Əliyev hətta BMT kürsüsündən, beynəlxalq təşkilatların tribunasından dəfələrlə Azərbaycana qarşı törədilmiş cinayətləri bəyan edib, Paşinyanın olduğu auditoriyalarda belə tet-a-tet üzünə söyləyib.

İLHAMİ

31 Mart Soyqırımı ilə bağlı Ermənistan XİN Azərbaycan xalqına və dövlətinə başsağlığı verməli idi, əgər doğrudan da sülhə sadiqdirsə!  1918-ci ildə təkcə Bakı, Şamaxı, Quba, Göyçay, Zəngəzur, Qarabağ, Naxçıvan, Lənkəran, Salyanda...soyqırım törədilməyib, Cənubi Azərbaycanda da on minlərlə azərbaycanlı uşaqdan-böyüyə qətlə yetirilib. Azərbaycanlıların kökünü kəsmək istəyiblər. Nuru Paşanın rəhbərliyi ilə Qafqaz Türk Ordusu xilasa gəlməsəydi, kim bilir erməni silahlı birləşmələri Şaumyanın Bakı Soveti, daşnaksütun, bolşeviklər xalqımızın başına daha hansı müsibətlər gətirəcəkdilər?

Azərbaycanlılara qarşı soyqırım olması faktını inkar etmək Günəşi danmaq kimi bir şeydir. Eyni zamanda 1918-ci ildə azərbaycanlılara qarşı soyqırım olmayıb, demək elə Paşinyanın 2019-cu ildə “Qarabağ Ermənistandır. Nöqtə”, bəyanatına bənzər çox ciddi səhvdir, anormallıqdır! Ona görə də Ermənistan növbəti səhvlərə yol verməməli, Azərbaycanlıların Soyqırım faktını tanımalıdır, Qarabağı Azərbaycan ərazisi olaraq tanıdığı kimi!

NİKOL

Bu, Ermənistana hörmət qazandırar və həm də radikalların əl-qolunu bağlayar. Bu addımdan Paşinyan komandası da dividentlər əldə edər, beynəlxalq aləmdə də nüfuz qazanar. Bir də, heç zaman 1918-ci ilin Mart soyqırımı ilə tarixdə heç zaman olmayan 1915-ci il saxta “erməni soyqırımı” iddiaları arasında paralellik aparmağa cəhd göstərməsinlər. Yəni biz 24 apreli qabartmırıqsa, siz də 31 Martı unudun, şəklində. Türkiyəyə qarşı saxta iddialara birdəfəlik son qoyulmalıdır, digər iddialarla birlikdə! Əks halda, münasibətlərin normallaşması sadəcə söz olaraq qalacaq. Bu, həm də Azərbaycanın məsələsidir...  

Избранный
53
50
musavat.com

10Источники