Bakı, 1 aprel, AZƏRTAC
1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhərində Azərbaycan xalqına qarşı başlayan soyqırımı qısa müddətdə geniş əraziyə yayılıb. Soyqırımı Bakı ilə yanaşı, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Zəngəzur, Naxçıvanda davam etdirilib. Qeyd olunan ərazilərdə sistemli şəkildə qırğınlar törədilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Ədalət Mustafayevin “31 Mart 1918-ci il: Azərbaycanlılara qarşı soyqırımı siyasəti” mövzusunda məqaləsində bildirilib.
Məqalədə vurğulanıb ki, soyqırımından bir müddət sonra Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə İstintaq Komissiyası araşdırmalara başlayıb. Həmin dövrdə Cümhuriyyətin xarici işlər naziri Məmmədhəsən Hacınski hökumətə məruzə ilə müraciətində Azərbaycan ərazilərinin müxtəlif bölgələrində “bolşevik” adı altında erməni silahlı birləşmələrinin müsəlman əhalinin həyatına və əmlakına qarşı vəhşiliklər törətdiyini qeyd edib. 1918-ci il iyulun 15-dən 1919-cu il noyabrın 1-nə qədər fəaliyyət göstərmiş Fövqəladə Təhqiqat Komissiyası azərbaycanlıların həyatına və əmlakına qarşı törədilmiş cinayətin təfərrüatlarını tədqiq edib. Fövqəladə Təhqiqat Komissiyası 36 cild və 3500 vərəqdən ibarət olan material toplayıb. Sonra həmin soyqırımında iştirak etmiş cinayətkarların cəzalandırılması istiqamətində hökumət fəaliyyətə keçəndə Bakıda “Erməni Milli Şurası” və “Daşnaksütyun” partiyası müqavimət göstərməyə başlayıb. Toplanmış materiallar əsasında cinayət işi qaldırmaq üçün 128 məruzə və qərar layihəsi hazırlanıb, 194 nəfər təşkilatçı erməninin cinayət məsuliyyətinə cəlb olunması haqqında iddia irəli sürülüb: “Həmin dövrdə beynəlxalq təzyiqlər səbəbindən və Cümhuriyyətin beynəlxalq səviyyədə tanınması istiqamətində iş aparıldığından minlərlə insanın qətlinə təşkilatçı olmuş ermənilərin işinə xitam verilir. Həmin komissiyanın istintaq materiallarının əsasını Bakıda baş vermiş soyqırımı təşkil etsə də, sonra Qarabağ və Zəngəzurda ermənilərin törətdikləri cinayətlərin materialları əsasında işlər aparılır. Qeyd etmək lazımdır ki, Fövqəladə İstintaq Komissiyası işini başa çatdırmadı. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bu komissiyanın işi demək olar ki, dayandırıldı. Sovet hakimiyyətinin sonrakı siyasətində hadisələr ört-basdır edilir, insanlığa qarşı törədilmiş cinayət xırda toqquşmalar kimi qiymətləndirilirdi”.
Həmçinin bildirilib ki, ənənəvi ideologiyanın davamı olaraq XX əsrin əvvəllərində baş vermiş soyqırımı ilə əsrin sonunda törədilmiş soyqırımının oxşar və fərqli cəhətlərini müqayisə etmək yerinə düşər:”Sovet siyasi sistemi soyqırımı faktlarını gizlətməyə çalışıb, faktları ört-basdır edib, təşkilatçını mükafatlandırıb. Təbii ki, Sovet dövründə həmin soyqırımılarına siyasi qiymət verilməsi mümkün deyildi. Yalnız Azərbaycan dövlət müstəqilliyini qəbul etdikdən bir neçə il sonra Ulu Öndər Heydər Əliyev tərəfindən “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərman verildi. Xüsusilə qeyd etmək lazımdır ki, XX əsrin əvvəllərində və əsrin sonunda baş vermiş soyqırımılar bəşəri cinayət olmaqla, erməni faşizminin bariz göstəricisidir. Yekun olaraq, həmin soyqırımılar arasında müqayisə aparmaqla onu deyə bilərik ki, sonrakı soyqırımında təşkilatçı olan 366-cı alayın yüksək rütbəli zabitlərindən olan Seyran Ohanyan Ermənistanın müdafiə naziri, Serj Sarkisyan və Robert Köçəryan Ermənistan prezidentləri kimi fəaliyyət göstərdilər. Bu müqayisələrdən aydın görünür ki, soyqırımı təşkilatçılarının himayə olunduğu böyük güclər həmişə cinayətkarları müdafiə ediblər. Onlar fiziki olaraq cəzasız qalsalar da, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük müharibənin necə qələbə ilə başa çatmasının, həmçinin 2023-cü il sentyabrın 19-20-də 24 saat tamam olamadan bitən antiterror əməliyyatı zamanı Azərbaycan ərazisində separatizmə son qoyulmasının şahidi oldular. Bu böyük Qələbəni dünya azərbaycanlılarına bəxş edən Ulu Öndər Heydər Əliyev strategiyasının davamçısı olan Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun əzəmətli gücü oldu. Ali Baş Komandan, Prezident İlham Əliyevin qüdrəti, xalq-hakimiyyət birliyi, şəhidlərimizin qanı hesabına, qazilərimizin qəhrəmanlığı sayəsində Azərbaycanın suverenliyi bərpa olundu”.
Məqalədə bildirilib ki, 1918-ci ildə törədilən hadisələrin obyektiv araşdırılması və beynəlxalq elmi ictimaiyyətə çatdırılması yalnız tarixi ədalətin bərpasına deyil, həm də gələcəkdə bu kimi faciələrin, soyqırımılarının qarşısının alınmasına xidmət edən mühüm elmi və mənəvi vəzifədir.
Müxbir – Göyçək Mahmudlu