RU

Röyanə Cəfər: Yeni brend yaratmaq çətin olsa da, çox maraqlı və öyrədici oldu

Röyanə Cəfər: Yeni brend yaratmaq çətin olsa da, çox maraqlı və öyrədici oldu

AFN.az Fins.az-a istinadən premium hədiyyə konsepsiyasını özündə birləşdirən “Zoghal Azerbaijan” brendinin yaradıcısı Röyanə Cəfərin müsahibəsini təqdim edir. R.Cəfər təbii məhsulların estetik və zövqlü təqdimatı ilə seçilən bu brendin yaranma hekayəsi, bazardakı mövqeyi və gələcək planları barədə sualları cavablandırıb.

-“Zoghal Azerbaijan” brendi necə yarandı? Bu ideya haradan gəldi?

Öz brendimi yaratmaq ideyası uzun zamandır ağlımda idi. Həmişə düşünmüşəm ki, bir biznesdə uğurlu olmaq üçün insan bildiyi, maraq duyduğu və həvəslə çalışacağı bir sahəni seçməlidir. Mən də ruhuma ən yaxın olan istiqamətlərdən birini seçdim. Sağlam həyat tərzi və düzgün qidalanma mənim üçün hər zaman həyatın ən vacib seçimlərindən biri olub. Buna görə də sağlam qidalanmanı təşviq edən, eyni zamanda yaradıcılıq və zövqlü yanaşma tələb edən bir biznes ideyası üzərində qərar verdim. Beləliklə Zoghal Azerbaijan ideyası formalaşdı.

- Brendin adı niyə məhz “Zoghal” oldu?

Zoğal mənim uşaqlıqdan həm özünü, həm qurusnu çox sevdiyim meyvədir. Bəlkə ona bu qədər məna yükləməyim sizə qəribə gələ bilər, ancaq mən zoğalı xaralterli insana bənzədirəm, ilk baxışda sərt, amma tanıdıqca sevilən. Zoğalı da yeyərkən öncə turş və kəskin dad hiss edirik, amma ardınca gələn yüngül şirinliklə balans yaranır. Canlandırıcı və oyadıcı dadı ilə sanki insanı silkələyir. Bundan başqa zoğalın tərkibindəki vitaminlərlə immun sistemini gücləndirən, adını eşidəndə sağlamlıq təəssüratı yaradan, sağlam həyat tərzi ilə səsləşən bir xüsusiyyəti, rəngi və estetik görünüşü ilə premiumluq hissi yaradan özəlliyi də var. Beləliklə, bu sadə görünüşlü, amma dərin məzmunlu meyvənin mənim brendim və çatdırmaq istədiyim mesajlarım üçün ən uyğun ad olduğuna qərar verdim. Zoğal mənim xarakterim kimi təbiətin ziddiyyətli harmoniyasıdır.

- “Zoghal Azerbaijan” bazarda hansı boşluğu doldurmağı hədəfləyir?

Son illərdə insanlar daha sağlam və keyfiyyətli qidalara üstünlük verir. Eyni zamanda hədiyyə mədəniyyətində də estetik və premium təqdimata maraq artır. Biz bu iki istiqaməti birləşdiririk – həm sağlam qida, həm də premium hədiyyə konsepti təqdim edirik. "Zoghal Azerbaijan"ın əsas fəlsəfəsi təbii məhsulları premium keyfiyyət və estetik təqdimatla birləşdirməkdir. Mən özüm sosial məsuliyyətli insan olduğum üçün hər zaman gördüyüm işlərdə cəmiyyətimin inkişafına da qatqım olmasına çalışıram. Ona görə yaratdığım brend də yalnız məhsul təqdim etməklə kifayətlənmir, eyni zamanda sağlam qidalanma mədəniyyətini təşviq etməyi və insanların gündəlik həyatında daha balanslı seçimlər etməsinə töhfə verməyi qarşısına məqsəd qoyur. Biz meyvə quruları, çərəzlər və təbii məhsullardan ibarət seçilmiş çeşidləri zövqlü və eleqant qutularda təqdim etməklə həm sağlam qidalanmanı təşviq etməyi, həm də premium hədiyyə mədəniyyətinə yeni nəfəs gətirməyi hədəfləyirik.

-Məhsullarınızın əsas fərqi nədir?

Bizim üçün üç əsas prinsip var: Keyfiyyətli və seçilmiş xammal Premium və elegant qablaşdırma Sağlam qidalanma fəlsəfəsi Zoghal qutuları yalnız məhsul deyil, həm də bir hədiyyə ideyasıdır. İnsanlar və şirkətlər onları xüsusi günlərdə rahatlıqla təqdim edə bilərlər.

-Brendi qurarkən hansı çətinliklərlə qarşılaşdınız?

Yeni brend yaratmaq hər zaman çətin və məsuliyyətli prosesdir. Ona görə də bir marketoloq olaraq, prosesə başlamazdan əvvəl bütün bunları nəzərə almışdım. Məhsul seçimi, qablaşdırma dizaynı, brend konsepti, hədəf auditoriyamız və bazarda düzgün mövqelənmə kimi məsələlər üzərində çox düşündük və işlədik. Amma bu proses həm də çox maraqlı və öyrədici oldu.

- Məhsullar daha çox kimlər üçün nəzərdə tutulub?

Zoghal məhsulları sağlam qidalanmaya diqqət edən insanlar üçün, eyni zamanda korporativ mühitdə zövqlü, elegant hədiyyə seçimləri ilə fərqlənmək istəyən şirkətlər üçün nəzərdə tutulub. Düşünürük ki, "Zoghal Azerbaijan" məhsulları zövqlə hazırlanmış qutularda təqdim olunduğundan həm gündəlik istifadə, həm də xüsusi günlər üçün ideal hədiyyə seçimidir.

-Yaxın gələcək üçün planlarınız nələrdir?

Məqsədimiz Zoghal Azerbaijan brendini daha geniş auditoriyaya tanıtmaqdır. "Zoghal Azerbaijan" yaxın zamanda məhsul çeşidlərini genişləndirməyi və həm yerli, həm də beynəlxalq bazarda tanınan bir Azərbaycan brendinə çevrilməyi hədəfləyir.

-Sahibkarlığa başlamaq istəyənlərə nə tövsiyə edərdiniz?

Ən vacibi ideyaya inanmaq və səbirli olmaqdır. Brend yaratmaq uzunmüddətli prosesdir. Əgər insan gördüyü işə sevgi ilə yanaşırsa və keyfiyyətə önəm verirsə, nəticə mütləq olacaq.

Избранный
43
afn.az

1Источники