RU

Bakını yükləyən səbəblər bəlli oldu: 2 milyon üçün nəzərdə tutulub amma...

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı şəhərində bayram günlərində yolların nəzərəçarpacaq dərəcədə boşalması paytaxtın gündəlik nəqliyyat yükünün əsas səbəblərini bir daha üzə çıxardı. Adi günlərlə müqayisədə tıxacların azalması göstərdi ki, tələbələr, məktəblilər və rayonlardan işləmək üçün paytaxta gələn insanların axını sıxlığa ciddi təsir edir. Bu vəziyyət ali təhsil müəssisələrinin regionlara köçürülməsi, məktəblərin yerləşmə planlaması və bölgələrdə məşğulluq imkanlarının artırılması kimi məsələləri yenidən aktuallaşdırır.Milli Məclisin deputatı Arzuxan Əlizadə Demokrat.az-a açıqlamasında deyib ki, Bakı şəhəri kifayət qədər yüklənib:“Sıxlıq təkcə nəqliyyat problemləri deyil, eyni zamanda kommunal xidmətlərlə bağlı da çox ciddi problemlər yaradır. Bakı ümumiyyətlə əvvəldən uzun müddət ərzində 2 milyonluq şəhər kimi formalaşmışdı. Ondan sonra əhalinin sayı artıb, amma regionlardan, xüsusilə də Bakı şəhərinə çox ciddi axın baş verib. Bunun nəticəsində də şəhərin yüklənməsinin əlavə fəsadlarını və problemlərini hər birimiz yaşayırıq. Xüsusilə də tıxac problemləri insanların əlavə vaxt itkisinə səbəb olmaqla yanaşı, eyni zamanda əsəb gərginliyi ilə müşayiət olunan əhvalına da ciddi mənfi təsir göstərir. Bu baxımdan təkliflərimiz dəfələrlə olub və qeyd etmişik ki, bir sıra nazirliklər, dövlət komitələri, eləcə də xüsusilə bəzi təhsil müəssisələri ali və orta ixtisas təhsil müəssisələri regionlara köçürülməlidir. Regionlara köçürülməklə eyni zamanda regionlarda yeni iş yerlərinin açılması və Bakı şəhərində sıxlığın müəyyən qədər qarşısının alınması mümkündür. Təbii ki, bu problemin digər üsullarla da həlli yolları var. Amma istənilən halda bir sıra nazirliklər, məsələn, Kənd Təsərrüfatı Nazirliyi, eləcə də digər nazirliklərin Bakı şəhərindən kənar, ölkənin böyük şəhərlərinə və regionlara köçürülməsi olduqca əhəmiyyətlidir”. O bildirib ki, bəzi təhsil müəssisələrinin də paytaxtdan kənara köçürülməsi, regionlarda həmin təhsil müəssisələrinin orta ixtisas və ali təhsil müəssisələrinin fəaliyyət göstərməsi vacibdir:“Qarabağda, Xankəndində Qarabağ Universitetinin fəaliyyət göstərməsi ilə biz gördük ki, çox böyük effektiv nəticə əldə olunub. Bu tendensiyanı davam etdirmək mümkündür. Bu, bir tərəfdən Bakı şəhərində sıxlığın azalmasına səbəb olacaq, digər tərəfdən isə regionlarda əlavə iş yerlərinin açılması ilə sosial-iqtisadi vəziyyətin yaxşılaşmasına gətirib çıxaracaq. Son dövrlərdə regionlara xüsusi diqqət yetirilir, dövlət proqramları icra olunur və bu proqramlar sayəsində regionlarımızda şəhərlər və kəndlər abadlaşdırılıb. Bu gün Azərbaycanın bir sıra regionlarında həm nazirliklərin, sahəvi dövlət komitələrinin, mərkəzi icra qurumlarının, həmçinin ali və orta ixtisas təhsil müəssisələrinin fəaliyyət göstərməsi üçün kifayət qədər şərait var. Sadəcə olaraq bununla bağlı daha qəti addımlar atılmalı və nəticə etibarilə Bakı şəhərinin yüklənməsinin və sıxlığının qarşısı alınmalıdır”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
26
demokrat.az

1Источники