RU

ADNSU da QALMAQALLI İSLAHAT: KİMLƏR HƏDƏFDƏDİR? Yeni rektor tələb qoyub ki...

Hurriyyet saytından alınan məlumata görə, ain.az bildirir.

Fevralın 3-də təyinatından bir il ötən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizovdan və onun ali məktəbin rəhbərliyinə gətirdiyi yeni komandadan ciddi narazılıqlar var.

Xatırladaq ki, dosent R. Əzizov daha əvvəl Sumqayıt Dövlət Universitetinin rektoru olub və apardığı islahatlarla tanınıb. Onun rektor olduğu dövrdə bu universitetdə tüğyan edən rüşvətxorluq və digər neqativ hallar kəskin azalıb.

Elm və təhsil naziri Emin Əmrullayev də onu ADNSU kollektivinə təqdim edərkən bu nailiyyətlərini xatırladıb. Nazir onun əldə etdiyi uğurlardan bəhs edərək, Rüfət Əzizovun ADNSU-ya rəhbərliyi dövründə istər tədris, istərsə də elm sahəsində ciddi nailiyyətlər əldə olunacağına əminliyini vurğulayıb.

Rektor da nazir və kollektiv qarşısında söz verib ki, universitetin daha da inkişaf etdirilməsi istiqamətində çalışacaq və dövlət başçısının etimadını doğruldacaq.

Heç şübhəsiz, müsbət imici ilə ad qazanmış Rüfət Əzizovun rektor təyinatı uzun müddət bərbad idarəçilikdən doğan problemlərdən əziyyət çəkən ADNSU kollektivini də sevindirib. Çünki rektor əvəzi, dosent Vazeh Əsgərovun “dövründə” universitetin müəllim-professor heyəti yerli medianın gündəmindən düşmürdü. Qanunsuzluq və ədalətsizliklə bağlı şikayətlərin ardı-arası kəsilmirdi.

Görünür, məhz buna görə V. Əsgərovun rektor olmaq arzusu baş tutmadı. O, hazırda ADNSU-nun strateji məsələlər üzrə prorektorudur. Yeri gəlmişkən, universitetin strateji məsələlərinin əhatə dairəsi açıqlansa, ictimaiyyət Vazeh müəllimin böyük məsuliyyət yükünün mahiyyətini anlayardı.

 Vazeh Əsgərov

Nə qədər qəribə də olsa, universitetdən “AzPolitika”ya verilən məlumatlar yeni rektorun da sələfinin yolunu davam etdirdiyi barədə təsəvvür yaradır. R. Əzizovun təyinatından sevinənlər indi məyusluq içərisindədirlər, çünki onların işi və karyerası təhlükə altındadır.

Saytımıza məlumat verən mənbə bildirir ki, cənab Əzizovun "komandası” dekan və kafedra müdirlərini sıxışdıraraq vəzifədən çıxarır, onların yerinə isə öz “adamlarını” təyin etdiri“Ağzına gələni danış, amma ingiliscə! Tələb budur. Müəllimləri çox sıxışdırırlar, fikirlərini nəzərə almırlar, hərədə bir "səhv" tuturlar, tez-tez izahat yazdırırlar. ‘Köhnə kadrsan’, ‘səninlə işləmək istəmirəm’, ‘biz varıq, qalan heç kimdir’, – deyirlər”, – deyə mənbə şikayətlənir.

Məlumatda daha sonra qeyd olunur ki, yeni rəhbərliyin professorlara da münasibəti yaxşı deyil. Son zamanlar hərəsinə bir bəhanə ilə  6 professor həm işdən, həm də vəzifədən çıxarılıb.

Mənbə vurğulayıb ki, rektorun humanitar məsələlər üzrə müşaviri Nəsibə xanım və İnsan resursları şöbəsinin rəhbəri Günay xanım universitetin kadr heyətinə qarşı təzyiqlərdə xüsusi rola malikdirlər. Şöbə müdirinin aldığı maaş isə professorların maaşından 2 dəfə, dosentlərin maaşından 2.5 dəfə çoxdur...

Rüfət Əzizovun fəaliyyətindən narazı olan professor-müəllim heyəti onun kollektivə təqdimatı zamanı nazir Emin Əmrullayevin qarşısında verdiyi sözləri xatırladaraq, vədləri ilə əməllərinin uyğun gəlməməsindən təəssüfləndiklərini vurğulayırlar.

ADNSU-da yaranmış durumla bağlı tanınmış təhsil mütəxəssisi Etibar Əliyevə müraciət etdik.

O, “AzPolitika”ya bildirdi ki, rektorun bu fəaliyyəti yaxşı hal deyil: “Ümumiyyətlə, dünya təhsil sistemində yaşlı nəsillə orta və gənc nəslin dialoqu gedir. Bu insanlar uzun müddət elm sahəsində çalışıb elmi adlar, dərəcələr alıblar. Xüsusilə nəzərə almaq lazımdır ki, neft sənayesi sahəsində elmlər doktoru və professorların sayı azdır. ADNSU ənənələri olan ali təhsil müəssisəsidir, həmin şəxslər həyatlarını bu universitetə bağlayıblar. Xatırladım ki, ADNSU-ya görkəmli elm adamları, samballı şəxsiyyətlər rəhbərlik ediblər. Məsələn, akademik Tofiq Əliyev, akademik Pərviz Əliyev, akademik İsmayıl Əliyev. Ona görə belə bir universitetdə ayrı-seçkilik salmaq, orta və ya gənc nəslin dialoqunu kəsmək yaxşı hal deyil”.

E. Əliyev xatırladır ki, universitetdə yüksək vəzifələrə təyin olunan gənclər menecerlik fəaliyyətinə üstünlük verirlər: “Bunun nə demək olduğunu başa düşməkdə çətinlik çəkirəm. Elm və təhsil müəssisəsində alimlər və pedaqoqlar öndə olmalıdırlar. Tələb qoyurlar ki, ingilis dilini bilməlidirlər. O zaman sual olunur: nəhəng akademiklər Mirabbas Qasımov, Arif Babayev, Sabir Hacıyev, Cəlal Allahverdiyev də ingilis dilini bilirdilər? O zaman təhsil dili rus dili idi və bu alimlər kifayət qədər böyük uğurlar qazanıblar. 65–70 yaşında olan adam ingilis dilini necə öyrənə bilər? Tədrisi Azərbaycan dilində normal qaydada aparırsa, fəaliyyətinə davam etməlidir”.

Təhsil mütəxəssisi daha sonra bildirib: “Yaxşı, belə bir sual da qoymaq olar: Rüfət Əzizov ingilis dilini bilib, nə edib? Neçə kitabın, elmi məqalənin müəllifidir? Özü heç elmlər doktoru da deyil... Ölkə başçısı, cənab İlham Əliyevin təhsil müəssisələrində yaxşı mühitin yaradılması, ayrı-seçkiliyə son qoyulması barədə çağırışları var. Ona görə də yaşlı nəsli birdən-birə elmdən qoparmaq məqbul hal sayıla bilməz”.

Qeyd edək ki, şikayətlərdə səslənən irad və ittihamlarla bağlı universitet rəhbərliyinin və şəxsən rektor Rüfət Əzizovun mövqeyini də işıqlandırmağa hazırıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
71
6
hurriyyet.az

8Источники