RU

Bayramda alınan çəkiləri necə verməli: Diyetoloqdan QIZIL KİMİ məsləhətlər

Novruz süfrələrinin bol şəkərbura, paxlava və plovlu menyusu geridə qalsa da, tərəziyə çıxarkən görünən rəqəmlər çoxlarını narahat edir. Mütəxəssislər xəbərdarlıq edir ki, bayram boyu qəbul edilən yüksək kalorili qidalar orqanizmdə həm piy qatı yaradır, həm də ciddi şəkildə ödem toplanmasına səbəb olur. Lakin bu kilolardan xilas olmaq üçün təşvişə düşüb kəskin aclıq elan etmək ən böyük səhvdir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan diyetoloq Leyla Zülfüqarlı bildirib ki, bayramdan dərhal sonra insanların etdiyi ən böyük yanlışlıq birdən-birə yeməyi kəsməkdir: “Bu, maddələr mübadiləsini ‘qorunma rejiminə’ keçirir və yağ yandırmaq əvəzinə, bədən enerji saxlamağa başlayır. Şəkərli qidalardan sonra bədəndə insulin kəskin artdığı üçün aclıq hissi güclü olacaq, buna görə də ac qalmaq yox, qidaların tərkibini dəyişmək lazımdır”.

Onun sözlərinə görə, arıqlamaq istəyənlər üçün gün ərzində ən azı 2-2.5 litr su içmək mütləqdir, lakin burada bir sirr var: “Suyu yeməkdən 30 dəqiqə əvvəl və 1 saat sonra içmək həzmi sürətləndirir və toxluq hissi yaradır. Su həm də bayramda qəbul edilən duzlu və şirin qidaların bədəndə saxladığı artıq mayeni qovmağa kömək edir. Pəhriz saxlayarkən yağı tamamilə kəsmək olmaz; zeytun yağı və ya kərə yağı kimi ekoloji təmiz yağlar orqanizm üçün faydalıdır, əsas düşmən isə rafinə olunmuş şəkər və ağ undur”.

Diyetoloq qeyd edib ki, həzm sisteminin dincəlməsi üçün axşam yeməyi yatmazdan ən azı 3-4 saat əvvəl bitməlidir: “Axşam menyusunda qatıq, yüngül tərəvəz salatları və ya qaynadılmış ağ ət üstünlük təşkil etməlidir. Gecə yuxusu da arıqlama prosesində həlledici rol oynayır, çünki yağ yandıran hormonlar məhz gecə saatlarında aktivləşir. Bədəni toksinlərdən təmizləmək üçün yaşıl çay, darçın və zəncəfil qarışımlı dəmləmələrdən istifadə etmək olar, lakin arıqladıcı həblərdən uzaq durmaq lazımdır. Gündəlik 30-45 dəqiqəlik sürətli gəzinti metabolizmanı aktiv saxlamağa imkan verir. Bayram kiloları ‘təzə’ olduğu üçün onlardan qurtulmaq köhnə piy qatlarına nisbətən daha asandır”.

Sara

Избранный
37
nocomment.az

1Источники