RU

Azərbaycan futbolunda yeni texnologiya: AFFA ilə “Eyeball” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 2 aprel, AZƏRTAC

AFFA ilə “Eyeball” şirkəti arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, AFFA-nın baş katibi Cahangir Fərəcullayev bu layihənin uşaq futbolçuların fərdi inkişafı üçün mühüm əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, müasir texnologiyaların tətbiqi məşq prosesinin keyfiyyətini artıracaq, gənc oyunçuların potensialının daha erkən mərhələdə üzə çıxarılmasına imkan verəcək.

C.Fərəcullayev vurğulayıb ki, gələcəkdə bu sistemin daha geniş miqyasda, yəni müxtəlif yaş qrupları və liqalar üzrə tətbiqi nəzərdə tutulur. AFFA rəsmisi növbəti iki il ərzində avropalı skautların oyunçuların məlumatlarını izləyə və azərbaycanlı futbolçuları öz komandalarına cəlb edə biləcəklərini söyləyib. Bu da öz növbəsində gənc oyunçuların Avropaya getməsi üçün önəmli şərait yaradacaq.

“Eyeball”ın direktoru Manfred Lerli bildirib ki, bu, Çempionlar Liqasının bir çox qalibləri də daxil olmaqla, 150-dən çox Avropa klubunun seçdiyi gənclər platformasıdır. O qeyd edib ki, bir neçə MLS klubu, ABŞ-nin iri klubları, həmçinin Afrika və Yaxın Şərqin aparıcı komandaları da "Eyeball"ın müştəriləridir. Direktor AFFA-nın da bu platformaya qoşulmasının xoş məqam olduğunu deyib. M.Lerlinin sözlərinə görə, uşaq futbolunda yanvar və fevral aylarında doğulan uşaqlar, dekabrda anadan olan həmyaşıdlarından fiziki olaraq daha güclü görünürlər. O, skautların da səhvən həmin oyunçuları daha istedadlı hesab etdiyini, lakin böyük futbolda bu fərqin itdiyini və həqiqi istedadların üzə çıxdığını diqqətə çatdırıb.

Rəsmi çıxışlardan sonra əməkdaşlıq müqaviləsi imzalanıb. C.Fərəcullayev tərəfindən Manfred Lerliyə xatirə forması hədiyyə edilib.

Müqaviləyə əsasən, “Eyeball” şirkətinin müasir kamera və analiz platforması Azərbaycan futbolunda tətbiq olunacaq. Əməkdaşlıq çərçivəsində ölkə futbolunda texnoloji yeniliklərin tətbiqi, oyunların daha dəqiq təhlili, həmçinin məşq proseslərinin və oyun performansının müasir metodlarla qiymətləndirilməsi nəzərdə tutulur. Yeni sistem vasitəsilə komandaların taktiki hazırlığı, oyunçu performansı və statistik göstəricilər daha detallı şəkildə analiz ediləcək.

Fotoqraf - İlkin Cavanşirov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
20
1
azertag.az

2Источники