Milli.Az xəbər verir ki, hesabata görə, Hindistanın paytaxtı Yeni Dehli ardıcıl 8-ci dəfə dünyanın ən çirkli paytaxtı seçilərək "rekord" qırıb. Siyahıda sonrakı yerləri Banqladeş (Dakka), Tacikistan (Düşənbə) və Çadın paytaxtı (Encemine) tutur.
Dünyanın ən təmiz havasına sahib paytaxtlar isə Fransız Polineziyasından Papeete, Puerto-Rikonun paytaxtı San-Xuan və Barbadosun mərkəzi Brictaun olub. Ümumilikdə dünya üzrə yalnız 13 ölkə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi təhlükəsizlik limitlərinə cavab verə bilir.
Azərbaycanın paytaxtı Bakı, regionun digər sənaye şəhərləri ilə müqayisədə orta sıralarda qərarlaşıb. 2025-ci ilin hesabatına əsasən, Bakı hava kirliliyinə görə dünya paytaxtları arasında 50-60-cı sıralar (orta kirlilik səviyyəsi) ətrafında dəyişir. Şəhərimizdəki PM2.5 (incə toz hissəcikləri) miqdarı ÜST-ün normativlərindən təxminən 3-4 dəfə yüksəkdir. Bu isə Bakının "orta dərəcədə çirkli" şəhərlər qrupuna daxil olduğunu göstərir.
Mütəxəssislər xəbərdarlıq edir ki, ölçüsü 2.5 mikrometrdən kiçik olan bu toz hissəcikləri birbaşa ağciyərlərə və qan dövranına keçərək xərçəng, ürək və tənəffüs yolu xəstəliklərinə səbəb olur. Hesabat təmiz enerjiyə keçidin artıq seçim deyil, məcburiyyət olduğunu vurğulayır.