RU

WSJ: Trampa İrandan yarım ton uran ələ keçirmək planı təqdim edilib

Hərbçilər ABŞ prezidenti Donald Trampa İrandan təxminən 450 kiloqram yüksək zənginləşdirilmiş uranı ələ keçirmək üçün bir plan təqdim ediblər. Oxuməni.az xəbər verir ki, bu barədə aprelin 1-də “The Washington Post” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Plan Trampa ötən həftə (yəni martın sonunda) təqdim edilib. Bu, prezidentin müvafiq təklifin hazırlanmasını tələb etməsindən sonra baş verib. Ağ Evin belə bir əməliyyat keçirmək imkanını nəzərdən keçirdiyi barədə ilk dəfə martın 29-da “The Wall Street Journal” xəbər verib.

Hərbçilər tərəfindən hazırlanan mürəkkəb plan, İrana ekskavatorların gətirilməsini və radioaktiv materialı aparacaq yük təyyarələri üçün təyyarə eniş-qalxma zolağının tikilməsini nəzərdə tutur.

Ekspertlər hesab edirlər ki, bu, son dərəcə çətin bir tapşırıqdır – əvvəllər müharibə dövründə belə bir şey edilməmişdi. Missiyanı yerinə yetirmək üçün yüzlərlə və ya minlərlə hərbçi və ağır texnika İrana hava yolu ilə köçürülməlidir. Pentaqonun keçmiş əməkdaşlarının qiymətləndirmələrinə görə, bu, bir neçə həftə çəkə bilər və əməliyyat İran ərazisinin dərinliklərində atəş altında keçəcək.

"Bu, tarixdə ən böyük və ən mürəkkəb xüsusi əməliyyatlardan biri olacaq, əgər ən böyüyü olmasa. Bu, qoşunlar üçün ciddi riskdir," – deyə ABŞ Müdafiə Nazirinin Yaxın Şərq üzrə keçmiş köməkçisi, Mərkəzi Kəşfiyyat İdarəsində də işləmiş Mik Malroy bildirib.

Ağ Evin mətbuat katibi Kerolin Livitt The Washington Post-a bildirib ki, Pentqonun vəzifəsi "hazırlıq aparmaq və baş komandan üçün maksimum hərəkət azadlığı təmin etməkdir". "Bu, prezidentin qərar qəbul etdiyi mənasına gəlmir," – deyə o əlavə edib.

Xatırladaq ki, İranın mövcud zənginləşdirilmiş uran ehtiyatının böyük hissəsinin 2025-ci ilin iyun ayında ABŞ və İsrail tərəfindən dağıdılmış İsfahan nüvə obyektinin dağıntıları altında olduğu güman edilir. İsfahan İraqla ən yaxın sərhəddən təxminən 400 kilometr, Küveytdən 450 kilometr və Səudiyyə Ərəbistanından təxminən 600 kilometr məsafədə yerləşir.

Almaz Həsənli

Избранный
27
20
oxumeni.az

10Источники