RU

Təhlükəsizlik anlayışı yalnız fiziki təhlükələrin qarşısının alınması ilə məhdudlaşmır - Rəy

Yazını böyüt
Yazını kiçilt

"Azərbaycanda son illərdə təhlükəsizlik sisteminin mərhələli şəkildə qurulması, dövlət institutlarının bu sahədə daha peşəkar və çevik fəaliyyət modelinə keçməsi ölkədə sabit təhlükəsizlik mühitinin formalaşmasında əsas amillərdən biri kimi çıxış edir. Burada təkcə ayrı-ayrı qurumların fəaliyyəti deyil, onların bir-biri ilə koordinasiyalı və sistemli şəkildə işləməsi həlledici rol oynayır".

Bunu Hafta.az-a açıqlamasında siyasi ekspert Azər Hüseynov deyib. O bildirib ki, xüsusilə hüquq-mühafizə orqanları, xüsusi xidmət strukturları və digər təhlükəsizlik subyektləri arasında məlumat mübadiləsinin operativliyi, risklərin erkən mərhələdə müəyyən edilməsi və qabaqlayıcı tədbirlərin görülməsi bu sistemin effektivliyini artırır. Bu isə artıq klassik “reaktiv təhlükəsizlik” modelindən “proaktiv təhlükəsizlik” modelinə keçidin göstəricisidir.

Ekspert digər mühüm məqam kimi beynəlxalq əməkdaşlığı önə çəkib:

“Azərbaycan terrorizmə qarşı mübarizə sahəsində Birləşmiş Millətlər Təşkilatı, INTERPOL və ATƏT kimi qurumlarla əməkdaşlığı genişləndirərək həm məlumat mübadiləsini gücləndirir, həm də qlobal təhlükəsizlik mexanizmlərinə inteqrasiya olunur. Bu əməkdaşlıq xüsusilə transsərhəd terror şəbəkələrinin izlənməsi və maliyyə axınlarının nəzarətdə saxlanılması baxımından böyük əhəmiyyət daşıyır”.

A.Hüseynov bildirib ki, müasir dövrdə təhlükəsizlik anlayışı yalnız fiziki təhlükələrin qarşısının alınması ilə məhdudlaşmır. Ekspert vurğulayıb ki, informasiya təhlükəsizliyi, ideoloji təhlükəsizlik və cəmiyyət daxilində radikallaşmanın qarşısının alınması kimi məsələlər də ön plana çıxır. Bu baxımdan maarifləndirmə siyasəti, dini radikalizmlə mübarizə, sosial sabitliyin qorunması və milli-mənəvi dəyərlərin gücləndirilməsi də təhlükəsizlik sisteminin ayrılmaz hissəsinə çevrilib:

“Hazırkı beynəlxalq şəraitdə risklər daha mürəkkəb və çoxşaxəlidir. Yaxın Şərqdə davam edən münaqişələr, qeyri-sabit siyasi proseslər, qeyri-dövlət silahlı qrupların aktivliyi və bəzi bölgələrdə ideoloji radikallaşmanın artması qlobal təhlükəsizlik mühitini daha da gərginləşdirir. Bu isə region ölkələri üçün əlavə risklər yaradır və təhlükəsizlik siyasətinin daha çevik və qabaqlayıcı olmasını zəruri edir. Belə bir şəraitdə Azərbaycanın formalaşdırdığı təhlükəsizlik modeli – güclü dövlət nəzarəti, koordinasiyalı institutlar, beynəlxalq əməkdaşlıq və daxili sabitliyin qorunması – ölkənin terror risklərinin aşağı səviyyədə saxlanılmasına imkan verir”.

Избранный
36
hafta.az

1Источники