RU

Paşinyan və Putindən nəqliyyat siqnalı: Cənubi Qafqazda yeni iqtisadi reallıqlar- ÖZƏL

Moskvada keçirilən görüşdə Nikol Paşinyan və Vladimir Putin arasında mühüm mesajlar səslənib. Paşinyan Azərbaycan üzərindən nəqliyyat əlaqələrinin Ermənistan-Rusiya iqtisadi münasibətlərinə müsbət təsir etdiyini bildirib, dəmir yolu daşımalarının bərpasının regionda iqtisadi canlanmaya səbəb olduğunu qeyd edib. O, həmçinin Azərbaycanla münasibətlərin normallaşmasına verilən dəstəyə görə təşəkkür edərək sülh prosesinin vacibliyini vurğulayıb.
Ermənistanın Azərbaycan üzərindən nəqliyyat əlaqələrinin bərpası regionun iqtisadi xəritəsini necə dəyişə bilər və bu proses uzunmüddətli perspektivdə hansı iqtisadi üstünlüklər və risklər yaradır?Mövzu ilə bağlı iqtisadçı ekspert Asif İbrahimov Olaylar.az-a açıqlama verib: 
" Moskvada keçirilən görüş zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında səsləndirilən fikirlər Cənubi Qafqazda yeni iqtisadi reallıqların formalaşdığını göstərir. Xüsusilə Ermənistanın Azərbaycan üzərindən nəqliyyat əlaqələrinin bərpasına verdiyi önəm regionda iqtisadi inteqrasiyanın dərinləşməsi baxımından mühüm siqnal kimi qiymətləndirilir.
Qeyd etməliyik ki, Azərbaycan üzərindən dəmir yolu və digər nəqliyyat xətlərinin yenidən aktivləşdirilməsi regionun tranzit potensialını əhəmiyyətli dərəcədə artırır. Bu proses Orta Dəhliz çərçivəsində yükdaşımaların genişlənməsinə, logistika xərclərinin azalmasına və ticarət dövriyyəsinin artmasına şərait yaradır. Eyni zamanda, Ermənistan üçün uzun illər davam edən iqtisadi məhdudiyyətlərin aradan qalxması və yeni bazarlara çıxış imkanlarının genişlənməsi baxımından strateji əhəmiyyət daşıyır.
Bununla yanaşı, nəqliyyat əlaqələrinin bərpası regionda investisiya mühitinin yaxşılaşmasına, yeni iş yerlərinin yaranmasına və ümumi iqtisadi aktivliyin artmasına təkan verə bilər. Regional əməkdaşlığın genişlənməsi, həmçinin qarşılıqlı iqtisadi asılılığı artıraraq sülh prosesinə də müsbət təsir göstərə bilər.
Lakin bu prosesin davamlı və effektiv olması üçün siyasi sabitliyin qorunması, qarşılıqlı etimadın gücləndirilməsi və təhlükəsizlik məsələlərinin diqqətdə saxlanılması vacibdir. Mövcud risklərə baxmayaraq, nəqliyyat əlaqələrinin bərpası Cənubi Qafqazın gələcək iqtisadi inkişafı üçün mühüm imkanlar açır və regionun qlobal ticarət sistemində rolunu daha da gücləndirə bilər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
7
olaylar.az

1Источники