RU

Maliyyə Nazirliyi və Qərbi Kaspi Universiteti dövlət sifarişilə təhsil alanlardan ödəniş tələbinə münasibət bildirib - ƏLAVƏ OLUNUB » AzadMedia.az


Maliyyə Nazirliyi Qərbi Kaspi Universitetində dövlət sifarişi ilə (ödənişsiz) təhsil alan tələbələrdən ödəniş tələb olunması fonunda ali təhsil müəssisəsinə köçürdüyü vəsaitin məbləğini açıqlayıb.

Nazirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, ötən il dövlət büdcəsindən universitetə ümumilikdə 5 milyon 76,6 min manat, o cümlədən təhsil xərcləri üzrə 3 milyon 596,6 min manat, təqaüd xərcləri üzrə isə 1 milyon 480 min manat ayrılıb.

Həmin vəsaitlər Elm və Təhsil Nazirliyi vasitəsilə vaxtında universitetin hesabına köçürülüb və dövlət sifarişi ilə təhsil alan 1 539 tələbənin, o cümlədən 2025-ci ildə qəbul olunmuş 538 tələbənin maliyyələşdirilməsini tam əhatə edib.

Bundan əlavə, 2026-cı il üçün dövlət sifarişi çərçivəsində universitetə dövlət büdcəsindən ayrılan vəsait 7,2 % artımla nəzərdə tutulub. Belə ki, cari il üzrə bu məbləğ ümumilikdə 5 milyon 443,5 min manat, o cümlədən 3 milyon 742 min manat təhsil, 1 milyon 701,5 min manat təqaüd xərcləri kimi planlaşdırılıb.

Qərbi Kaspi Universitetindən "Report"a bildirilib ki, 2025-ci ilin sentyabr–dekabr ayları üçün ali məktəbə müvafiq vəsait ayrılmış, onun əhəmiyyətli hissəsi xərclənmiş, müəyyən hissəsi isə qalıb:

"Hazırda universitetdə tələbələrin 40%-i dövlət sifarişi əsasında təhsil alır. Qərbi Kaspi Universitetində maliyyə fəaliyyəti tədris ili üzrə (2025 sentyabr – 2026 sentyabr) tənzimlənir və daxili xərclərə laboratoriyaların yaradılması, texniki vasitələrin alınması, eləcə də beynəlxalq akkreditasiya prosesləri daxildir. Bu mərhələdə ayrılmış büdcə vəsaitlərindən istifadə olunur".

Universitetdən bildirilib ki, 2026-cı ilin yanvar ayında həmin vəsaitin zəruri xərclər üçün istifadə edilməsi nəzərdə tutularkən məlum olub ki, 2025-ci il başa çatdığı üçün ayrılmış məbləğ dövlət büdcəsinə geri qaytarılıb.

"Dövlət sifarişi əsasında təhsil alan tələbələrə artıq göstərilmiş xidmətlərə görə universitetə ödənilməli olan vəsaitin silinməsi əsaslandırıla bilməz".

Qeyd olunub ki, Qərbi Kaspi Universitetinin özəl hüquqi şəxs olduğu və vəsaitin universitetə aid olduğu Elm və Təhsil Nazirliyinə müraciət məktubunda qeyd olunub, lakin məktuba hələ heç bir qurumdan rəsmi məlumat göndərilməyib:

"Hazırda universitetin 13 təhsil proqramının beynəlxalq akkreditasiya təşkilatından uğurla keçməsi barəsində bizə məlumat daxil olub. Beynəlxalq komissiyaların tövsiyələrinə əsasən yeni tədris məkanları, laboratoriya və texniki avadanlıqların alınması üzrə işlər aparılır ki, bu da xeyli vəsait tələb edir. Keçən il dövlət tərəfindən tələbələrin təhsil haqqı üçün ayrılmış vəsaitin universitetin sərəncamında olmaması səbəbindən İT və digər avadanlıqların alınması mümkün olmayıb. Tələbələrə bu barədə tərəfimizdən məlumat verilib. Məlumat verildikdən sonra baş verən situasiyada günahkar universitet çıxarılır. Məsələ ilə bağlı universitetin aiddiyyəti təşkilatlara müraciəti hələ ki cavabsız qalır".

Universitetdən ümid etdiklərini bildiriblər ki, müvafiq təşkilatlar universitetin göstərdiyi xidmətlərə görə, onun haqqı olan vəsaiti ödəməklə, təhsilin fəaliyyətində istifadə etmək imkanına da sahib olacaq.

"Hazırda Elm və Təhsil Nazirliyi, eləcə də Maliyyə Nazirliyi ilə əlaqədəyik və geri dönüş gözləyirik. İctimaiyyətə gedişat barədə məlumat veriləcək".

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən isə "Report"a bildirilib ki, dövlət sifarişi əsasında təhsil alan tələbələrdən hər hansı formada ödəniş tələb olunması qanunvericiliyə ziddir.

"Belə tələbələrin təhsil xərcləri dövlət büdcəsi hesabına qarşılanır və bununla bağlı hər hansı maliyyə yükü tələbənin üzərinə qoyula bilməz.

Bu baxımdan, təhsil müəssisəsinin özəl statusu dövlət sifarişi əsasında qəbul olunmuş tələbələrin maliyyələşdirilməsi ilə bağlı dövlət tərəfindən müəyyən edilmiş hüquqi rejimi dəyişmir. Təhsil müəssisəsinin daxili maliyyə planlaşdırması, ayrılmış vəsaitin idarə olunması, yaxud ilin sonuna istifadə olunmamış vəsaitlə bağlı yaranmış hallar tələbələr üçün əlavə öhdəlik yaratmır. Universitet tərəfindən maliyyə məsələlərinin düzgün tənzimlənməməsinin nəticəsinə görə tələbə cavabdeh deyil.

Məsələ ilə bağlı aidiyyəti ali təhsil müəssisəsinin müraciətinə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılıb və rəsmi qaydada cavab verilib. Bildirilib ki, "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 19.5-ci maddəsinə əsasən, ilin sonunda istifadə olunmamış və vahid xəzinə hesabına köçürülmüş vəsaitin geri qaytarılması Elm və Təhsil Nazirliyinin səlahiyyətləri çərçivəsində mümkün deyil".
Избранный
13
13
azadmedia.az

10Источники