RU

Dəhşətə gəldim, onun susqunluğu... - Polad Həşimovun xanımı döyüş xatirələrini paylaşdı

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun xanımı Ofelya Salmanova Aprel döyüşləri ilə bağlı təsirli xatirələrini bölüşüb.

Ölkə.Az-ın məlumatına görə, o bildirib ki, Aprel döyüşləri Azərbaycan ordusunun öz gücünü ortaya qoyduğu həqiqi mübarizənin və böyük qələbənin ilk carçısı idi. Aprelin 1-dən 2-nə keçən gecə başlayan döyüşlər cəmi dörd gün davam edib.

Salmanova müharibənin iki səhnəsi olduğunu qeyd edib:

“Biri ön səhnədir – odlu-alovlu, müharibə qoxulu. Neçə-neçə igidin qan tökdüyü, dostların, qardaşların bir-birinin gözünün içinə baxaraq, bəlkə də son vəsiyyətlərini edərək can verdiyi, son saniyələrin sayıldığı bir səhnə. Müharibə – dəhşətdir.

Bir də müharibənin arxa səhnəsi var – asmada qalan ümidlər, yollarda qalan gözlər, bir xəbərin gəlməsi ümidi ilə üzülən ürəklər… Mən bunların hamısını yaşamışam. Hətta bu yazını belə göz yaşları içində, əlim əsə-əsə yazıram. Sanki Poladdan 2016-cı ilin bu günlərində bir xəbər gəlsin deyə keçirdiyim hissləri yenidən yaşayıram. Fərq ondadır ki, o vaxt gələcəyinə ümid var idi, bu gün isə yox”.

Onun sözlərinə görə, hadisələrdən əvvəlki günlərdə Polad Həşimov tez-tez evə gəlir, qısa müddət qalıb yenidən gedirdi:

“Martın son günləri idi. Polad Həşimov gün ərzində dəfələrlə evə gəlir, beş-on dəqiqə dayanırdı. Bəzən danışır, bəzən isə heç nə demirdi. Uşaqlarla zarafatlaşır, tez gedir, sonra yenə qayıdırdı. Əlbəttə, onlar bilirdilər ki, müharibə başlayacaq. Bizdən nigaran idi. Axı insanın vətəni evindən başlayır. Nə döyüşlər haqqında deyə bilirdi, nə də gedə bilirdi”.

Aprelin 1-dən 2-nə keçən gecə evdə olmadığını deyən Salmanova həmin anları belə xatırlayıb:

“Qapı və pəncərələrin şiddətlə silkələnməsi ilə oyandım. Əvvəl elə bildim zəlzələdir. Uşaqlara baxdım. Amma güclü titrəyişlər hələ də davam edirdi”.

O qeyd edib ki, cəbhə bölgəsində yaşadıqları üçün müharibənin təsirini daha yaxından hiss edirdilər:

“Mən ilk gündən Polad Həşimovla birlikdə cəbhə bölgəsində yaşamışam. Atəşkəs rejimi demək olar ki, hər gün pozulurdu. Amma mən müharibənin səsini o günə qədər eşitməmişdim. Müharibənin həqiqi üzünü isə dörd ildən sonra Tovuz döyüşlərində görəcəkdim…

Biz Bərdə rayonunda yaşayırdıq. Polad Həşimov 1-ci Ordu Korpusunun Komandir müavini, Qərargah rəisi vəzifəsində çalışırdı. Yəni cəbhə bizə çox yaxın idi. Hələ xəstəxanaya yaralı əsgər və zabitləri daşıyan təcili yardım maşınlarının səsini demirəm. Hər maşın keçəndə ürəyimizdən sanki bir tel qırılırdı. O maşınlar kiminsə əzizini, Vətənin isə bir qəhrəmanını daşıyırdı”.

Dörd gün ərzində ondan xəbər ala bilmədiklərini deyən Salmanova yalnız aprelin 4-də gələn zəngi belə xatırlayıb:

“- Salam, necəsiniz? Mən yaxşıyam, narahat olmayın.

Bu üç-dörd kəlmə söz belə mənə bəs idi. O sağ idi, vəssalam”.

Onun sözlərinə görə, Polad Həşimov döyüşlərdən təxminən 20 gün sonra evə qayıdıb:

“Gələcəyini bilirdik. Yolun başında dayanıb gözləyirdik. Uzaqda maşın dayananda uşaqlar hay-harayla qabağına qaçdılar.

Onu ilk dəfə idi ki, bu qədər yorğun görürdüm. Həmişə dik olan qamətinin arxasında səssiz bir hüzn görünürdü. Həyətdə əyləşdi. Başı aşağı, gözlərini bir nöqtəyə dikib dəqiqələrlə danışmadı. Biz də başına yığışıb nə vaxt danışacağını gözləyirdik.

Xeyli susdu. Sonra başını qaldırıb dedi:

Heyf… İki aya torpaqları işğaldan azad edə bilərdik”.

Salmanova bildirib ki, bu sözlər onun vətən sevgisinin nə qədər böyük olduğunu bir daha göstərib:

“Dəhşətə gəldim. Bu nə vətən sevgisi, bu nə torpaq sevgisi, bu nə fədakarlıq, bu nə qətiyyət idi! Sən demə, onun susqunluğu və yorğunluğu ağır döyüşlərdən çıxmağına görə deyilmiş. Ruhu hələ də düşmənin nəzarətində qalan vətən torpaqlarında imiş. Bir də itirdiyi əsgər balalarının, zabit qardaşlarının son baxışlarında”.

O vurğulayıb ki, Polad Həşimov və onun kimi hərbçilər son qarış torpaq azad olunana qədər dayanmayacaqlar:

“Elə o an bir daha anladım ki, nə Polad Həşimov, nə onun yetirməsi olan zabit və əsgərlər, ümumiyyətlə Azərbaycanın qeyrətli oğulları dayanacaq – son qarış Vətən torpağı azad olunana qədər”.

Qeyd edək ki, Aprel döyüşləri zamanı Polad Həşimov Tərtər istiqamətində gedən döyüşlərə nəzarət edib. Bu döyüşlərdə Talış istiqamətində yerləşən strateji yüksəkliklər azad olunub və bölgədə yaşayan əhali uzun illərdən sonra daha təhlükəsiz şəraitə qovuşub.

Aprel döyüşlərində göstərdiyi xidmətlərə görə Prezident İlham Əliyev tərəfindən o, “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Talış yüksəkliklərindəki postlardan birinə isə “Polad postu” adı verilib.

Избранный
32
50
olke.az

10Источники