RU

Alimlərin fəaliyyətinin yeni meyarlarla qiymətləndirilməsi elmin inkişafına stimul verəcək

Bakı, 2 aprel, AZƏRTAC

AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Akademiyanın Rəyasət Heyətində müşavirə keçirilib.

Akademiiyadan AZƏRTAC-a bildirilib ki, müşavirədə əvvəlcə AMEA-da Elm Günü ilə əlaqədar keçiriləcək tədbirə hazırlıq məsələsi müzakirə olunub.

Akademik İsa Həbibbəyli qeyd edib ki, builki mərasimdə kitab və elmi nailiyyətlər sərgisinin təşkili, müvafiq təqdimatlar, həmçinin süni intellekt texnologiyalarından istifadə etməklə hazırlanmış və yeni reallıqları əks etdirən materialların nümayişi nəzərdə tutulub.

Mövzu ətrafında aparılan müzakirələrdən sonra akademik İsa Həbibbəyli tədbirin yüksək səviyyədə keçirilməsi məqsədilə müvafiq tövsiyə və tapşırıqlarını çatdırıb.

Müşavirədə müzakirəyə çıxarılan növbəti məsələ AMEA-da əməkdaşların elmi-tədqiqat fəaliyyətinin qiymətləndirilməsi meyarları haqqında olub.

Akademik İsa Həbibbəyli bildirib ki, AMEA-da uzun illər ərzində elmi fəaliyyətin qiymətləndirilməsi plan işlərinin icrası əsasında aparılıb. Hazırda isə elmi-tədqiqatlara görə fəaliyyətin qiymətləndirilməsinin müxtəlif indikatorlar və nominasiyalar üzrə bal sistemi əsasında dəyərləndirilməsinə keçid üçün Akademiyada hazırlıq işlərinə başlanılıb. Bu mexanizmin növbəti ildən etibarən tətbiq edilməsinin nəzərdə tutulduğunu diqqətə çatdıran akademik vurğulayıb ki, alimlərin çoxşaxəli fəaliyyətinin yeni dəyərləndirmə modeli ilə müəyyənləşdirilməsi elmi tədqiqatların real qiymətləndirilməsinə töhfə verəcək.

Məsələ barədə geniş fikir mübadiləsi aparılıb, nəzərdə tutulan müvafiq meyarlar dəyərləndirilib.

Müzakirələrdə akademiklər Rasim Əliquliyev, Dilqəm Tağıyev, Gövhər Baxşəliyeva, Arif Həşimov, filologiya elmləri doktoru Sərxan Xavəri, filologiya üzrə fəlsəfə doktoru Arzu Məmmədxanlı və başqaları çıxış ediblər.

Müşavirədə alim əməyinin yeni metodlarla qiymətləndirilməsi meyarlarının Rəyasət Heyətinin, institutların Elmi şuralarının iclaslarında və digər növbəti mərhələlərdə də müzakirəyə çıxarılması qərara alınıb.

Избранный
4
3
azertag.az

7Источники