RU

Bakıda idman zalları və mağazalarda qanunsuz qida əlavələrinin satışı aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin Bakı şəhərində idman qidalarının satıldığı mağaza və idman zallarında keçirdiyi monitorinq zamanı 17 müəssisədən 16-sının idman qida məhsullarının satışının həyata keçirildiyi halda qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, həmçinin bəzi məhsulların icazə sənədi olmadan və Azərbaycan dilində etiket məlumatı olmadan satışa çıxarıldığı müəyyən edilib.

Mövzu ilə bağlı Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli QHT.az-a açıqlama verib və ölkəyə idxal olunan sağlamlıq məhsulları, xüsusilə qida əlavələri ilə bağlı mövcud vəziyyətə münasibət bildirib.

İlqar Hüseynli bildirib ki, Azərbaycana əsasən sağlamlıqla bağlı iki tip məhsul idxal olunur: Dərman preparatları və qida əlavələri. Onun sözlərinə görə, qida əlavələrinin ölkəyə buraxılması üçün müvafiq dövlət qurumlarının laborator müayinələrindən keçməsi zəruridir.

İ.Hüseynlinin sözlərinə görə, qida əlavələrinin hər biri əvvəlcə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Mərkəzi Analitik Laboratoriyasında analiz olunur və uyğunluq sertifikatı alır. Bundan sonra isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən əlavə laborator müayinələr və tətbiq analizləri aparılır, müvafiq sertifikat təqdim edilir. Məhz bu sertifikatlar əsasında məhsulların satışına və istifadəsinə icazə verilir.

Sədr vurğulayıb ki, bəzi hallarda müəyyən idman müəssisələri kiçik partiyalar şəklində qida əlavələrini şəxsi qaydada xarici ölkələrdən gətirə bilirlər. Onun fikrincə, belə məhsulların bəzən sağlamlıq üçün təhlükəsiz olması mümkün olsa da, risk ehtimalı da istisna edilmir.

“Əgər o bu prosedurları keçməyibsə, həmin məhsullar qaçaqmalçılıq yoluyla ölkəyə daxil olmuş sayılır və bununla da əlaqədar tədbirlər həyata keçirilməlidir, reydlər olunmalıdır” – deyə İlqar Hüseynli qeyd edib.

İlqar Hüseynli əlavə edib ki, bəzi məhsullar sanitar normalara cavab verməyən, qeyri-rəsmi kiçik sexlərdə istehsal edilərək ölkəyə gətirilə bilər. Bu isə həm qanunvericilik, həm də vətəndaşların sağlamlığı baxımından ciddi risklər yaradır.

Sədrin sözlərinə görə, xüsusilə idmanla məşğul olan şəxslərin belə qida əlavələrindən istifadəsi sağlamlığa mənfi təsir göstərə bilər.

“İdmanla məşğul olan insanlar o qida əlavələrindən istifadə etdikdə onların sağlamlığına da mənfi təsir göstərmiş ola bilər” – deyə o bildirib.

Fatimə Nəbiyeva

Избранный
65
qht.az

1Источники