RU

Az yeyib kökələnlər üçün xəbərdarlıq - Çəki artımının gizli səbəbləri



“Az yeyirəm, amma yenə də kökəlirəm” deyənlərin sayı az deyil. Mütəxəssislər bildirir ki, bu hal sadəcə qida miqdarı ilə bağlı deyil və çəki artımının arxasında bir sıra gizli faktorlar dayanır.

Ən çox rast gəlinən səbəblərdən biri düzgün olmayan qidalanmadır. İnsan az yediyini düşünsə də, qəbul etdiyi qidaların kalori dəyəri yüksək ola bilər. Eyni zamanda sürətli nəticə vəd edən sərt pəhrizlər maddələr mübadiləsini zəiflədir, əzələ itkisinə səbəb olur və sonradan çəki artımını sürətləndirir.

Yuxu rejimi də mühüm rol oynayır. Gündə 5 saatdan az yatmaq orqanizmdə hormon balansını pozur, bu isə yağ toplanmasını artırır. Uzunmüddətli stress zamanı ifraz olunan hormonlar da maddələr mübadiləsini ləngidir və xüsusilə qarın nahiyəsində piylənməyə səbəb olur.

Yaş artdıqca əzələ kütləsi azalır və orqanizmin enerji sərfi aşağı düşür. Hərəkətsiz həyat tərzi, gün ərzində az fiziki aktivlik də eyni nəticəyə gətirib çıxarır. Bundan əlavə, qadınlarda menopauza dövründə hormonal dəyişikliklər çəki artımını sürətləndirə bilər.

Bəzi sağlamlıq problemləri də bu vəziyyətə təsir edir. Qalxanabənzər vəzinin zəif fəaliyyəti, insulin müqaviməti, hormonal pozuntular və polikistik yumurtalıq sindromu kimi hallar az qidalanmaya baxmayaraq çəki artımına səbəb ola bilər.

Nəticə olaraq, çəki artımı hər zaman çox yeməklə bağlı deyil. Bəzən əsas səbəb hormon balansı, yuxu rejimi, stress və həyat tərzində gizlənir.

aia.az
Tərcümə şöbəsi



Избранный
23
aia.az

1Источники