RU

Gərginliyi daha da artıracaq – şok proqnoz

“Vaxtilə Ermənistanın Avropa İttifaqına meylini Rusiyada belə qiymətləndirmişdilər: “Bu durumu “bir ərindən boşanmamış, başqa ər axtaran qadına” bənzətmişdilər. Bu gün Putin siyasi və yumşaq dillə eyni şeyi deyir”.

Ermənişünas alim, siyasi şərhçi Qafar Çaxmaqlı bu fikirləri Musavat.com-a açıqlamasında bildirdi. İrəvanla Moskva arasındakı münasibətlərdən, həmçinin sonuncu Paşinyan-Putin görüşündən bəhs edən ekspert münasibətlərdən bəhs edərkən bir sıra maraqlı məqamlara toxundu: "Bu, Ermənistanın apardığı “çoxvektorlu”, “balanslaşdırılmış” siyasət deyil, qarşısındakını aldatmaq cəhdidir. Bunu Rusiyada yaxşı başa düşürlər ki, Ermənistan vaxt qazanmağa çalışır. Paşinyan seçki ərəfəsində Rusiyanın müdaxiləsindən qorxur. Avrasiya İqtisadi Birliyi ilə Ermənistanın ticarət həcmi son illər bir neçə dəfə artıb və əgər bu ittifaqdan uzaqlaşarsa, ağır vəziyyətə düşə bilər".

Q.Çaxmaqlı əlavə etdi ki, N.Paşinyanın Rusiyaya səfərinin əsas məqsədlərindən biri də Rusiyanın Ermənistandakı təsir imkanları ilə bağlıdır: “Faktiki Rusiyanın mülkiyyəti olan Ermənistan dəmiryolları məsələsi müzakirə edilən məsələlərdən biridir. Rusiyanın icazəsi olmadan bir relsi belə dəyişdirməyə ixtiyarı olmayan Ermənistan TRİPP layihəsini həyata keçirə bilməz”. Ermənişünas alim onu da bildirdi ki, Rusiyanın Ermənistana təzyiq vasitələri yalnız bu deyil: “Seçkilər dövründə Paşinyanı məğlub duruma gətirmək istədiyi qüvvələri də unutmaq olmaz. Artıq Köçəyan – Karapetyan - Tsarukyan proyekti işə salınıb. Bunlar Ermənistanın baş nazirinə ehmalca başa salınıb. Ermənistanın həm Aİ , həm də Avrasiya İqtisadi Birliyində ola bilməyəcəyi açıqca bildirilib”.

Q.Çaxmaqlı əmindir ki, Ermənistan Rusiyaya qarşı dirənərsə, daha sərt ritorika ilə qarşılıq veriləcək: “Rusiyanın bu yanaşması ölkə içərisində seçkilərlə bağlı yaranan gərginliyi daha da artıracaq. Rusiya Ermənistan üzərindən regiondakı geosiyasi durumu öz xeyrinə dəyişdirməyə çalışacaq. Rusiyanın Ermənistanı itirmək kimi bir niyyətinin olmadığı aşkar görünməkdədir”.

E.Paşasoy,
Musavat.com

Избранный
85
1
musavat.com

2Источники