RU

Bayram günləri əyləncə, xoş əhval fürsəti idi

ain.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

11 gün bayram oldu… İnsanların dincəlməsi, şəhərin canlanması, qonaqların axını üçün nadir bir Iürsət düşmüşdü. Elə isə Gəncə və Gəncəbasar bu 11 gündə necə görünürdü?

Çal-çağırlı, hamıya gəl-gəl deyən, park və xiyabanlarda əyləncələr, idman yarışları, məktəblilərin əl işlərindən ibarət sərgi-satışlar, görməli yerlərə ekskursiyalar. Beləmi görünürdü" Yox, elə buradaca saxlayaq. Çünki bunların heç biri olmadı. Bəs nə oldu, nə var idi? 

Sükut. Dəqiq desək, kompası olmayan və “hara gedək"” sualı ilə təkbətək qalan insanlar var idi…

 Gəncədə bu işlərə bilavasitə məsuliyyət daşıyan 4 əsas regional idarə var: mədəniyyət, təhsil, gənclər və idman, bir də turizm. Əslində, bayram günləri mədəniyyətin ən çox görünməli olduğu vaxtdır. Parklar dolmalı, musiqilər səslənməli, teatr tamaşaları göstərilməli və bunun üçün səhnələr qurulmalı idi. Sistemli konsert proqramları yox idi. Açıq hava tədbirləri ya yox səviyyəsində idi, ya da epizodik. 

İstər-istəməz sual yaranır: görəsən mədəniyyət idarəsi bu 11 günü əvvəlcədən planlaşdırmayıbmı" Planlaşdırıbsa, hanı?

Yaxud təhsil idarəsi. Əslində, elə bir fəaliyyəti ilə diqqət çəkmir, məktəblərdə problemlər, nöqsanlar kifayət qədərdir. Heç olmasa, bu 11 gündə desəydi ki, “mən də varam”, yenə dərd yarı idi. Bu müddətdə məktəblilər üçün ekskursiyalar təşkil oluna bilərdi, intellektual oyunlar, açıq dərslər keçirilə bilərdi. 

Bəs Gənclər və İdman? Potensialdan niyə istifadə olunmadı? Axı Gəncə gənclər şəhəridir. Amma nə olsun, bayram günlərində açıq turnirlər olmadı. Kütləvi idman aksiyaları görünmədi. Gənclər üçün elə bir cəlbedici tədbirlər təşkil edilmədi…

 Bayram turizm üçün də qızıl dövrdür. Göygöl, Naftalan kimi məkanlara yaxınlıq böyük üstünlükdür. Amma şəhər turları yox idi, turistlər üçün informasiya çatışmırdı, istiqamətləndirici proqramlar görünmürdü. Bilirsiniz niyə belə olur? Çünki bu regional idarələr olsa da, ortada vahid proqram yoxdur, bir-birini tamamlayan tədbirlər yoxdur, şəhər üzrə ümumi “bayram strategiyası” yoxdur. Belə olanda idarələr “işləyir” kimi görünür, amma nəticə yoxdur. Bəli, bu 11 gün insanların sosial həyatı üçün imkan idi. Gəncənin və Gəncəbasarın imici üçün şans idi…

 Amma bu imkanlar ya görülmədi, ya da dəyərləndirilmədi. Təəssüf. Ona görə təəssüf ki, bu artıq sadəcə “çatışmazlıq” deyil, idarəetmə problemi, məsuliyyət məsələsidir.

Hamlet QASIMOV

XQ-nin Gəncəbasar müxbiri

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
3
1
xalqqazeti.az

2Источники