RU

Taksilərin icbari sığorta xərcləri artırılır: Qiymətlər bahalaşacaq?

Azərbaycanda taksilərin icbari sığorta xərcləri artırılır.

Belə ki, "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində Qaydalar"a dəyişikliklər təsdiq edilib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Bildirilir ki, avto-icbari sığorta növü üzrə sığorta haqları avtonəqliyyat vasitəsinin istismarı zamanı üçüncü şəxslərin əmlakına və səhhətinə zərər vurma ehtimallarını əhatə edən risk amillərinə əsaslanan əmsallar tətbiq olunmaqla müəyyən olunur:

“Təyinatı sərnişin daşımaları üçün müəyyən edilən taksi avtonəqliyyat vasitələrinin mütəmadi və intensiv yol hərəkətində istifadəsi bu sahədə hadisələrin başvermə tezliyinin yüksək olması nəticəsində qəza riskinin artmasına səbəb olur.

Aparılan təhlillər şəxsi məqsədlərlə istifadə olunan avtonəqliyyat vasitələrinə münasibətdə sərnişin daşımalarında istifadə olunan taksi avtonəqliyyat vasitələrinin üçüncü şəxslərin əmlakına və səhhətinə zərər vurma ehtimallarının yüksək olmasını göstərib.

Qeyd olunan amillər taksi fəaliyyətində istifadə olunan nəqliyyat vasitələrinə münasibətdə xüsusi əmsalların tətbiq edilməsi zərurətini yaradıb.

Təhlillərə və uğurlu beynəlxalq təcrübələrə əsaslanaraq təsdiq edilmiş dəyişikliklər sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinə münasibətdə fərqli risk əmsallarının tətbiq olunmasını əhatələndirir.

Nəzərdə tutulan dəyişikliklər nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortasının risklərə daha adekvat şəkildə müəyyənləşdirilməsinə, sürücülük intizamının artırılmasına və üçüncü şəxslərin səhhətinə və əmlakına zərər dəyməsi zamanı təkmil sığorta xidmətlərinin göstərməsinə, bütövlükdə isə sosial rifahın sabitliyinin qorunmasına xidmət edir”.

Taksilərin icbari sığorta xərclərinin artırılması bu ximət növündə qiymətlərin bahalaşmasına səbəb olacaqmı?

Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev “Cebheinfo.az”-a bildirib ki, "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində Qaydalar"a edilən dəyişikliklər və taksilər üçün sığorta xərclərinin artırılması ümumilikdə bazarda risklərin daha real qiymətləndirilməsi kimi dəyərləndirilə bilər:

“Çünki taksi fəaliyyəti ilə məşğul olan avtomobillər adi minik nəqliyyat vasitələrinə nisbətən daha intensiv istifadə olunur, gün ərzində daha çox hərəkətdə olur və nəticədə qəza ehtimalı da yüksək olur.

Bu baxımdan, sığorta haqqının artırılması sığorta sisteminin maliyyə dayanıqlığını təmin etmək və mümkün zərərlərin qarşılanmasını daha effektiv etmək məqsədi daşıyır.  Lakin bu qərarın iqtisadi tərəfi də nəzərə alınmalıdır. 

Çünki sığorta xərclərinin artması taksi sürücüləri və xidmət göstərən şirkətlər üçün əlavə maliyyə yükü yaradır və bu yükün müəyyən hissəsinin son nəticədə istehlakçıya ötürülməsi ehtimalı kifayət qədər realdır. 

Xüsusilə də bazarda fəaliyyət göstərən sürücülərin gəlirlilik səviyyəsi aşağıdırsa və ya digər xərclər – yanacaq, texniki xidmət, ehtiyat hissələri və platforma komissiyaları paralel şəkildə artırsa, bu zaman taksi tariflərinin mərhələli şəkildə yüksəlməsi mümkündür. 

Bununla belə, qiymətlərin formalaşması yalnız bir amildən asılı deyil və bazarda rəqabət mühiti, alternativ nəqliyyat imkanları və dövlət tənzimləmələri də mühüm rol oynayır. 

Buna görə də qısa müddətdə kəskin qiymət artımı gözlənilməsə də, orta və uzun müddətdə bu dəyişikliklərin taksi xidmətlərinin qiymətlərinə müəyyən təzyiq göstərməsi və artım meyili yaratması istisna olunmur.

Ümumilikdə isə bu addım həm təhlükəsizliyin artırılması, həm də sığorta sistemində balansın qorunması baxımından əsaslandırılsa da, bazara təsiri baxımından diqqətlə izlənilməli olan bir qərar kimi qiymətləndirilə bilər”.

Избранный
27
6
cebheinfo.az

10Источники