
AFFA prezidenti Rövşən Nəcəf Qurban Qurbanovun iclaslarda iştirak etməməsinin səbəbini açıqlayıb.
“Qurban Qurbanov qrafik sıxlığından iclaslarda iştirak etmir, amma onunla daim əlaqədəyik. Demək olar ki, bütün mövzularda fikirlərini bildirir. Bu gün AFFA-nın hesabatını İK-nın hesabı kimi qəbul edə bilərik. İcraiyyə Komitəsi ilə daim əlaqədəyik, rəsmi görüşlər olmadan da fikir mübadilələri aparırıq. Qurban Qurbanov uşaq futbolunun inkişafı haqda dəyərli fikirlərini bizimlə bölüşür. Oyunları olanda da bizimlə danışır, öz təkliflərini irəli sürür. İK-nin bütün üzvlərinə təşəkkür edirəm ki, çox rəngarəng təkliflər edirlər. Azərbaycan futboluna xidmət edəcək qərarları müzakirə edirik” - deyə Rövşən Nəcəf bildirib.
***
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov AFFA-nın hesabat konfransına qatılmayıb.
AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, İcraiyyə Komitəsinin üzvü olan məşqçi ardıcıl ikinci ildir ki, bu tədbirdə iştirak etmir. Xatırladaq ki, çalışdırıcı ötən il də keçirilən hesabat konfransına qatılmamışdı. AFFA-dan bildirilmişdi ki, Q.Qurbanov komandasının “Kəpəz”ə qarşı keçirəcəyi oyuna görə Tovuza yollandığı üçün iclasda iştirak etməyib.
Qurban Qurbanov həmçinin İcraiyyə Komitəsinin iclaslarına qatılmamaqla da gündəmə gəlmişdi. Lakin o, sonuncu komitə iclasında iştirak etmişdi. Peşəkar yanaşma və qrafik uyğunsuzluğu bu məsələdə əsas amil kimi göstərilir.
Qeyd edək ki, bu gün “Qarabağ” Azərbaycan Kubokunun 1/2 finalında “Sabah”la qarşılaşacaq. Məhz bu mühüm oyunun hazırlıqları təcrübəli mütəxəssisin tədbirdə iştirakını qeyri-mümkün edib.