RU

Qarabağa qayıdış və mina təmizləmə işləri paralel şəkildə aparılır - Vüqar Əhmədov

Sabah 4 Aprel – Mina Təhlükəsi və Mina Təmizləmə üzrə Beynəlxalq Maarifləndirmə Günüdür. Ölkəmiz bu mövzuya xüsusi diqqət və qayğı ilə yanaşır, mina təhlükəsinin aradan qaldırılmasını dövlət siyasətinin ən vacib prioritetlərindən biri kimi müəyyənləşdirib.

Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov QHT.az-a açıqlamasında, mina təhlükəsinin işğaldan azad olunmuş ərazilərdə ən aktual humanitar məsələlərdən biri olaraq qaldığını bildirib.

Vüqar Əhmədov qeyd edib ki, Azərbaycan torpaqları işğaldan azad olunduqdan sonra mina təhlükəsi məsələsi daha geniş aktuallıq kəsb edən mövzuya çevrilib. Onun sözlərinə görə, hazırda dövlət qurumları, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları bu istiqamətdə fəal fəaliyyət göstərirlər.

Sədr vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzur azad olunduqdan sonra humanitar sahəyə ayrılan beynəlxalq vəsaitlərin əsas hissəsi minatəmizləmə işlərinə yönəldilir. O bildirib ki, bu sahədə ayrıca dövlət qurumu fəaliyyət göstərir, eyni zamanda yerli QHT-lər əhali arasında geniş maarifləndirmə tədbirləri həyata keçirirlər.

V.Əhmədovun sözlərinə görə, Qarabağa qayıdış prosesi ilə mina təmizləmə işləri paralel şəkildə aparılır və bu, müəyyən çətinliklər yaradır. O qeyd edib ki, indiyədək yüzlərlə Azərbaycan vətəndaşı mina qurbanına çevrilib.

“Qarabağa qayıdış prosesi və mina təmizləmə prosesi paralel şəkildə həyata keçirilir ki, bu da öz növbəsində ciddi çətinliklər yaradır” – deyə Vüqar Əhmədov bildirib.

Sədr əlavə edib ki, minaların tam təmizlənməsi uzun zaman tələb edən proses olsa da, bu, qayıdış prosesinin yubadılmasına səbəb olmamalıdır. Onun sözlərinə görə, məhz buna görə dövlət qurumları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları yerli əhali ilə sıx işləyir, vətəndaşların məlumatlandırılmasını davam etdirirlər.

Vüqar Əhmədov mina təhlükəsinin yalnız insan həyatı üçün deyil, həm də ətraf mühit üçün ciddi risklər yaratdığını diqqətə çatdırıb. O bildirib ki, minalar torpaqların çirklənməsinə, əkinə yararlı sahələrdə işlərin aparılmasına maneələrin yaranmasına və ümumilikdə ekoloji tarazlığın pozulmasına səbəb olur.

“Minaların basdırılması torpaqların çirklənməsinə və ətraf mühitə çox böyük mənfi təsir göstərir” – deyə sədr qeyd edib.

Sonda V.Əhmədov vurğulayıb ki, Azərbaycan dövləti bütün çətinliklərə baxmayaraq, həm Böyük Qayıdış prosesini, həm də humanitar xarakter daşıyan minatəmizləmə fəaliyyətini fəal və uğurla davam etdirir.

Fatimə Nəbiyeva

Избранный
46
50
qht.az

10Источники