RU

Rəsul Mirhəşimli: Qəbir ziyarəti ölümü xatırladır və mənəvi məsuliyyət hissi qazandırır

ain.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

"İnsan qəbiristanlığa getməklə ölümü xatırlayır, öz davranışlarını yenidən nəzərdən keçirir və mənəvi məsuliyyət hissi qazanır".

Bunu Qaynarinfo-ya açıqlamasında araşdırmaçı jurnalist Rəsul Mirhəşimli müğənni Nura Surinin "qəbiristanlığa gedib ölünü ziyarət etmək mənə çatmır" fikirlərinə münasibət bildirərkən deyib. 

O bildirib ki, cəmiyyətdə populyar olan iki mövzu var ki, hər kəs ondan danışmağa çalışır:

"Bunlardan biri dini mövzulardır, o biri də siyasət. Bəzi insanlar özlərini fundamental dini biliklərin, geopolitikanın "dərin biliciləri" hesab edir.   Hər mövzu üzrə mütəxəssis rəyi əsas olduğu kimi, bu mövzular barədə bilənlər danışmalıdır. Diletant yanaşma, cəmiyyətin diqqətini çəkmək, sosial şəbəkələrdə hay-küy yaratmaq üçün necə gəldi danışmaq bəzi insanların həyat tərzinə çevrilib. Dini mövzular dərin araşdırma tələb edən, dini əhatəli şəkildə öyrənməklə onun barəsində nələrsə deməyin məsuliyyətini ortaya qoyur. Hər kəs mühəndislik, fizika və digər elmi sahələrdən danışa bilmədiyi kimi, dini mövzuları bilmədən danışmaq həmin insanların ciddiliyini şübhə altına salır”. 

Araşdırmaçı hesab edir ki, cəmiyyətdə geniş müzakirə olunan dini mövzuların səthi yanaşmalarla deyil, mənbələrə söykənən, məsuliyyətli və elmi əsaslandırılmış şəkildə təhlil edilməsi zəruridir:

"Bu baxımdan İslamda qəbir ziyarətləri məsələsi həm Qurani-Kərimin ümumi prinsipləri, həm də Peyğəmbər hədisləri çərçivəsində diqqətlə araşdırılmalı olan mövzulardandır. Mövzu ətrafında formalaşan müxtəlif yanaşmaların bir qismi ənənəvi praktikaya, digər qismi isə mətnlərin zahiri mənasına əsaslandığından, burada balanslı və mənbələrə əsaslanan yanaşma xüsusi əhəmiyyət kəsb edir. Qurani-Kərimdə qəbir ziyarəti birbaşa əmr və ya qadağa formasında geniş şəkildə təsbit olunmasa da, ölüm, axirət həyatı və insanın faniliyi ilə bağlı çoxsaylı ayələr mövcuddur. Bu ayələr insanı düşünməyə, öz aqibətini dərk etməyə və dünya həyatının müvəqqəti olduğunu anlamağa çağırır. Məhz bu baxımdan qəbir ziyarəti dolayısı ilə Qurani-Kərimin bu ümumi çağırışlarına uyğun bir əməl kimi qiymətləndirilə bilər. Peyğəmbərimiz Hz.Məhəmmədin (s) "Qəbirləri ziyarət edin, çünki bu sizə axirəti xatırladır” hədisi bu məsələdə əsas istinad nöqtələrindən biridir. Bu yanaşma göstərir ki, qəbir ziyarətinin əsas məqsədi ölülərdən nəsə istəmək deyil, diri olanların ibrət almasıdır. Bu fərq İslam teologiyasında olduqca mühüm hesab olunur”. 

Rəsul Mirhəşimli əlavə edib ki islam ənənəsində qəbir ziyarəti ilə bağlı formalaşmış bəzi vərdişlər isə müxtəlif regionlarda fərqli çalarlar alıb: 

"Bəzi hallarda insanlar qəbir üzərində müəyyən rituallar icra edir, ölülərdən yardım diləyir və ya onları vasitəçi kimi qəbul edirlər. Bu kimi yanaşmalar bir çox alimlər tərəfindən tənqid olunur və tövhid prinsipinə zidd hesab edilir. Çünki İslamın əsas prinsipi yalnız Allaha ibadət etmək və Ondan yardım diləməkdir. Bu baxımdan qəbir ziyarətinin məqsəd və forması arasında ciddi fərq qoyulmalıdır. Digər tərəfdən, qəbir ziyarəti zamanı dua etmək, mərhumun bağışlanması üçün Allahdan rəhmət diləmək İslam ənənəsində qəbul edilən və təşviq olunan davranışdır. Bu, həm dini mətnlərə, həm də əsrlər boyu formalaşmış fiqhi yanaşmalara uyğundur. Burada əsas məqam dua və ibadətin istiqamətinin yalnız Allaha yönəlməsidir”. 

Rəsul Mirhəşimli vurğulayıb ki, İslamda qəbir ziyarəti nə tamamilə rədd edilən, nə də qeyd-şərtsiz qəbul olunan bir praktika kimi dəyərləndirilə bilər:

"Onun mahiyyəti və icra forması dini mənbələrə uyğun şəkildə müəyyən edilməlidir. Qurani-Kərimin ümumi prinsipləri və hədislərin konkret izahları göstərir ki, qəbir ziyarəti insanın mənəvi tərbiyəsi, axirəti xatırlaması və ölülər üçün dua etməsi məqsədi daşıdıqda məqbul sayılır. Lakin bu ziyarətlərin müxtəlif xurafat elementləri ilə yüklənməsi və ya dini baxımdan əsaslandırılmamış rituallara çevrilməsi İslamın əsas ideyalarına uyğun gəlmir. Bu səbəbdən mövzuya yanaşmada həm dini bilik, həm də tənqidi düşüncə vacibdir”. 

Qeyd edək ki, müğənni Nura Surinin "qəbiristanlığa gedib ölünü ziyarət etmək mənə çatmır" fikirləri böyük müzakirəyə səbəb olub. Müğənni bildirib ki, ölümündən sonra insanların onun üçün ağlayıb-ağlamamasının və ya ziyarətə gəlib-gəlməməsinin onun üçün əhəmiyyəti yoxdur:

"Ən əziz insanım nənəm olub, artıq rəhmətə gedib. Yadıma gəlmir ki, sonuncu dəfə nə vaxt qəbir üstünə ziyarətə getmişəm. Mənə çatmır ki, ora getmək torpağa qarışmış insana nə verir? Başqa dünya varsa, o artıq oradadır. Mən qəbir üstünə getməklə nə etmək istəyirəm ki? Nənəmin şəkli mənim yatağımın yanındadır. Öləndən sonra kimsə gəldi-gəlmədi, ağladı-ağlamadı - bunlar məni maraqlandırmır. İnsanların fikrinə o qədər də önəm vermirəm. Həyatımda baş verən yaxşı və ya pis hadisələrdə həmin danışan insanların heç bir rolu yoxdur". 

Bahar Rüstəmli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
23
1
qaynarinfo.az

2Источники